Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3143/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “xxxx” BOKT ASC) “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya siyahısına daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “xxxx” BOKT ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” BOKT ASC ilə onun arasında bağlanmış 18.11.2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə 1765,10 manat qalıq məbləğinin restrukturizasiya edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” BOKT ASC ilə iddiaçı arasında bağlanmış 18.11.2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə 1765,10 manat qalıq məbləğinin restrukturizasiya siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı üçüncü şəxs “xxxxBank” ASC-dən (hazırda «xxxx» BOKT ASC) 18.11.2015-ci il tarixdə 1530 ABŞ dolları miqdarında istehlak krediti götürmüşdür. Həmin kredit üzrə 04.05.2016-cı ildən sonra heç bir ödəniş etməmişdir. Həmin kredit məbləği Ölkə Başçısının 28.02.2019-cu il tarixli müvafiq Fərmanı ilə müəyyənləşdirilmiş əsaslarla kompensasiyaya düşmüş, həmin kreditin bir hissəsi, yəni 817,12 manat məbləği kompensasiya olunmuş, 1765,10 manat məbləği isə qalıq məbləğ kimi qalmışdır. Müvafiq Fərmana və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na (bundan sonra “Qaydalar”) görə həmin məbləğ restrukturizasiya üçün təklif edilməli idi. Lakin bu kredit məbləği kompensasiya olunmasına baxmayaraq, restrukturizasiyaya bu günə qədər əsassız olaraq cəlb edilməmişdir. İddiaçı qalıq kreditinin restrukturizasiyaya cəlb edilməsi üçün “xxxx” BOKT ASC-yə 2019-cu ildə dəfələrlə şifahi müraciət, 02.03.2020-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Apellyasiya Komissiyasına və «xxxx» BOKT ASC-nin rəhbərliyinə rəsmi müraciətlər etmişdir. Mərkəzi Bankın rəhbərliyi 10.03.2020-ci il tarixli məktubu ilə onun müraciətini aidiyyatı üzrə “xxxx” BOKT ASC-yə ünvanlamışdır. “xxxx” BOKT ASC 08.05.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq kreditin qalıq məbləğinin restrukturizasiya edilməsindən əsassız imtina etmişdir. İddiaçının kredit borcu restrukturizasiya edilməsi üçün qanunla müəyyən edilmiş tələblərə cavab verir. Kredit təşkilatı, yəni üçüncü şəxs iddiaçıya Qaydaların tələblərinə zidd şəkildə heç bir bildiriş, məktub, məlumatlandırma, SMS göndərməmiş və məhz buna görə iddiaçı restrukturizasiyadan kənar qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Ölkə Başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə “xxxxBank” ASC (indiki “xxxx” BOKT ASC) arasında bağlanmış 18.11.2015-ci il tarixli (1.530 ABŞ dolları dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - 01.03.2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 198 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01.01.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. iddiaçının sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “xxxxbank” ASC ilə İddiaçı arasında bağlanmış 18.11.2015-ci il tarixli PB/024/15/115952 saylı kredit (borc) və girov müqaviləsinin və ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, “xxxxbank” ASC tərəfindən İddiaçı 12 ay müddətinə illik 27% hesablanmaqla 1530 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxx» BOKT ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, 18.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən sonuncu ödəniş 04.05.2016-cı il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan «xxxx» BOKT ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 06.05.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı «xxxx» BOKT ASC-dən 18.11.2015-ci il tarixdə illik 27%-lə 12 ay müddətinə 1530 ABŞ dolları məbləğində borc almışdır. Kreditin ödənilməsi üzrə gecikmə günlərinin sayı 1150 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına görə müştəriyə ayrılmış kompensasiya məbləği hesabına İddiaçı kredit borcunun 1518,95 ABŞ dolları məbləğindən 480,65 ABŞ dolları silinmiş və əsas qalıq məbləği 1038,30 ABŞ dolları təşkil edir. İş materiallarında olan Problemli kreditlərin kompensasiyası barədə məlumatlardan görünür ki, İddiaçı 918 manat kompensasiya məbləği hesablanmışdır, 01.03.2019-cu il tarixə əsas kredit borcu «xxxx» KB ASC-yə 318,80 manat, «xxxx» BOKT ASC-yə 2582,22 manat olmuş, hesablanmış kompensasiya məbləğinin 100,88 manatı «xxxx» KB ASC-yə olan 318,80 manat borcun azaldılmasına yönəldilmiş və qalıq borc 217,92 manat, 817,12 manatı isə «xxxx» BOKT ASC-yə olan 2582,22 manat borcun azaldılmasına yönəldilmiş və qalıq borc 1765,10 manat təşkil edir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 27 yanvar 2021-ci il tarixli 16-00206-2021 saylı məktubda qeyd edilir: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. Müraciətlə bağlı bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə “xxxxBank” ASC (indiki “xxxx” BOKT ASC) arasında bağlanmış 18.11.2015-ci il tarixli (1.530 ABŞ dolları dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - 01.03.2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 198 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01.01.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. iddiaçının sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin; 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X4: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8-ci bəndinə əsasən bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə X1 ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın: 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır; 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur; 6.3-ci bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, “xxxxbank” ASC (indiki «xxxx» BOKT ASC) ilə iddiaçı arasında bağlanmış 18.11.2015-ci il tarixli PB/024/15/115952 saylı kredit (borc) və girov müqaviləsinə əsasən “xxxxbank” ASC tərəfindən iddiaçıya 12 ay müddətinə illik 27% hesablanmaqla 1530 ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən iddiaçıya 918 manat kompensasiya məbləği hesablanmışdır. İddiaçının 01.03.2019-cu il tarixə əsas kredit borcu «xxxx» KB ASC-yə 318,80 manat, «xxxx» BOKT ASC-yə 2582,22 manat olmuş, hesablanmış kompensasiya məbləğinin 100,88 manatı «xxxx» KB ASC-yə olan 318,80 manat borcun azaldılmasına yönəldilmiş və qalıq borc 217,92 manat, 817,12 manatı isə «xxxx» BOKT ASC-yə olan 2582,22 manat borcun azaldılmasına yönəldilmiş və qalıq borc 1765,10 manat təşkil edir. Göründüyü kimi, kompensasiya məbləği borcun azaldılmasına yönəldikdən sonra iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə qalıq borcu 1765,10 manat təşkil edir. «xxxx» BOKT ASC tərəfindən məlumat bazasına 01.03.2019-cu il tarixinə iddiaçının həmin kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 198 gün gecikdirildiyi barədə səhv məlumat ötürülmüşdür. Belə ki, «xxxx» BOKT ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən sonuncu ödəniş 04.05.2016-cı il tarixdə həyata keçirilmişdir. İddiaçının həmin kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirməsi barədə məlumat bazasına səhv məlumat verildiyindən həmin kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm borclarının ödənilməsinin gecikdirilmə müddəti, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “xxxx” BOKT ASC ilə İddiaçı arasında bağlanmış 18.11.2015-ci il tarixli PB/024/15/115952 nömrəli kredit müqaviləsi üzrə 1765,10 manat kredit borcunun qalıq məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3143/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3143/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver