Məhkəmə qərarları › İş №2-1(112)-3150/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3150/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3150/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlu, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Ağcabədi Rayon Polis Şöbəsinə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Ağcabədi Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, 769-001-20 saylı əmrinin 2-ci bəndi və həmin əmrə əsasən verilmiş Ağcabədi Rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, Ə7Ş/H-129-20 saylı əmrinin ləğv olunması, İddiaçı həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 mart 2020-ci il tarixli, 2-1(112)-3150/2020 saylı qərardadına əsasən iş üzrə Ağcabədi Rayon Polis Şöbəsinin prosessual hüquqi statusu üçüncü şəxsdən cavabdehə dəyişdirilmişdir. Hazırlıq icraatı mərhələsində növbəti məhkəmə iclası 06 iyul 2020-ci il tarixə, saat 09:50-yə təyin edilmiş, lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq məhkəmə iclaslarının keçirilməsi təxirə salınmışdır. 27 iyul 2020-ci il tarixdə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Ağcabədi Rayon Polis Şöbəsinə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar