Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-315/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən 16 mart 2007-ci il tarixli 39943 saylı müqaviləyə əsasən ona verilmiş Türkan ərazisindəki 989/5 nömrəli 0,12 ha torpaq sahəsi olan bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin bağ sahəsinə dair onun adına müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən 16 mart 2007-ci il tarixli 39943 saylı müqaviləyə əsasən Türkan ərazisindəki 989/5 nömrəli 0,12 ha torpaq sahəsi olan bağ sahəsi verilmişdir.Həmin vaxtdan da bu bağda abadlıq işləri apararaq oradan təyinatı üzrə istifadə etmişdir. Bu bağa dair heç kimlə mübahisəsi yoxdur və 12 ildən artıqdır ki, onun sahibliyində və istifadəsindədir. Buna görə də həmin bağın özəlləşdirilməsi və onun adına müvafiq çıxarışın verilməsi xahişi ilə cavabdeh təşkilata rəsmi qaydada müraciət etmiş, lakin ona verilən cavabda qeyd edilmişdir ki, bağda hasarlama və mərzçəkmə işləri tam aparılmamışdır, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, bundan əlavə həmin bağ sahəsi ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin 2(002)-2021/2009 saylı bildiriş daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun qərar idarəyə daxil olmamışdır. Ona verilmiş imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan səbəblərdən ərizəsinin icrası mümkün olmamışdır. Cavabdehin həmin cavabını qanunsuz və əsassız hesab edir və hesab edir ki, bu, onun bir potensial mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bağ sahəsinə dair kadastr planı idarədə vardır və müqavilə də cavabdeh təşkilata təqdim olunmuşdur. Ona görə də bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə dair məktubda göstərilənlər də əsassızdır. İmtina məktubunda Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2009 saylı bildirişi və yekun məhkəmə qərarının idarəyə daxil olmaması ilə əlaqədar arqument də tamamilə əsassızdır. Belə ki, 2009-cu ildə bağından götürülmüş əşyalarla əlaqədar məhkəməyə müraciət etmiş və ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanmamışdır. Bu da həmin məsələ ilə əlaqədar yekun məhkəmə qərarıdır. Ona görə də hesab edir ki, qanuni və əsaslı ərizəsinin icra olunmaması üçün, yəni bağ sahəsinin özəlləşdirilməməsi və adına çıxarış verilməməsi üçün heç bir əsas ola bilməzdi. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 15.11.2019-cu il tarixdə məhkəməyə **********49 saylı yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi qonşu bağ sahəsində hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə sözügedən bağ sahəsi ilə bağlı Xəzər rayon Məhkəməsinin 2(003)- 2021/2009 saylı bildiriş daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun qərar İdarəyə daxil olmamışdır. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********34 saylı, 01.10.2019-cu il tarixli məktub ünvanlanmışdır. Bundan başqa, vətəndaş daha əvvəl iki dəfə digər fiziki şəxslərin adlarına qeydiyyatdan keçmiş bağların ərazilərini göstərmişdir. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ sahəsi ünvanında yerləşən 989/5 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı daha əvvəl 25.01.2018-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və məlum olmuşdur ki, vətəndaş tərəfindən göstərilən sahə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bu barədə vətəndaşa **********30 saylı, 13.02.2018-ci il tarixli məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 14.10.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və istismarı Birliyinin Türkan ərazisindəki 989/5 nömrəli bağın istifadəyə verilməsi haqqında 39943 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” X1 və İstismarı Birliyinin 16.03.2007-ci il tarixli 10 saylı Protokolu əsasında Əzizbəyov rayonunun Türkan ərazisində 0,12 hektar torpaq sahəsi olan 989/5 №-li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Türkan bağlar sahəsindəki 11 №-li kooperativin б/с №-li orderin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 22 aprel 1991-ci il tarixli 5/353 №-li qərarına əsasən İddiaçı Türkan bağlar sahəsində 11 №-li БТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 989/5 №-li bağ ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ sahəsi ünvanında yerləşən 989/5 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 06.09.2018-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Sözügedən bağ sahəsi qonşu bağ sahəsində hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Göstərilənlərə və “Daşınmaz əmlakjın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11.1-ci maddələrinə əsaslanaraq, ərizənin icrasından imtina edilir. -Məhkəmə sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********85 nömrəli 16.12.2019-cu il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı tərəfindən göstərilən bağ sahəsinin (üzərində tikili olmayan 0,1193 ha torpaq sahəsinin döngə nöqtələrinə mişar daşları düzülərək tumbalar qoyulub, döngə nöqtələrin araları isə şərtidir) naturada yerləşməsi və ölçüləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Vətəndaş bundan öncə iki dəfə digər fiziki şəxslərin adlarına qeydiyyatdan keçmiş bağların ərazilərini göstərmişdir. İdarənin arxiv məlumatlarına əsasən bağ sahəsinin müqaviləsi orderdən keçib (11 saylı BTK) lakin arxiv qovluğunda bağ sahəsinin cizgisi aşkar edilmədiyindən, həmçinin 11 saylı BTK-nin bölgü sxemində bağ sahəsinin nömrəsi əks olunmadığından “X1 və İstismarı Birliyi ilə bağlanmış 16.03.2007-ci il tarixli 39943 saylı müqaviləyə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan massivi ərazisində yerləşən 989/5 nömrəli 0,12 ha torpaq sahəsi”nin koordinatlarını və yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının 7-3662/17 nömrəli, 09 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin qərarları Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********49 nömrəli 19.03.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi, 985 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir.İddiaçı 16.03.2007-ci il tarixli, 39943 nömrəli müqavilə əsasında ayrılmış Türkan bağ massivində yerləşən 989/5 nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində mövcuddur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06 avqust 2021-ci il tarixli **********39 nömrəli məktubla təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X3n ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X3 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün Bakı və Bakı ətrafı bağlar ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində arxiv sənədləri eləcə də digər məlumatlar yoxdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 25-ci maddəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X3 tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpalara da şamil edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X3nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X3 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X3 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Türkan bağlar sahəsindəki 11 nömrəli kooperativ tərəfindən verilmiş order əsasında İddiaçı 11 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 989/5 nömrəli bağ ayrılmışdır. İddiaçı 13.03.2007-ci il tarixli ərizəsi əsasında Türkan sahəsində\ki 989/5 nömrəli bağın orderdən müqaviləyə keçirilməsi xahiş edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” X1 və İstismarı Birliyi ilə bağlanmış 16.03.2007-ci il tarixli 39943 saylı müqaviləyə əsasən Əzizbəyov (hazırkı Xəzər) rayonun Türkan ərazisində 0,12 hektar torpaq sahəsi olan 989/5 №-li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı bağ sahəsinə çıxarışın verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh sözügedən bağ sahəsi ilə qonşu bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin tam aparılmadığını və sözügedən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etdiyini əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Məhkəmə iddia olunan “989/5” saylı bağ sahəsi ilə qonşu bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin tam aparılmaması və qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir və bunu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və istismarı Birliyi tərəfindən Əzizbəyov rayonunun Türkan ərazisində 0,12 hektar torpaq sahəsi olan 989/5 №-li bağ sahəsinə dair İddiaçı ilə bağlanmış müqavilədəki qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, müqavilə mübahisələndirilmədiyindən, ləğv olunmadığından, etibarsız sayılmadığından, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bir halda əsas vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X3 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işin hallarından da göründüyü kimi Əzizbəyov (hazırkı Xəzər) rayonunun Türkan ərazisində 0,12 hektar torpaq sahəsi olan 989/5 №-li bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olan sənəd 989/5 nömrəli bağın istifadəyə verilməsi barədə müqavilə mövcud olduğu halda cavabdeh əsassız bəhanələr gətirərək torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina etmişdir. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunsuz olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin edilməli, Bakı şəhəri, şəhəri rayonu, Əzizbəyov (hazırkı Xəzər) rayonunun Türkan ərazisində 0,12 hektar torpaq sahəsi olan 989/5 №-li bağ sahəsinin nömrəsindəki uyğunsuzluğu aradan qaldırılmaqla İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə xərcləri ilə bağlı Məhkəmə İnzibati Prosessual Məcəlləsinin Xİİİ fəslini rəhbər tutur. Belə ki, İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.5-ci maddəsinə əsasən, proses iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərində, prosessual xərclərin ödənilməsi, prosessual xərcin yaranmasında təqsiri olan proses iştirakçısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. İşdə olan 01/16/197 nömrəli smetadan görünür ki, mütəxəssis rəyi ilə əlaqədar prosessual xərclər 311 (üç yüz on bir) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 12.07.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyi ilə əlaqədar ödəniş həyata keçirilmişdir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci, 85-ci və 110-cu maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi olan 989/5 №-li bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-315/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-315/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver