Məhkəmə qərarları › İş №2-1(112)-3142/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3142/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3142/2025 10.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1966-cı il təvəllüdlür. НВ 003787 nömrəli diploma əsasən iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinə (03 il 09 ay 28 gün) kimi Azərbaycan Pedaqoji Universitetində əyani təhsil almışdır. 0038156 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1987-xx.xx.2005-ci illərdə (18 il 1 ay 01 gün) Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərmişdir (İşə daxil olma əmrin nömrəsi: 228 § 4; işdən çıxma əmrin nömrəsi: 305 § 2 ). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9 Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbdə müddətsiz əsaslarla azərbaycan dili-ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 1 il 5 ay pensiya kapitalı qeydə alınmışdır. Elektron sistemdən çıxarılmış sosial arayışa əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 9 il 5 ay (Qanunun 22-1.2.2-ci maddəsi tətbiq edilməklə) olmaqla 57 yaşınıza uyğun olaraq qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Ağdam rayon RTŞ üzrə İmamqulubəyli kənd orta məktəbində mötəbərliyinə əsaslı şübhələr olan əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. X11 üzrə X10 rayon İmamqulubəyli kənd orta məktəbi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən yoxlama zamanı həmin məktəbin 1987-ci ilə aid əmr kitabının saxlandığı ünvan aşkar edilməmiş, həmçinin 1988-2006-cı illərə aid əmr kitablarında adınıza rast gəlinməmişdir. Bu səbəbdən xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanına əsasən 2014-cü ilin aprelin 1-dən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir, xx.xx.2023-cü il tarixindən 200 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2024-cü il tarixindən proaktiv qaydada orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 270 manat məbləğində sosial müavinət və 200 manat məbləğində Prezident təqaüdü təyin edilib.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işlədiyi 1987-2005-ci illər daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz İ qrup əlillik təyin edilmişdir. Həmin tarixdən də ümumi səbəbdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir. Qeyd edir ki, iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinə kimi Azərbaycan Pedaqoji Universitetində əyani təhsil almış, həmin ilin avqustundan etibarən əmək fəaliyyətinə başlamışdır. Bu səbəbdən iddiaçıya hüququn yarandığı tarixdən (xx.xx.2024-cü il tarixdən) əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət edilmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, əmrlər kitabında iddiaçının adına rast gəlinmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçının Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - “DTSERA”) tərəfindən 15 aprel 2024-cü il tarixli qərarı ilə əlillik səbəbi - “ümumi xəstəlik” - ümumi səbəbdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Bundan sonra, iddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin imtina məktubuna əsasən aşağıdakı səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əliliiyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bu halda iddiaçının xx.xx.1966-cı il təvəllüdlü olması və ona 15 aprel 2024-cü il tarixdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 14 il sığorta stajı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərin surətinə və Nazirliyin elektron informasiya ehtiyatiarındakı məlumatlara əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək əyani təhsil aldığı illərdə nəzərə alınmaqla ümumi sosial sığorta stajının müddəti 9 il 5 ay olmaqla qanunla tələb olunan sığorta stajından azdır. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir:

1. 15 aprel 2024 (əlillik təyin olunan tarix) - xx.xx.1966 (doğum tarixi) = 57 il iddiaçının əlillik tarixinə uyğun yaş həddi;

2. 57 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 42 il (əmək qabiliyyətli yaş dövrü)

3. a) 42 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 168 ay b) 168 ay : 12 ay = 14 il - iddiaçının orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı müddəti. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 14 il təşkil edir. Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1983-cü il tarixdə xx.xx.1987-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 9 il 5 ay (Qanunun 22-1.2.2-ci maddəsi tətbiq edilməklə) olmaqla 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. X11 üzrə Mərkəzi filialın Ağdam rayon İmamqulubəyli kənd orta məktəbi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən yoxlama zamanı həmin məktəbin 1987-ci ilə aid əmr kitabının saxlanıldığı ünvan aşkar edilməmiş, həmçinin 1988-2006-cı illərə aid əmr kitablarında iddiaçının adına rast gəlinməmişdir. Bu səbəbdən xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlillik təyinatının aparıldığı 15 aprel 2024-cü il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanaraq, imtina məktubunda göstərilmiş 9 il 5 ay sığorta stajı dedikdə hansı dövrlərin nəzərə alındığı, o cümlədən mübahisə üzrə konkret olaraq hansı dövrlərin sığorta stajı kimi nəzərə alınıbalınmaması barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəmə sorğusunun cavabdlandırılmasına dair xx.xx.2025-cü il tarixli məktubda göstərilmişdir ki, “...İddiaçı müraciətinə yenidən baxılmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək təhsil illəri üzrə 3 il 9 ay 28 gün, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 1 il 5 ay daxil olmaqla ümumilikdə mübahisələndirilməyən sığorta stajı 5 il 2 ay 28 gün müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Ağdam rayon RTŞ üzrə İmamqulubəyli kənd orta məktəbində mötəbərliyinə əsaslı şübhələr olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X11 üzrə X10 rayon İmamqulubəyli kənd orta məktəbi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən yoxlama zamanı həmin məktəbin 1987-ci ilə aid əmr kitabının saxlanıldığı ünvan aşkar edilməmiş, həmçinin 1988- 2006-cı illərə aid əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Bu səbəbdən İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Bildiririk ki, vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeyd alınmadığından sözügedən maddənin onun müraciətinə tətbiq edilməsi mümkün hesab edilmir.”

Tərəflərin iştirakı və izahatları:

İddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəmə sorğusunun cavabdlandırılmasına dair xx.xx.2025-cü il tarixli məktubu məhkəməyə təqdim edərək, həmin məktubda göstərilənlərə uyğun izahata verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (2017-ci il iyulun 1-dək olan redaksiya) Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. (hazırda qüvvədə olan redaksiya). Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə. 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. ... İİ. Əmək stajını təsdiq edən sənədlər

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona əliliyə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya əlilliyin təyin olunduğu tarixə onun 57 yaşı olduğuna görə əmək qabiliyyətli yaş dövrü (57-15=42) 42 il təşkil edir. Həmin 42 ilin hər ili üçün 4 ay olmaqla (42 il x 4 ay = 168 ay) 14 il sığorta stajının olması tələb olunur. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 14 il sığorta stajının tələb olunması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən qeyd etmişdir ki, iddiaçının xx.xx.1983-cü il tarixdə xx.xx.1987-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 9 il 5 ay (Qanunun 22-1.2.2-ci maddəsi tətbiq edilməklə) olmaqla 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. Belə ki, X11 üzrə Mərkəzi filialın Ağdam rayon İmamqulubəyli kənd orta məktəbi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən yoxlama zamanı həmin məktəbin 1987-ci ilə aid əmr kitabının saxlanıldığı ünvan aşkar edilməmiş, həmçinin 1988- 2006-cı illərə aid əmr kitablarında iddiaçının adına rast gəlinməmişdir. Bu səbəbdən xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanaraq, imtina məktubunda göstərilmiş 9 il 5 ay sığorta stajı dedikdə hansı dövrlərin nəzərə alındığı, o cümlədən mübahisə üzrə konkret olaraq hansı dövrlərin sığorta stajı kimi nəzərə alınıbalınmaması barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəmə sorğusunun cavabdlandırılmasına dair xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, “...İddiaçı müraciətinə yenidən baxılmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək təhsil illəri üzrə 3 il 9 ay 28 gün, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 1 il 5 ay daxil olmaqla ümumilikdə mübahisələndirilməyən sığorta stajı 5 il 2 ay 28 gün müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Ağdam rayon RTŞ üzrə İmamqulubəyli kənd orta məktəbində mötəbərliyinə əsaslı şübhələr olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X11 üzrə X10 rayon İmamqulubəyli kənd orta məktəbi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən yoxlama zamanı həmin məktəbin 1987-ci ilə aid əmr kitabının saxlanıldığı ünvan aşkar edilməmiş, həmçinin 1988- 2006-cı illərə aid əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Bu səbəbdən İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, cavabdeh orqan yekun olaraq iddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək təhsil illəri üzrə 3 il 9 ay 28 günü və “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 1 il 5 ayı, cəmi sığorta stajı 5 il 2 ay 28 günü nəzərə alır, əmək kitabçasında qeyd edilmiş xx.xx.1987-xx.xx.2005ci illəri isə nəzərə almır. Bununla bağlı (əmək kitabçasında qeyd edilmiş, lakin nəzərə alınmayan dövrlər üzrə) məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi Ağdam Təhsil Sektoru İmamqulubəyli kənd tam orta məktəbinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli 248 nömrəli məktubunda göstərilmişdir: “...Sorğunuza cavab olaraq məktəb sənədləri araşdırıldı və məlum oldu ki, İddiaçı xx.xx.1997-ci il tarixdə “məktəbin əmr kitabı”nda 241 § 1 nömrəli əmrlə İmamqulubəyli kənd tam orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Həmir əmr məktəbin sabiq direktoru X6 tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Adı çəkilən əmrdə İddiaçı soyadı “Məmmədova” yazılmışdır. Araşdırma zamanı məktəb sənədləri içərisində Rüstəmova (Məmmədova) Arzu Allahverdi qızının işdən çıxması barədə və hər hansı məzuniyyətdə olması haqqında əmr verilməmişdir. Məlum oldu ki, 1997-1998-ci tədris ilinin sonunda məktəb direktorunun xx.xx.1998-ci il tarixli 252 nömrəli əmrlə məktəbin 19 nəfər müəllimi əmək məzuniyyətinə buraxılmış və xx.xx.1998-ci il tarixdə əmək məzuniyyətindən qayıtmışdır. Həmin 19 nəfərdən ibarət müəllimlərin siyahısında Rüstəmova (Məmmədova) Arzu Allahverdi qızının adı qeyd edilməmişdir. “Əmr kitabı”nda Rayon Təhsil Şöbəsinin xx.xx.1999-cu il tarixli 2§01 nömrəli əmri ilə X1 tam orta məktəbinə yeni direktor təyin edilmişdir. Həmin tarixdən sonra X4 xətti ilə yazılmış əmr və imzaya rast gəlinmədi.” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, məktəb direktorunun verdiyi yazılı məlumata və aparılan araşdırılmalara əsasən məktəbin əmr kitabında Rüstəmova (əmr kitabında Məmmədova) Arzu Allahverdi qızının xx.xx.1997-ci ildə məktəbin sabiq direktorunun 241 nömrəli əmri ilə ixtisası üzrə müəllim təyin olunması aşkar olunmuşdur. Rüstəmova (Məmmədova) Arzu Allahverdi qızının işlədiyi müddət ərzində əmək məzuniyyətində olduğu və ya işdən azad olunması haqqında məktəb sənədlərində hər hansı qeyd aşkar olunmamışdır. Lakin Ağdam rayonu üzrə təhsil sektorunun əmr kitabında Rüstəmova (Məmmədova) Arzu Allahverdı qızının işdən azad olunması haqqında xx.xx.2005-ci il tarixli 69 nömrəli əmr aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi təşkilata dair - 1987-ci ilə aid əmr kitabının saxlandığı ünvanın aşkar edilməməsi, həmçinin 1988-2006-cı illərə aid əmr kitablarında onun adına rast gəlinməməsi vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Məhkəmə - iddiaçının işə qəbul edilməsi ilə bağlı xx.xx.1997-ci il tarixli 241 § 1 nömrəli təqdim edilmiş əmrə münasibətdə isə bildirir ki, məhkəmə təcrübəsində bəzən rast gəlinir ki, işçi hər hansı səbəbdən məzuniyyətə çıxır, o, geri qayıtdıqdan sonra işinə davam etməsi işə təyin edilmə əmri ilə rəsmiləşdirilir. xx.xx.1997-ci il tarixli 241 § 1 nömrəli əmr əmək kitabçasındakı işə daxil olma əmri ilə qarşılıqlı şəkildə müqayisə etdikdə müəyyən olur ki, həmin əmrlər fərqlidir. Belə ki, xx.xx.1987-ci il tarixli iddiaçının işə daxil olma əmrinin nömrəsi: 228 § 4-dür. Mübahisə üzrə həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2005-ci ildə işdən azad edilməsi barədə əmri də məhkəməyə təqdim edilmişdir. Bundan başqa, ən əsası idarəçilik baxımından iddiaçının işlədiyi məktəbin hazırda tabe olduğu qurum da xx.xx.2024-cü il tarixli arayışı ilə iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbdə müddətsiz əsaslarla azərbaycan dili-ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərməsini təsdiq edir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi, əmr kitablarında ada rast gəlinməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək kitabçasında əks olunmuş 1987-2005-ci illərdə işlədiyi dövrün onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Ali Məhkəmənin 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli, 19 aprel 2024-cü il tarixli, 2-1(102)- 818/2024 nömrəli). Hətta, oxşar iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-3197/2024 xx.xx.2024 saylı qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Qeyd edilən qərardadın 10-cu bəndində göstərilmişdir ki, “...Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2132/2023 nömrəli qərarları).” Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı işlədiyi xx.xx.1987-xx.xx.2005-ci illər onun sığorta stajına daxil edilməklə, ona xx.xx.2024-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar