Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3154/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “övladının bağçaya bərpa edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “övladı 23 may 2017-ci il təvəllüdlü (6 yaş) X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarının 2-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (Bakı şəhəri üzrə Təhsil İdarəsinə) həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 may 2017-ci il təvəllüdlü (6 yaş) X3, Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya gedirdi. Cari ilin may ayında, 6 yaşı tamam olduğu üçün bağçadan qeyri-qanuni olaraq xaric olundu. Bağça rəhbərliyi tərəfindən bildirildi ki, 2023-2024-cü tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu Elm və Təhsil Nazirliyinin (Bakı şəhəri üzrə Təhsil idarəsi) qərarına əsasən bağçaya qəbul 5 yaşadək müəyyən edilmiş və 6 yaşı tamam olan uşaqlar Elm və Təhsil Nazirliyinin https://www.bq.edu.az/ sistemindən avtomatik olaraq çıxarılmışdır. Elm və Təhsil Nazirliyinin sözügedən qərarı qanunaziddir. Belə ki, sözügedən məsələ ilə əlaqədar hüquq məsləhətxanasına müraciət etdim. Hüquqşünas bildirdi ki, Elm və Təhsil Nazirliyinin qərarı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarının 2-ci bəndinə ziddiyət təşkil edir. Belə ki, “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər, yəni, 6 yaş tamam olsa belə uşaqlar bağçaya qəbul edilir, qəbul edilirsə demək 1 il bağçada tərbiyyə alır. Həmçinin hüquqşünas qeyd etdi ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.8-ci maddəsinə əsasən (Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) mərkəzi icra hakimiyyəti orqanlarının, nazirliklərin normativ hüquqi aktları - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Bakı şəhəri üzrə Təhsil İdarəsinə gedib rəsmi ərizə ilə qanunun tələbini bildirdi və övladının bağçaya bərpa olunmasını xahiş etdi. Cavab olaraq, kobud şəkildə bildirildi ki: - bir tək sənin uşağına görə 6 yaş qrupu açmayacağıq, Elm və Təhsil Nazirliyinin qərarı belə verilibsə demək qanun belə də icra olmalıdır. Həmin günü rəsmən ərizə ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdi. Sözügedən ərizədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarının 2-ci bəndindi əsas gətirib övladı 23 may 2017-ci il təvəllüdlü (6 yaş) X2, Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya bərpa edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiri Mehriban Vəliyevadan cavab məktubu gəlmişdir. Sözügedən məktubda qeyd olunmuşdur ki: - Sizin ünvan 1 ünvanlanmış eyni məzmunlu müraciətlərinizə aidiyyəti üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Cavab məktubundan da görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi özü vurğulayır ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. X1 23 may 2017-ci il təvəllüdlüdür, yəni 6 yaşı var. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 vaş daxil olmaqla) uşaqlar qəbul edilirlər, yəni 6 yaş tamam olsa belə, uşaqlar bağçaya qəbul edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.8-ci maddəsinə əsasən (Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) mərkəzi icra hakimiyyəti orqanlarının, nazirliklərin normativ hüquqi aktları - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarının 2-ci bəndinə əsasən övladı 23 may 2017-ci il təvəllüdlü (6 yaş) X2, Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (Bakı şəhəri üzrə Təhsil İdarəsi) həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia əsassız olduğundan, həmçinin inzibati işlərə dair iddia ərizələrinin mümkünlük şərtlərinə cavab vermədiyindən rədd edilməlidir. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin məhkəmə tərəfindən iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Hazırkı iş üzrə iddiaçı onun çatmaq istədiyi məqsədə uyğun olmayan, düzgün olmayan iddia qaldırmış, nəticədə iddianın mümkünlüyü ilə bağlı şərt pozulmuşdur. Eyni zamanda, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin qeyd edilən mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya və onun övladına münasibətdə hüquqi nəticə yaradacaq və təhsil hüquqlarının pozuntusuna səbəb olacaq inzibati akt qəbul edilməmiş və ya faktiki xarakterli hərəkət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən ünvanlanan çoxsaylı müraciətlərə cavab məktublarında bildirilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul bq.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir, 2017-ci il təvəllüdlü uşaqların sistem üzərindən məktəbəqədər təhsil müəssisəsinə qəbulu mümkün deyil və o, 2024-2025- ci tədris ili üzrə birinci siniflərə qəbul başlayan zaman mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladını qeydiyyatdan keçirə bilər. Göründüyü kimi, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 2017-ci il təvəllüdlü uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemi vasitəsilə aparılması digər təhsilalanlarla birgə iddiaçının övladına da eyni qaydada şamil edilir. Bu səbəbdən tərəfin övladının elektron qaydada sistemdən çıxarılması ilə bağlı qeyd etdiyi məsələ onun övladına münasibətdə müstəsna hal yaratmır. Belə ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.7-ci maddəsində beş yaşına çatmış uşaqların məktəbəhazırlığının zəruriliyi məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi göstərilmiş və həmin Qanunun 8.4-cü maddəsində məktəbəhazırlığın zəruriliyi təkrar vurğulanmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında ibtidai təhsil 6 yaşdan başlanır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-29/2-M-10997/2-11/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-29-59/2-3993/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə iş üzrə xx.xx.2017-ci il təvəllüdlü X2 240 nömrəli bağçadan xaric edilməsi ilə bağlı inzibati icraat materialları təqdim edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-29-59-1-M-5736-4-2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul bq.edu.az elektron sistemi vasitəsi ilə həyata keçirilir. 2017-ci il təvəllüdlü uşaqların sözügedən elektron sistem üzərindən qeydiyyatdan keçməsi mümkün deyil. Övladı üçün 2024-2025-ci tədris ili üçün mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə sorğu yerləşdirə bilər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı TN-M-1882 saylı xx.xx.2023-cü il tarixli və TN-M-1889 saylı xx.xx.2023cü il tarixli ərizələrinə cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul bq.edu.az elektron sistemi vasitəsi ilə həyata keçirilir. 2017-ci il təvəllüdlü uşaqların sistem üzərindən məktəbəqədər təhsil müəssisəsinə qəbulu mümkün deyil. Övladını 2024-2025-ci tədris ili üzrə birinci siniflərə qəbul başlayan zaman mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə qeydiyyatdan keçirə bilər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı TN-M-1628 saylı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul bq.edu.az elektron sistemi vasitəsi ilə həyata keçirilir. 2017-ci il təvəllüdlü uşaqların sistem üzərindən məktəbəqədər təhsil müəssisəsinə qəbulu mümkün deyil. Övladını 2024-2025ci tədris ili üzrə birinci siniflərə qəbul başlayan zaman mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə qeydiyyatdan keçirə bilər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. 8.2. Məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.3. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. 8.4. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir. 13.4. Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. 13.5. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 13.20. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı Qərarına əsasən: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1 Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2 İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.4 Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının övladı 23 may 2017-ci il təvəllüdlüdür. İşin tam obyektiv və hərtərfəli həlli baxımından ağlabatan araşdırılma müddəti nəzərə alınmaqla belə nəticəyə gəlmək olur ki, iddia əsaslı olduğu halda belə onun icrası mümkün olmayacaqdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə müraciət edərkən 2023-2024-cü tədris ilinin artıq başlamış olmasını, hazırda övladının 7 yaşının tamam olmasına və tədris ilinin yekunlaşmasına qısa müddətin qalmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunacağı halda belə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətlər nəzərə alınmaqla qərarın icrası mümkün olmayacaqdır. Belə olan halda iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən hazırkı tələbə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İddiaçıya çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq səlahiyyətli quruma (imtina edilməsi halında müvafiq tələblə inzibati məhkəməyə) müraciətin edilməsi hüququ izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova