Məhkəmə qərarları › İş №2-1(112)-3148/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3148/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3148/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Binəqədi rayonu Xocasən bələdiyyəsinə qarşı “torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Binəqədi rayonu Xocasən bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Binəqədi rayonu Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 32/24 nömrəli qərarına əsasən Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış (X5 tərəfindən etibarnamə ilə satılmış) 300 kv.metr torpaq sahəsinin bələdiyyə qərarına və ərazinin sxeminə əsasən yerinin dəqiqləşdirilərək ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 32/24 nömrəli qərarına əsasən Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.metr torpaq sahəsini X2 almışdır, bu barədə ona X5 öz adına torpaq sahəsinə aid olan bütün sənədləri və həmin torpaq sahəsini sənədləşdirmək üçün xx.xx.2094-ci ilədək müddətə etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, torpaq sahəsi tanımadığı şəxlər tərəfindən zəbt edilərək tikinti işləri aparılır. Bu barədə ərazi üzrə DİN 40-cı Polis bölməsinə müraciət etmiş, lakin Polis şöbəsində rədd qərarı qəbul edilmişdir. Bu barədə bir çox idarə, təşkilatlara müraciət etdikdən sonra onu Binəqədi rayonu Xocəsən İcra nümayəndəsi qəbul etmiş və bildirmişdir ki, Xocəsən bələdiyyəsinin qərarına, ərazinin sxeminə və digər sənədlərə əsasən bu ərazi başqa yerdir. Həmin əraziyə onların iştirakı ilə baxış keçirilən zaman həmin torpaq sahəsində mənzil tikərək X1 yaşadığı məlum olmuşdur. Belə ki, aldığı torpaq sahəsi Asan xidmətdə və Xocəsən bələdiyyəsinin arxiv sənədlərinə əsasən öyüşov Yaşar Musa oğlunun adınadır. Bu səbəbdən də Binəqədi Rayon Polis İdarəsində və Xocəsən bələdiyyəsində yenidən dəqiq, hərtərəfli araşdırma aparılmalı, onun zəbt edilmiş torpaq sahəsi onun mülkiyyətinə qaytarılmalıdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının subyektiv hüququnun müəyyən olunmasıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialarını araşdırdıqda aydın olur ki, hazırkı iş üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə ki, işdə olan Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 32/24 nömrəli qərarından görünür ki, Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin torpaq sahəsini etibarnamə əsasında Y.Göyüşovdan aldığını iddia edərək, cavabdehdən torpaq sahəsinin yerinin dəqiqləşdirilməsini və ona təhvil verilməsini xahiş edir. Belə ki, işdə olan AR-İ №304897 nömrəli, xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, X5 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il 32/24 nömrəli Qərarına əsasən Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evin tikintisi üçün ayrılmış 300 kv.metr torpaq sahəsini özəlləşdirməyi, DƏDRX-nin Ərazi İdarəsinə həbsdə və girovda olmaması barədə arayışı aldıqda, sərəncam verməyi, ipotekaya goymağı, sənədləri təqdim etməyi, çıxarış almağı, üzərində sərancam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, icarə və ya kirayə müqavilələri bağlamağı, bu barədə müqaviləni imzalamağı, rüsum, ödəniş və vergiləri ödəməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri İddiaçı etibar etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. - Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan normalardan görünür ki, etibarnamə vasitəsilə təmsilçi üçüncü şəxslər qarşısında təmsil edilən adından çıxış edir və onun həmin etibarnamə əsasında etdiyi hərəkətlər bilavasitə özü barəsində deyil, təmsil edilən barəsində hüquqi nəticə yaradır. Buna görə də iddiaçı Y.Göyüşovun ona verdiyi etibarnaməyə istinad edərək, Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin ona məxsus olduğunu iddia edə bilməz. Bu zaman o da nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi etibarnamə verilərkən qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı bəndinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən bələdiyyə torpaqları şəxsin mülkiyyətinə açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir və bu barədə müvafiq müqavilə bağlanır. İşdə olan Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına, mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsinin ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında bələdiyyədə mövcud olan elektron bazada heç bir məlumat aşkarlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin ona verilməsini təsdiq edən qanunla nəzərdə tutulmuş hər hansı bir sənəd təqdim etməmişdir, deməli, onun həmin torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi və ona təhvil verilməsi barədə iddia qaldırmaq üçün hər hansı bir subyektiv hüququ mövcud deyildir. Məhkəmə bir daha qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırkı halda da İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası onun hüquqlarını və qanunla qorunan maraqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar