Məhkəmə qərarları › İş №2-1(112)-3143/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3143/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3143/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı (qanuni nümayəndəsi Qanuni nümayəndə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nə qarşı Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X16 28 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X16 28 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi” tələbinə inzibati işə 02 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14nə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2003-cü il də doğulmuş İddiaçı əlilliyinin 18 yaşından yəni xx.xx.2021-ci il tarixdən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (qanuni nümayəndəsi Qanuni nümayəndə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı “ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olması barədə” Agentliyin xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı ilk dəfə Bakı şəhəri 28 saylı şəhər poliklinikası tərəfindən TSEK-ə Forma 088 göndərildiyi xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olunması öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, övladı İddiaçı təyin edilmiş əlilliyi qanunsuz və əsassız olaraq dayandırıldıqdan sonra xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra o, Agentliyə övladının əlilliyinin dayandırıldığı müəddətdən bərpa olunana qədər olan müəddətdə əlilliyə görə müvafiq ödənişin verilməsi barədə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinn xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq S.Kamran Hhouya xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişi əlilliyin müəyyən edildiyi tarixdən xx.xx.2021-ci il tarixdən hesablanacaqdır. Cavabdeh inzibati orqanın verdiyi cavabla razı deyil, həmin cavabı qanunsuz və əsassız hesab edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X16 28 nömrəli Şəhər Poliklinikası (bundan sonra mətndə Poliklinika) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehə və üçüncü şəxsə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Poliklinikanın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Daha əvvəl iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək əlillik təyinatından imtina barədə qərar qəbul edilmiş, iddiaçı müvafiq qərarı mübahisələndirməmiş, barəsində yeni Forma 88 göndərilmiş və barəsində daxil olmuş həmin göndəriş qiymətləndirilərək əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Agentlik ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Üçüncü şəxs Poliklinikanın iddiaya dair 35 №-li, xx.xx.2024-cü il tarixli yazıl münasibətində (etiraz) göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı uşaq vaxtından xəstədir. 2009-cu ildən uşaq X9 Dispanserində qeydiyyatda olub və sosial təminat alıb. xx.xx.2021-ci il tarixdə 18 yaşı tamam olduğu üçün Poliklinikaya müraciət etmişdir. Müvafiq tibbi sənədlər toplandıqdan sonra xx.xx.2021-ci il tarixdə əlillik dərəcəsinin təyini üçün xəstənin sənədləri Dövlət Tibbi Sosial Ekspertiza Agentliyinə (TSEK-ə) göndərilmiş, xx.xx.2021-ci il tarixdə TSEK-dən imtina verilmişdir. Səbəbi: “Əlavə müalicəyə ehtiyacı olması”. Xəstənin anasının dediyinə görə imtina cavabı ona oktyabr ayında gedib çatmışdır. Poliklinikaya müraciət etmədən Nərimanov Rayon Məhkəməsinə müraciət edib. xx.xx.2021-ci ildə xəstənin anası poliklinikaya müraciət etmiş və yenidən Forma 088 yazılmasını xahiş etmişdir. xx.xx.2021ci il tarixdə xəstənin sənədləri Forma 088 yazılaraq təkrarən TSEK-ə göndərilmişdir. xx.xx.2021-ci ildə 1-ci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi və davranış pozuntusu” Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə qız məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkündür.

Faktiki hallar və sübutlar: AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli müayinəyə dair (akt №-85AW28L0002) qiymətləndirmə nəticələrindən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti qiymətləndirilərək, əlavə müalicəyə ehtiyacın olması - səbəb 2009-cu ildən xəstə olmasına baxmayaraq stasionar müalicələri yoxdur, müayinələr səthidir, əlillik təyin etməyə imkan vermir, psixiatriya xəsətəxanasında ətraflı müayinə, müalicə olunması məsləhət görülür səbəbi ilə imtina edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi Qanuni nümayəndə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1053 saylı rəyin surətindən müəyyən olunur ki, ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - X1 Uşaq autizmi, Kanner sindromu ilə (ağır dərəcəli kəmağıllıq) müəyyən edilir; - X2 düçar olduğu xroniki xəstəliklə əlaqədar o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkəltərini idarə etmək iqtidarında deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AA 0619535) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçıya qəyyum təyin edilməsi haqqında” 245 №-li, xx.xx.2021-ci il tarixli sərəncamından (surəti) görünür ki, qeyd olunan sərəncamla Qanuni nümayəndə xx.xx.2003-cü il təvəllüdlü oğlu İddiaçıya qəyyum təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış Əlillik haqqında ********** №-li, xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı Poliklinikanın göndərişi əsasında xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik (2.1.13 etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxid kəskin nəzərəçarpaninbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79)) təyin olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, övladı İddiaçı əlilliyə görə müvafiq ödənişin verilməsi barədə daxil olan müraciətinə Agentlikdə baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçıya xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3- cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişin əlilliyin müəyyən edildiyi tarixindən (xx.xx.2021-ci il tarixindən) etibarən hesablanılacaqdır.

Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyada). Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanı.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektro sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı uşaq vaxtından xəstədir. 2009-cu ildən uşaq X9 Dispanserində qeydiyyatda olub və sosial təminat alıb. xx.xx.2021-ci il tarixdə 18 yaşı tamam olduğu üçün Poliklinikaya müraciət etmiş, sonuncu tərəfindən müvafiq tibbi sənədlər toplandıqdan sonra xx.xx.2021-ci il tarixdə əlillik dərəcəsinin təyini üçün xəstənin sənədləri (Forma 088) TSEK-ə göndərilmiş, xx.xx.2021-ci il tarixdə TSEK-dən “Əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə əlilliyin təyinatından imtina verilmişdir. İmtina ilə razı olmayan iddiaçı (qanuni nümayəndəsi vasitəsilə) qanunla müəyyən edilmiş müddətdə (qeyd olunan iş üzrə verilmiş ekspert rəyindən göründüyü kimi, ekspertiza məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında keçirilmişdir) məhkəmə müdafiəsindən istifadə etməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir ki, bu da onun həmin imtinanı dolayısı ilə də olsa mübahisələndirdiyi anlamına gəlir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə da məhkəmə araşdırması zamanı imtina ilə razı olmadığı üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən və həmin qətnamə əsasında Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçıya qəyyum təyin edilməsi haqqında” 245 №-li, xx.xx.2021-ci il tarixli sərəncamı ilə Qanuni nümayəndə İddiaçınun qanuni nümayəndəsi təyin olunduqdan sonra, xx.xx.2021-ci ildə sonuncu yenidən Forma 088-in göndərilməsi üçün Poliklinikaya müraciət etmiş, xx.xx.2021-ci il tarixdə TSEK-ə təkrarən Forma 088 göndərilmiş və xx.xx.2021-ci ildə cavabdeh inzibati orqan tərəfindən əvvəlki imtinanın əsasları (“Əlavə müalicəyə ehtiyacı olması”, ötən dövr ərzində Kamran Khou heç bir müalicə barədə əlavə məlumat verməmişdir) nəzərə alınmadan anadangəlmə “Ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi və davranış pozuntusu” diaqnozu ilə Kamran Khouya 1-ci dərəcəli əlillik təyin edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar (hazırki halda belə sübutlar mövcud olmuşdur) təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməli, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli və həmin gün ərzində altsistemə daxil etməli idi (bən 3.7). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı “ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olması barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli Qərarı ləğv edilsin və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı ilk dəfə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X16 28 nömrəli Şəhər Poliklinikası tərəfindən TSEK-ə Forma 088-in göndərildiyi xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar