Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3142/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı "xxxx" ASC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3142/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş,əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər, yaş və 25 illik staj şərtləri olmasına baxmayaraq, filial tərəfindən ona pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 16 iyul 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 23 il 5 ay təşkil edir. Belə ki, araşdırma zamanı müəssisə tərəfindən 1998-1999-cu illər üzrə əmək haqqı təqdim edilməmiş, 2000-2005-ci illərdə isə qismən öz hesabına məzuniyyətlərdə olmağı qeyd edilmişdir. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmamışdır. Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin imtina cavabı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir və onun konstitusion sosial təminat hüquququnun pozulması kimi qiymətləndirilməlidir. Onun əmək kitabçasında uşağa qulluğa görə sosial məzuniyуətdə olduğu dövrdə nəzərə alınmaqla 25 il, 11 ay, 10 günlük stajı vardır. Lakın, 1996-cı il tarixdən 2000-ci il tarixədək analıq məzuniyyətində olduğu dövrü ona staj kimi saymayıblar. İdarənin imtina məktubunda səbəb kimi həmin dövrlərin 1998-1999-cu illər üzrə, yəni onun sosial məzuniyyətdə olduğu dövrdə əmək haqqı təqdim edilmədiyi göstərilmişdir. Həmin dövrlərdə o uşağa qulluğa görə sosial məzuniyyətdə olmuşdur. Qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1993-cü il tarixli qanunun 67-ci maddəsi ilə ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq staja daxil edilirdi. Belə olan halda ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq olan dövrün staja daxil edilməməsi qanunsuz və əsassızdır. İşlədiyi təşkilat ciddi təşkilat olmaqla məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəmişlər. Bununla bağlı məlumatların İdarə tərəfindən əldə edilə bilməməsi və ya arxivdə müvafiq sənədlərin olmamasında onun vətəndaş olaraq təqsiri yoxdur və nəticə etibarı ilə bu hal onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki, əmək fəaliyyətini təsdiq edən və sosial sığorta stajını sübüt edən sənəddə, yəni əmək kitabçasında bu barədə qeydlər aparılmış və möhürlədə təsdiq edilmişdir. İdarənin imtina cavabı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir və onun konstitusion sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu barədə o İdarənin tabe olduğu Dövlət Sosial Müdafiə fondunun rəhbərliyinə müraciət etsə də həmin orqandan daxil olan cavab məktubunda İdarənin 16 iyul 2020-ci il tarixli məktubuna istinad edilməklə cavab verilmişdir. Əmək pensiyası hüquqlarının pozulması onu gətirib çıxarır ki, o heç vaxt işləməyən, heç bir gün olsa belə stajı olmayan şəxs kimi pensiyaya nisbətən az məbləğdə olan sosial müavinət almaq məcburiyyətində olur. Sonda iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin nümayəndəsi X6 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İcraat materiallarından müəyyən olunduğu kimi iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçının pensiya hüququ 15.09.2019-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Müvafiq olaraq "xxxx" ASC-yə 08.01.2021-ci il tarixli **********9 nömrəli sorğu göndərilmişdi. "xxxx" ASC-nin 01.04.2021ci il tarixli 00/08 nömrəli məktubu ilə iddiaçı M.Xasıyevanın şəxsi uçot vərəqələrinin surəti və 2000-ci il tarixdən 2004-cü il tarixədək olan dövrlər üzrə əməkhaqqı cədvəlləri təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi iddiaçı 02.07.1993-cü il tarixdən 03.04.2000-ci il tarixədək ardıcılılıqla analıq məzuniyyətində olmuşdur. Lakin, əməkhaqqı cədvəlindən müəyyən olunur ki, iddiaçı 2000-ci ilin yanvar ayında 181363 manat əməkhaqqı almışdır. Bundan başqa əməkhaqqı cədvəllərinə əsasən iddiaçı 2000-ci il tarixdən 2004- cü il tarixədək bəzi aylar üzrə əməkhaqqı almış, bəzi aylar üzrə ümumiyyətlə əməkhaqqı almamışdır. Belə ki, iddiaçı M.Xasıyeva 2000-ci il yanvar, aprel, may, iyun, iyul, sentyabr, noyabr, dekabr ayları, 2001-ci il mart, aprel, may, iyul, sentyabr, oktyabr, noyabr ayları, 2002-ci il aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları, 2003-cü il fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2004-cü il mart, iyun, iyul, sentyabr ayları üzrə əməkhaqqı almışdır. Hansı ki, qeyd edilən illər üzrə iddiaçının əməkhaqqı aldığı ayların ümumi sayı 38 ay yəni 3 il 2 ay təşkil edir. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə əməkhaqqı alması əsas şərtlərdən biridir. Lakin iddiaçı 2000-ci il tarixdən 2005ci il tarixədək ümumilikdə 03 il 02 ay əməkhaqqı almışdır. Bu da yalnız əməkhaqqı alınan dövrlərin staja daxil edilməsinə imkan verir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyətinin növləri göstərilmişdir. Həmin maddənin e) bəndində qeyd olunur ki, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. 01.04.2021-ci iİ tarixli 00/08 nömrəli "xxxx" ASC-nin cavab məktubuundan da görünür ki, iddiaçı M.Xasıyeva 02.07.1993-cü il tarixdən 03.04.2000-ci il tarixədək analıq məzuniyyətində olmuşdur. Hansı ki, bu müddət ümumilikdə 06 il 09 ay 01 gündür. Qanunvericiliyin əsasən tələblərinə işləməyən ananın körpə uşağlara gullug etdiyi müddət 6 ildən çox olmayarag staja daxil edilir. Bu da onu göstərir ki, iddiaçının analıq məzuniyyətində olduğu 6 ili staja daxil edilə bilər. Beləliklə istinad olunan qanunverilik normalarının qarşılıqlı təhlilindən və iş üzrə icraat materiallarından göründüyü kimi iddiaçı ona yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığı üçün onun yaşa görə pensiya hüququ yaranmır. İş üzrə şifahi məhkəmə baxış iclası 22 iyun 2021-ci il tarixə təyin edilmiş, üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi tərəfindən X4 ünvanlanmış 16 iyul 2020-ci il tarixli № **********0 saylı imtina məktubundan qeyd edilir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 23 il 5 ay təşkil edir. Belə ki, araşdırma zamanı müəssisə tərəfindən 1998-1999-cu illər üzrə əmək haqqı təqdim edilməmiş, 2000-2005-ci illərdə isə qismən öz hesabına məzuniyyətlərdə olmuşdur. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. -Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01 iyul 2020-ci il tarixli № 10/53 saylı arayışdan görünür ki, X7 həqiqətən 27.09.1978-ci il tarixindən 02.08.2004-cü il tarixədək keçmiş Volodarski ad.Tikiş fabriki indiki "xxxx" ASC-də işləyib və 1996-cı ildən 2000-ci ilədək analıq məzuniyyətində olub. -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Vİ ЖГ 306896 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 18 sentyabr 1992-ci ildə nikaha daxil olmuş, nikahdan sonra ərə Xasıyev, arvada Xasıyeva soyadı verilmişdir. -XVİİ ЖГ 429573 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 21 avqust 1993-cü il tarixdə X10 adlı oğlan övladı dünyaya gəlmişdir. -AZ-İ № 377149 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 02 iyun 1996-cı il tarixdə X9 adlı oğlan övladı dünyaya gəlmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax rayon Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının sorğusuna 22 yanvar 2021-ci il tarixli № 05 saylı, həmçinin, məhkəmənin sorğusuna 16 aprel 2021-ci il tarixli 31 nömrəli cavab məktublarından görünür ki, Xasıyeva (Camalova) Məlahət Məcid qızının 1975-1976-ci illərdə Qax rayon S.Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi dövrün əmək stajı və əmək haqqına dair məlumatların təqdim edilməsi barədə 08 yanvar 2021-ci il tarixli sorğusuna cavab olaraq bildirmişlər ki, Fond №93 -Qax rayon S.Vurğun adına fındıqçılıq sovxozunun 1975-1976-cı illərin əmək haqqı cədvəlləri və işçilərin şəxsi hesab kitabları Arxivə təhvil verilməyib Sovxozun Arxivdə mühafizə olunan əmr kitablarına əsasən vətəndaş M.Camalova 01 sentyabr 1975-ci il tarixdə sovxoza işə qəbul olunmuş və 01.09.1976-cı il tarixdə işdən azad edilmişdir. -Məhkəmə sorğusuna əsasən "xxxx" ASC-nin 23 aprel 2021-ci il tarixli 00/12 saylı cavab məktubu ilə ASC-də (əvvəlki Volodarski adına tikiş fabriki) işləmiş X3 arxiv sənədlərinin təsdiq olunmuş çıxarışları təqdim edilmişdir. Həmin sənədlərdəki əmrlər: - 27 sentyabr 1978-ci il tarixli 730 nömrəli əmrinə əsasən X7 20.09.1978-ci ildə Volodarski adına tikiş fabrikinə tikişçi vəzifəsinə qəbul olmuşdur. - A.Bakıxanov adına Bakı sənaye-ticarət tikiş birliyinin 07.07.1993-cü il tarixli 318 nömrəli əmrinə əsasən X5- 3 nömrəli sexin 19-cu axın xəttinin ustasına növbəti məzuniyyətindən sonra birliyin kollektiv müqaviləsinin 21-ci bəndinə uyğun olaraq vaxtından əvvəl 02.07.93-cü ildən 01.08.93-cü ilə kimi analıq məzuniyyəti verilmişdir. - A.Bakıxanov adına Bakı sənaye-ticarət tikiş birliyinin 23.12.1993-cü il tarixli 580 nömrəli əmrinə əsasən X7- 3 nömrəli sexin axın ustasının uşağının 1 il 6 ayı tamam olana qədər 07.12.1993-cü ildən 21.01.1995-ci ilə kimi əmək haqqı qismən ödənilən və uşağın 3 yaşı tamam olana kimi 22.01.1995-ci ildən 21.08.1996-cı ilə kimi əmək haqqı saxlanılmayan əlavə məzuniyyətdə hesab edilmişdir. - A.Bakıxanov adına Bakı sənaye-ticarət tikiş birliyinin 15.08.1996-cı il tarixli 206km nömrəli əmrinə əsasən X5- 3 nömrəli sexin ustasına 09.08.1996-cı il tarixindən uşağının 3 yaşınadək haqqı ödənilən analıq məzuniyyəti verilmiş, 03.06.1999-cu ildə işə çıxmalıdır. - “Bakıxanov-Tikiş” ATSC-nin 03.04.2000-cı il tarixli 17km nömrəli əmrinə əsasən X7 3 nömrəli sexin ustası analıq məzuniyyətindən sonra 4 –cü dərəcəli tikişçi kimi 03.04.2000-ci ildən işdə hesab olunmuşdur. - Bakı Tikiş Evi ATSC-nin 02.08.2004-cü il tarixli 54 nömrəli əmrinə əsasən X7 02.08.2004-cü ildən işdən azad edilmişdir. İşdə olan iddiaçının 08.07.1976-cı il tarixdə açılmış əmək kitabçasından görünür ki, iddiaçı: -01.09.1975-ci il tarixdən 01.09.1976-cı il tarixədək Qax rayonu S.Vurğun adına fındıq sovxozunda fəhlə vəzifəsində işləmiş, 20.09.1978-ci il tarixdə Volodarskiy tikiş fabrikinin 4-cü sexində tikişçi vəzifəsinə təyin edilmiş, 29.01.1979-cu il tarixdə 5-ci əməliyyatxanaya köçürülmüşdür, 22.09.1980-ci il tarixdə usta vəzifəsinə təyin edilmiş, 01.04.1991-ci il tarixdə 3-сü sexə 3-cü dərəcəli tikişçi vəzifəsinə təyin edilmiş, 05.05.1991ci il tarixdən 3-cü sexə usta vəzifəsinə təyin edilmiş, 03.04.2000-ci ildən 1 saylı tikiş şöbəsinə 3-cü dərəcəli tikişçi vəzifəsinə təyin edilmiş, 02.08.2004-cü ildən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə pensiya 61 yaşdan (15.09.2019cu ildən) təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, iddiaçının ümumi iş stajı 23 il 5 ay təşkil etmiş, müəssisə tərəfindən 1998-1999-cu illər üzrə əmək haqqı təqdim edilməmiş, 2000-2005-ci illərdə isə qismən öz hesabına məzuniyyətlərdə olmuşdur. Həmçinin, cavabdeh öz etiraz ərizəsində iddiaçının 6 ildən çox yəni 6 il 09 ay 01 gün analıq məzuniyyətində olduğunu və 2000-2004-cü illlər üzrə əmək haqqı aldığı ayların ümumi sayının 38 ay yəni 3 il 2 ay təşkil etdiyini qeyd edir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 02.07.1993-cü ildən 03.04.2000-ci ilədək analıq məzuniyyətində olması və 2000-ci ildən 2004-cü ilədək bəzi aylar üzrə əmək haqqı almaması ilə bağlıdır. Məhkəmə ilk öncə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxildir. Cavabdeh öz etirazında iddiaçının analıq məzuniyyətində olduğu dövrün ümumilikdə 06 il 09 ay 01 gün təşkil etdiyini, bu dövrün 6 ilinin staja daxil edilə biləcəyini qeyd edir. Bu ifadədən aydın olur ki, cavabdeh iddiaçının 02.07.1993-cü ildən 03.04.2000ci ilədək analıq məzuniyyətində olduğu dövrün 09 ay 1 gününü mübahisələndirir. Məhkəmə bu imtina əsasını əsaslı hesab edir. Belə ki, həmin dövrdə qüvvədə olan qanunvericilikdə də 6 ildən çox olmayaraq analıq məzuniyyətində olma dövrü sosial sığorta stajına daxil edilirdi. Lakin 09 ay 01 günün nəzərə alınmaması iddiaçının pensiya hüququnun pozulmasına səbəb ola bilməz. Digər tərəfdən cavabdeh iddiaçının 2000-2004-cü illər üzrə ümumilikdə 03 il 02 ay əmək haqqı aldığını, yalnız həmin dövrlərin staja daxil edilməsinin mümkün olduğunu qeyd edir. Cavabdeh bu imtinasını onunla əsaslandırır ki, iddiaçının əmək haqqı almadığı dövrdə məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən həmin müddət pensiya təyinində nəzərə alına bilməz. Məhkəmə cavabdehin bu imtinasını əsassız hesab edir. Belə ki, “qazanılmış hüquq” konsepsiyasına görə iddiaçının iş stajını təsdiq edən əsas sənəd olan əmək kitabçasından aydın görünür ki, iddiaçı 03.04.2000-ci ildən 02.08.2004-cü ilədək fasilsiz olaraq 1 saylı tikiş Şöbəsində 3-cü dərəcə tikişçi kimi işləmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi 01 yanvar 2002ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının 2000-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı əmək haqqı alması nəticəsində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Ona görə də, onun pensiyası hesablanarkən həmin əmək fəaliyyəti dövrü nəzərə alınmalıdır. 2002-2004-cü illər üzrə isə iddiaçının əmək haqqı almadığı dövrdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən bu dövrdəki bəzi aylar mübahisələndirilə bilər. İddiaçının 2000-2004-cü illər üzrə əmək haqqı cədvəllərindən görünür ki, iddiaçının 2002-2004-cü illər üzrə əmək haqqı almadığı aylar-2002-ci ilin dekabr, 2003-cü ilin yanvar, 2004-cü ilin aprel, may, avqust aylarıdır. Qeyd edilənlərdən başqa Məhkəmə diqqətə çatdırır ki, hətta yalnız cavabdehin qeyd etdiyi dövrləri yəni analıq məzuniyyətində olduğu 6 illik dövr və 2002-2004-cü illər ərzində yalnız 28 ay ( 2 il 4 ay) nəzərə alınsa belə iddiaçının ümumilikdə 25 ildən çox sosial sığorta stajının olduğu aydın görünür. Belə ki, iddiaçının 01.09.1975-ci il tarixdən 01.09.1976-cı il tarixədək Qax rayonu S.Vurğun adına fındıq sovxozunda işlədiyi 01 il iş stajı, 20.09.1978-ci ildən 02.07.1993-cü ilədək fasiləsiz olaraq indiki Bakı Tikiş Evi ASC-də işlədiyi 14 il 09 ay 12 gün iş stajı, 02.07.1993-cü ildən sonra analıq məzuniyyətində olduğu dövr ümumilikdə 6 il, 03.04.2000-01.01.2002-cü illərdə Bakı Tikiş Evi ASC-də işlədiyi 01 il 08 ay 28 gün və 2002-2004-cü illərdə işlədiyi və yalnız əmək haqqı aldığı 02 il 04 aylıq dövr nəzərə alındıqda belə iddiaçının pensiya təyininə imkan verən sosial sığorta stajı 25 il 10 ay 10 gün təşkil edir. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin təmin edilməsini cavabdeh tərəfindən istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, əksinə iddiaçı tələbinin əsaslı olmasını sübuta yetirə bilmiş, bununla bağlı cavabdehin imtinası formal xarakter daşımaqla qanunvericiliyə zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi iləbağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnızməhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı X1 iddiası təmin edilməli, ona 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 iddiası təmin edilsin. İddiaçı X4 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3142/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3142/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver