Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3154/2021 04.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28A, ev 36; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Cavabdeh Hüquq şöbəsi, hüquqşünas) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə razılıq verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq iddiaçının istifadəsində olan Vidadi küçəsi 80 saylı binada yerləşən və uzun müddətdir istifadəsində olan qeyri-yaşayış sahəsinin iddiaçının icarəsinə verilməsinə razılıq verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Vidadi küçəsi 80 saylı binada yerləşən qeyriyaşayış sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir, lakin ona icarəyə verilməmişdir. Həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olmasını 42 saylı Mənzil Kommunal İstismar Sahəsinin Arayışı da sübut edir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəfin izahatını dinlləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 42 saylı Mənzil Kommunal İstismar Sahəsinin 43 nömrəli xx.xx.2020-ci il tarixli Arayışına əsasən İddiaçı Vidadi küçəsi 80 saylı binada yerləşən qeyri-yaşayış sahəsindən 3 ildən artıqdır ki, istifadə edir. Sahəsi 20 m2-dən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli Ə-300-131 nömrəli iddiaçının müraciətinin təmin edilməsindən imtina məktubunda göstərilmişdir: “istifadənizdə olan Yasamal rayonu, Vidadi küçəsi 80 saylı binada yerləşən qeyri-yaşayış sahəsinə dair sizin hüquqmüəyyənedici sənədiniz olmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyildir.” Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Cavabdeh tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olması, qeyri-yaşayış fondu obyekti olması, həmçinin İddiaçı istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 2476/d saylı xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir: “Sorğularınız ilə əlaqədar olaraq bildiririk ki, Rayon İcra Hakimiyyətinə daxil olmuş sorğunuzdakı qeyd olunan sualların cavablandırılması məqsədi ilə tərəfimizdən Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə məktub göndərilmişdir. Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 42 saylı Mənzil Kommunal istismar Sahəsindən məktuba cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 80 saylı bina Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Həmin binada yerləşən 20 (iyirmi) m2 obyekt (qeyriyaşayış sahəsi) İddiaçı istifadəsindədir. Yasamal rayonu, Vidadi küçəsi 80 saylı bina 1910cu il tarixdə tikilib istifadəyə verilmişdir.” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir. Həmin Əsasnamənin 4.16.2-ci bəndinə əsasən idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndiskommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyri-yaşayış binaları, təhsil, mədəniyyət, səhiyyə və idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak da ola bilər. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Vidadi küçəsi 80 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olması, qeyri-yaşayış fondu obyekti olması, həmçinin İddiaçı istifadəsində olması işin mübahisələndirilməyən halı olduğundan hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Baki şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 80 saylı binada yerləşən və uzun müddətdir İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin iddiaçının icarəsinə verilməsinə razılıq verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 33-cü, 52-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Baki şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 80 saylı binada yerləşən və uzun müddətdir İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin iddiaçının icarəsinə verilməsinə razılıq verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3154/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3154/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver