Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3144/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Mərkəzi Bankına 3-cü şəxs - "xxxx" BOKT ASC qarşı “müvafiq siyahıya daxil edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (3-cü şəxs "xxxx" BOKT ASC) "xxxx" BOKT ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə 2876.75 AZN qalıq məbləğinin restruktrizasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə qalıq məbləğin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı üçüncü şəxs "xxxx" (hazırda ParaBokt) ASC-dən xx.xx.2015-ci il tarixdə 2700 (iki min yeddi yüz) ABŞ dolları miqdarında istehlak krediti götürmüşdür. Həmin kredit üzrə xx.xx.2017-ci ildən sonra heç bir ödəniş etməmişdir. Həmin kredit məbləği ölkə başçısının xx.xx.2019-cu il tarixli müvafiq Fərmanı ilə müəyyənləşdirilmiş əsaslarla kompensasiyaya düşmüş, həmin kreditin bir hissəsi, yəni 1713.25 AZN məbləği kompensasiya olunmuş, 2876.75 AZN isə qalıq məbləğ kimi qalmışdır. Müvafiq Fərmana və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına (bundan sonra “Qaydalar”) görə həmin məbləğ restrukturizasiya üçün təklif edilməli idi. Lakin bu kredit məbləği kompensasiya olunmasına baxmayaraq restrukturizasiyaya bu günə qədər əsassız olaraq cəlb edilməmişdir. Qalıq kreditinin restrukturizasiyaya cəlb edilməsi üçün Para Bokt ASC-yə 2019-cu ildə dəfələrlə şifahi müraciət, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Apellyasiya Komissiyasına və Para Bokt ASC-yə, xx.xx.2020-ci il tarixdə isə Para Bokt ASC-nin rəhbərliyinə rəsmi müraciətlər etmişdir. Mərkəzi Bankın rəhbərliyi xx.xx.2020-ci il tarixli məktubu ilə müraciətini aidiyyatı üzrə Para Bokt ASC-yə ünvanlamışdır. Para BOKT ASC xx.xx.2020-ci il tarixli məktubu ilə müraciətinə cavab olaraq kreditin qalıq məbləğinin restrukturizasiya edilməsindən əsassız imtina etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında bağlanmış xx.xx.2014-cü il tarixli (2,700 ABŞ dolları dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 198 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında xx.xx.2015-ci il tarixli PB/0xx/xx/1201333 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) 24 ay müddətinə 2700 ABŞ dolları məbləğində krediti İddiaçı ayırmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, "xxxx" BOKT ASC-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçıv Loğman oğlu "xxxx" ASC-nin (indiki "xxxx" BOKT ASC) filialından xx.xx.2015-ci il tarixdə illik 28%-lə 24 ay müddətinə 2700 USD kredit götürmüşdür. Araşdırma aparılaraq məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən heç bir ödəmə aparmamış və xx.xx.2019-cu il tarixə müştərinin gecikmə günlərinin sayı 1121 gün təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin (indiki "xxxx" BOKT ASC) İddiaçı kredit ödənişinə dair sistemdən çıxarışından görünür ki, iddiaçı sözügedən kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2017-ci il tarixdə etmişdir. Göründüyü kimi, iddiaçının müvafiq kredit müqaviləsi üzrə borcunun ödənilməsi 28 fevral 2019-cu il tarixinədək 360 gündən çox gecikdirilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Həmin Fərmanın 8.6-cı bəndində qeyd edilmişdir ki, “vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar.” Həmin Fərmanın 8.7-ci bəndində qeyd edilmişdir “restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi.” Həmin Fərmanın 8.8-ci bəndində qeyd edilmişdir “güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT ASC-dən 24 ay müddətinə 2700 ABŞ dolları məbləğində kredit götürməsi iş materialları ilə öz təsdiqini tapdığından, əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirildiyindən iddiaçının götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşür. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın imtinasını iddiaçının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə qalıq məbləğin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə qalıq məbləğin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3144/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3144/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver