Məhkəmə qərarları › İş №2-1(112)-315/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-315/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-315/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndələri X2 və X6, üçüncü şəxs X4 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdehnə qarşı “artıq ödənilmiş müavinətin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Cavabdehnə qarşı X7 üçüncü şəxs qismində göstərilməklə, “artıq ödənilmiş müavinətin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14152,69 (on dörd min bir yüz əlli iki manat altmış doqquz qəpik) manat məbləğində vəsaitin tutularaq, Filialın hesabına geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (əvvəlki adı: “X1 Group” MMC) (bundan sonra - MMC) tərəfindən MMC-də çalışan sığortaolunan, X5 (FİN: 2EEGTPP; SSN: **********676) aid aşağıdakı cədvəldə qeyd olunan əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş haqq-hesab cədvəllərinə yenidən baxılmışdır. Məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun həyata keçirilir. Əsasnamənin 28-ci hissəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Haqq-hesab cədvəllərinə yenidən baxış keçirilən zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləğləri hesablanarkən vəzifə maaşının yanlış qeyd edilməsi səbəbindən iki aylıq vəzifə maaşından artıq qazancın nəzərə alındığı və nəticə etibarilə müavinət məbləğinin düzgün hesablanmadığı məlum olmuşdur. Belə ki, MEİS-in “Əmək müqavilələri” altsistemində qeyd olunan məlumatlara əsasən müvafiq dövr üçün sığortaolunanın vəzifə maaşı 1115,00 manat (bir min yüz on beş manat) olmasına baxmayaraq bir qayda olaraq 3894,97 manat (üç min səkkiz yüz doxsan dörd manat doxsan yeddi qəpik) qeyd edilmişdir. Bu səbəbdən ümumilikdə ödənilmiş 32750,97 manat (otuz iki min yeddi yüz əlli manat doxsan yeddi qəpik) məbləğdə müavinətdən, 14152,69 manat (on dörd min yüz əlli iki manat altmış doqquz qəpik) artıq ödəmə halı yaranmışdır. Göründüyü kimi, sığortaolunan R.İsmayılov üçün artıq ödənilmiş 14152,69 manat (on dörd min yüz əlli iki manat altmış doqquz qəpik) Filialın xəzinə hesabına geri qaytarılmalıdır. Qeyd olunur ki, MEİS-in “Əmək müqavilələri” altsistemində olan məlumatlara əsasən, R.İsmayılovun cavabdehlə bağladığı əmək müqaviləsinə 2 mart 2021-ci il tarixində xitam verilmişdir. Əsasnamənin 119-cu və 123-cü hissələrinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Əsasnamənin 116-cı hissəsinə əsasən artıq verilmiş müavinət məbləği müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əmək haqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürüİür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Göründüyü kimi, sığortaolunanın əməkhaqqından tutulma aparmaq mümkün olmadığı hallarda, qanunvericilik sığortaedənin artıq ödənilmiş məbləği sığortaolunandan könüllü və ya məhkəmə qaydasında tələb etməli olduğunu müəyyən edir. Yəni Əsasnamənin yuxarıda qeyd olunan hissəsində sığortaedənin sığortaolunandan artıq ödənilmiş məbləği tutmasının işçi-işəgötürən münasibətlərinin mövcudluğundan asılı olaraq 2 fərqli üsulu göstərilir. Aydındır ki, sığortaedənin məbləği müavinət alan şəxsdən tutması üçün hər hansı təsir mexanizmi yoxdursa, məbləği könüllü tələb etməli, tələb təmin edilmədikdə məhkəmədə mülki qaydada iddia qaldırmalıdır. Məbləğin Fonda geri qaytarılması isə birmənalı olaraq müvafiq haqq-hesab cədvəllərini MEİS-ə daxil edən, müavinət sənədlərini Fonda təqdim edən sığortaedənin öhdəliyidir. Belə ki, haqq-hesab cədvəllərinin MEİS-ə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir, sığortaolunan bu prosesin iştirakçısı deyil, müavinət məbləğinin hesablanmasında və daxil edilməsində hər hansı rolu yoxdur, yalnız əmək qabiliyyətinin olmaması vərəqəsini sığortaedənin mühasibatlığına təqdim etmək öhdəliyi var. Qeyd olunanlara əsasən, sığortaolunan sığortaçıya münasibətdə məhkəmə mübahisəsinin subyekti ola bilməz. Bu səbəbdəndir ki, Qanunun 29-cu maddəsinə əsasən, sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır .Yəni sığortaçı ilə yalnız sığortaedən arasında mübahisə olduqda məsələyə məhkəmə qaydasında baxılır, sığortaçı ilə sığortaolunan arasında hər hansı qarşılıqlı fəaliyyət olmadığından aralarında mübahisə baş verməsi və mübahisənin həlli yolu nəzərdə tutulmamışdır. Qeyd olunan mübahisədə sığortaolunanın xeyrinə 14152,69 manat məbləğində əsassız varlanma hadisəsi mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd olunur: əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mübahisə predmeti olan halda vətəndaş R.İsmayılov Fondun vəsaiti hesabına əsassız varlanmışdır və onun üzərinə düşən öhdəlik əldə etdiyi artıq vəsaiti məhz sığortaedənə qaytarmaqdır. Çünki, sığortaedən artıq ödənilmiş məbləği Fonda öz büdcəsi hesabına qaytardığı üçün artıq məhrum olan tərəfə çevrilir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsasnamənin 116-cı bəndində də bu hala nəzərən məhkəmə qaydasında alınmadan bəhs edilir. Əlavə olaraq, sığortaedənin Fonda geri qaytarmalı olduğu məbləği, haqq-hesab cədvəlini MEİS-ə daxil etmiş məsul şəxsdən geri tələb etmək hüququ vardır, daha öncə də qeyd etdiyimiz kimi, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini darə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb reqres) hüququ vardır. Artıq ödəmə halı ilə əlaqədar olaraq Filial tərəfindən sığortaolunanın "xxxx" ASC-dəki AZ29TURA******************** nömrəli hesabına artıq ödənilmiş vəsaitin Filialın xəzinə hesabına geri qaytarılması ilə bağlı 15 iyul 2022-ci il **********7 nömrəli, 27 oktyabr 2022-ci il tarixli **********1 nömrəli məktublar ünvanlanmışdır. Buna baxmayaraq, artıq ödənilmiş müavinət məbləğinin geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən, Filial tərəfindən 10 may 2023-cü il tarixli 3- 17-1/2- 104530/2023 nömrəli məktubla MMC-yə bir daha müraciət edilərək R.İsmayılov üçün artıq ödənilmiş müavinətin geri qaytarılmayacağı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmiş, MMC 13 iyun 2023-cü il tarixli NPO/23-M nömrəli cavab məktubu ilə artıq ödənilmiş müavinətin geti qaytarılmasından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərardadını ləğv edərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Baki Apellyasiya Məhkəməsinin 2-1(103)-2105/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1663/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra cavabdeh iddia tələbinə münasibətdə yazılı etiraz təqdim təqdim etmişdir. Etiraza əsasən işəgötürən tərəfindən işçinin əmək qabiliyyətinin itirilməsinə görə təyin olunan müavinətla bağlı məlumatlar egov.az portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altsistemində “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” bölməsinə daxil edilir. Daha sonra həmin məlumatlar DSMF tərəfindən yoxlanılır, əgər hər hansı yanlışlıq varsa, müavinətin ödənilməsindən imtina edilir və imtinanın səbəbləri işəgötürənə portal vasitəsilə bildirilir (imtinanın nümunəsi etiraza əlavə edilir). X5 hesablanmış müavinatla bağlı məlumatlar da həmin portal vasitəsilə DSMF-yə təqdim edilmiş, DSMF tərəfindən həmin sənədlər və məlumatlar yoxlanılmış və onun əsasında X5 əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilmişdir. Göründüyü kimi müavinətin ödənilməsi tək işəgötürənin qərarı ilə deyil, həm də həmin qərarın və digər sənədlərin DSMF tərəfindən yoxlanılmasından sonra həyata keçirilir. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarının 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Həmin bəndin davamında qeyd edilir ki, əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Bu müddəadan açıq-aşkar məlumdur ki, artıq ödənilmiş müavinat əgər işçi artıq həmin müəssisədə işləmirsə, işçinin özündən könüllü şəkildə alınır və ya işçidən məhkəmə qaydasından məcburi olaraq tutulur. Bu bənddə işəgötürənin məsuliyyəti qeyd olunmur. Artıq ödənilmiş müavinat X3 alınmalı və ya məhkəmə qaydasında ondan məcburi olaraq tutulmalıdır. İddiaçı bu bəndi öz özlüyündə “şərh” etmiş, həmin bənddə cavabdehin məsuliyyətinin olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, hazırkı mübahisə üzrə iddia ərizəsindən görünür ki, tələb üçüncü şəxsə artıq verilmiş müavinət məbləğinin iddiaçının xeyrinə tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasında ibarət olmuşdur. Qeyd olunmalıdır ki, həmin vəsaitin tələb edilməsinə əsas, vaxtilə ilə cavabdehin işçisi olmuş R.Y.İsmayılova ödənilmiş artıq vəsaitlə əlaqədardır. Məhkəmə hesab edir ki, qeyd edilən halda R.Y.İsmayılova artıq vəsait ödənildiyinə görə, həmin vəsait cavabdehdən yox, həmin şəxsdən tutulmalı, bu barədə tələb iddiaçı tərəfindən ona qarşı irəli sürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”:

1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir...

2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Əsasnamənin 116-cı maddəsi artıq verilmiş müavinətin qaytarılması ilə bağlı halları tənzimləyir. Həmin normaya görə,artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Müavinət alarkən sui-istifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən, məhkəmənin qərarı ilə aliment və ailə başçısının xəsarət almasına, yaxud sağlamlığının başqa şəkildə pozulmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur. Göründüyü kimi, müvafiq qanunvericilikdə artıq ödənilmiş müavinət məbləğinin tutulmasının 3 qaydası müəyyən edilmişdir. Birinci qayda, işçinin həmin müəssisəsədə işləməsi, digər iki qayda isə işçinin müəssisədə işləməməsi halı ilə bağlıdır. Belə ki, birinci hal, sığortaolunanın işlədiyi müəssisənin mühasibatlığı tərəfindən işçidən tutulmaqla təmin edilməsidir. Digər ikinci və üçüncü qayda qeyd edildiyi kimi sığortaolunanın işləmədiyi hallara aiddir ki, bunlardan biri könüllü və ya məhkəmə qaydasında tutulma yolu ilə müəyyən edilmişdir. Qeyd edilən normanın aydın olması üçün “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda verilən anlayışları nəzərə yetirmək lazımdır. Həmin Qanunun: Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər. Baxılan işdə sığortaçı – iddiaçı, sığortaedən – cavabdeh, sığortaolunan isə üçüncü şəxsdir. İşin mübahisələndirilməyən halıdır ki, üçüncü şəxs cavabdeh müəssisədə işləmir və əmək münasibətlərinə xitam verilib. Əgər əmək münasibətləri davam etsə idi, o zaman arıq ödənilmiş vəsait cavabdeh müəssiə (sığortaedən) tərəfindən üçüncü şəxsin (sığortaolunanın) əmək haqqından tutulaqcaqdı. Əsasnamənin qeyd edilən normanın tələbləri bu istiqamətdədir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəli münasibəti tənzimləyən normativ hüquqi aktda cavabdeh qismində çıxış edən Cavabdeh MMC yalnız tutulmanın təmin edilməsini həyata keçirən müəssisə kimi müəyyən edilmişdir. İddiaçının iddia tələbində isə müvafiq məbləğin Cavabdeh MMC tərəfindən ödənilməsi tələb olunur. Hazırkı halda isə sığortaolunanın müəssisədə işləmədiyi nəzərə alındıqda yuxarıda qeyd edilmiş ikinci və ya üçüncü qayda tətbiq edilməklə, yəni sığortaolunan tərəfindən könüllü və ya cavabdeh qismində sığortaolunan çıxış etməklə məhkəmədə iddia qaldırılmaqla artıq ödənilmiş müavinət geri alına bilər. İddiaçı hesab edir ki, bu halda həmin vəsait üçüncü şəxsdən deyil, cavabdehdən tutulmalıdır. Çünki, Əsasnamənin 119-cu maddəsinə görə, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır. İlk növbədə vurğulanmalıdır ki, qanunvericiliyin məqsədi, artıq ödənilmiş vəsaitin məhz müəssisədən (sığortaedəndən) tutulması olsaydı, bu prinsip həm işçinin həmin müəssisədə əmək münasibətlərini davam etdirdiyi hallarda, həm də əmək münasibətlərinin bitməsi halında öz əksini tapardı. Halbuki, qanunvericilikdə bu kimi hallar arasında fərq qoyulmur və artıq ödənilmiş vəsaitin məhz ondan faydalanan şəxsdən tutulması əsas prinsip kimi qəbul edilir. Bu yanaşmanın hüquqi məntiqi ondan irəli gəlir ki, artıq ödənilmiş vəsaitin əldə edilməsi nəticəsində yararlanan şəxs işəgötürən deyil, işçidir. Belə bir vəziyyətdə həmin vəsaitin işəgötürəndən tutulması, hüququn təməl prinsiplərindən olan ədalətlilik prinsipinə zidd olar, çünki bu, bir tərəfin – işçinin əsassız zənginləşməsinə və digər tərəfin – işəgötürənin əsassız maliyyə itkilərinə səbəb olar. Hüququn məntiqi və qanunvericiliyin məqsədi isə heç bir tərəfin əsassız üstünlük və ya zərərə məruz qalmamasını təmin etməkdir. Qanunun tətbiqi zamanı ədalətlilik prinsipi ilə yanaşı, əsassız varlanma ilə bağlı hüquq norması da nəzərə alınmalıdır. Əgər qanunvericilikdə artıq ödənilmiş məbləğin yalnız işəgötürən tərəfindən qaytarılması tələb edilərsə, bu, həm də hüquq münasibətlərində balanssızlıq yarada bilər. Belə yanaşma həm hüquqi ədalətlilik prinsipinə, həm də tərəflər arasında bərabər hüquq və öhdəliklərin təmin edilməsi məqsədinə uyğun olmaz. Buna görə də, artıq ödənilmiş vəsaitin məhz həmin vəsaitdən birbaşa yararlanan işçidən tutulması qanunvericiliyin ruhuna və hüquq prinsiplərinə daha uyğun gəlir. Əsasnamənin 119-cu maddəsinə görə, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Məhkəmə cavadehin həmin normaya istinad edərək artıq vəsaitin cavabdehdən tutulmalı olması barədə arqumentini əsassız hesab edərək qeyd edir ki, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyəti, intizam və ya buna əsaslar olduqda inzibati xəta və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən hal, artıq vəsaitin köçdüyü işçidən deyil, işəgötürəndən tutulması kimi təfsir edilə bilməz. Məhkəmə təkrar olaraq qeyd edir ki, qanunvericiliyin məqsədi, müəssisənin müavinətlərin təyin edilməsində məsuliyyət daşımasına əsaslnaraq həmin vəsaitin işögötürəndən tutulmasına yönəlmiş olsa idi, o zaman işçi həmin müəssidə işlədiyi təqdirdə də, həmin vəsaitin işəgötürəndən tutulmasını tənzimləyərdi. Lakin normamın məzmunundan göründüyü kimi, bu qayda bu şəkildə deyil, sığortaedən (müəssisə cavabdeh) tərəfindən, sığortaolunanın (işçinin – üçüncü şəxsin) əmək haqqındn tutulması şəklində tənzimlənmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə iddia tələbə cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən iddia mümkünlük şərtini ödəmir. Həmçinin məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsi növbəti iş üzrə xx.xx.2025-ci il tarixli 2-1(103)-896/2025 nömrəli qərardadında eyni hüquqi mövqedən çıxış etmişdir. Məhkəmə həmin vəsaitin işəötürəndən tutulması, iddiaçı ilə üçüncü şəxs arasında hər hansı publik müasibətlərin olmaması ilə bağlı qeyd edir ki, analoji mübahisələr üzrə, vəfat edən əmək pensiyaçısının kart hesabına artıq ödənilmiş vəsaitin onun vərəsəsindən tutulmasına dair işlərdə də analoji vəziyyət mövcud olur. Artıq vəsaiti alan şəxslə (əmək pensiyaçısının vərəsəsi ilə) pensiya orqanı arasında hər hansı publik münasibət mövcud olmur. Lakin DSMF public münasibətlər çərçivəsində ödənilmiş həmin vəsaiti mülki qaydada tələb edə bilmədiyindən formalaşmış məhkəmə təcrübəsinə əsasən bu iddialara da inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxılır. Odur ki, hazırkı işdə də, iddiaçı ilə üçüncü şəxs arasında publik münasibətlərin olmaması, həmin vəsaitin inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə tələb etmək hüququnu istisna etmir. Çünki mübahisənin xarakteri publik münasibətlərə əsaslanır və sosial sığorta ilə bağlı qanunvericiliyin tələbləri mülki mühakimə icraatı qaydasında deyil, inzibati mühakimə icraatı qaydasında araşdırılmalı olan məsələdir. Yuxarıda qeyd edilənlər və iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri İPM-in 13-cü maddəsinə müvafiq olaraq məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsinə izah edilmiş, iddiaçının dinlənilmə hüquqi təmin edilmişdir. Məhkəmə qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdehnə qarşı “artıq ödənilmiş müavinətin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar