Məhkəmə qərarları › İş №2-1(112)-3155/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3155/2021

22.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3155/2021 22.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binasının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən ona məxsus 2 mərtəbəli, zirzəmili, (1-ci mərtəbədə zal sahəsi – 83.0 kv.m, 2-ci mərtəbədə ticarət zalı – 79.1 kv.m, sanitar qovşağı – 1.5 kv.m, zirzəmidə anbar - 4.8 kv.m, zirzəmi – 72.2 kv.m) qeyri-yaşayış binasının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən (mağaza) qeyriyaşayış sahəsi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentindən verilmiş mülkiyyət hüququ haqqında xx.xx.2003-cü il tarixli, 000742 nömrəli şəhadətnaməyə əsasən ona məxsus olmuşdur. Sabunçu rayonunda, o cümlədən, Bakıxanov qəsəbəsində aparılan abadlıq işləri və yolun genişləndirilməsi ilə bağlı qeyd edilən qeyri-yaşayış sahəsi geri çəkilməklə yenidən qurulmuşdur. Həmin qeyri-yaşayış sahəsi zirzəmi və iki mərtəbədən ibarətdir. Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə qeydiyyata alınması ilə əlaqədar obyektin layihəsi razılaşdırılması üçün Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, M-109 saylı məktubu ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsindən Sabunçu rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2013-cü il tarixli, 18/03-8/1512 saylı məktubla Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən ona məxsus qeyriyaşayış sahəsinin mövcud vəziyyətdə qeydiyyata alınmasına etiraz edilmədiyi və qeyd edilən layihənin razılaşdırıldığı bildirilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən ona məxsus iki mərtəbəli, zirzəmili (1-ci mərtəbədə zal sahəsi- 83.0 kv.m, 2-ci mərtəbədə ticarət zalı – 79.1 kv.m, sanitar qovşağı – 1.5 kv.m, zirzəmidə anbar – 4.8 kv.m, zirzəmi – 72.2 kv.m) qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə qeydiyyata alınması barədə 30 sentyabr 2013-cü il tarixli, 517 nömrəli sərəncam imzalamışdır. Daha sonra 20 may 2014-cü il tarixdə ona məxsus qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı tərtib edilərək təsdiq olunmuşdur. Hazırda ona məxsus qeyri-yaşayış sahəsi təyinatı üzrə istifadə edilməkdədir. Göründüyü kimi, ona məxsus qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olan bütün sənədlər mövcuddur: yenidən qurulmuş qeyri-yaşayış sahəsinin əvvəllər mövcud olmasına dair şəhadətnamə və texniki pasport; qeyri-yaşayış sahəsinin yenidən qurulmasına dair razılaşdırılmış layihə; yenidən qurulmuş qeyri-yaşayış sahəsinin qeydiyyata alılnması barədə sərəncam; qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı. Bütün bunlara baxmayraq isə cavabdeh orqan ona məxsus qeyriyaşayış sahəsinin hüquqi qeydiyyata alınmasından imtina etmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvavnda yerləşən ona məxsus iki mərtəbəli, zirəmili (1-ci mərtəbədə zal sahəsi – 83.0 kv.m, 2-ci mərtəbədə ticarət zalı – 79.1 kv.m, sanitar qovşağı – 1.5 kv.m, zirzəmidə anbar – 4.8 kv.m, zirzəmi – 72.2 kv.m) qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə qeydiyyata alınması barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2013-cü il tarixli, 517 nömrəli sərəncamını, əvvəl mövcud olmuş qeyri-yaşayış sahəsinə dair şəhadətnaməni, qeyri-yaşayış sahəsinin yenidən qurulmasına dair razılaşdırılmış layihəni və qeyr-yaşayış sahəsinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktını əsas tutaraq cavabdeh orqana ərizə ilə müraciət etmişdir və həmin qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, xx.xx.2020-ci il tarixli məktubla ərizəsinin icrasının mümkünsüz olduğu bildirilmişdir. Cavabdeh orqan imtinaya səbəb kimi qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına əsas verən sənədlərin təqdim edilməməsini göstərmişdir. Halbuki, qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması üçün bütün zəruri sənədləri ərizəyə əlavə edərək cavabdeh orqana göndərmiş, ərizəyə əlavə etdiyi şəhadətnamə, sərəncam, layihə və akt ona məxsus qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması üçün əsas yaratmış, ərizəsinin icrasından imtina edilməsinə hər hansı bir əsas mövcud olmamış və bu mənada hesab edir ki, cavabdeh orqan ona məxsus qeyri-yaşayış sahəsini dövlət qeydiyyatına almaqdan əsassız olaraq imtina etmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün əsaslar göstərilmiş və cavabdeh orqan tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilərkən həmin Qanunda qeyd olunan əsasların heç biri müəyyən edilməmişdir. Bundan başqa, ünvan 3 ünvanda yerləşən (mağaza) qeyriyaşayış sahəsi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentindən verilmiş mülkiyyət hüququ haqqında xx.xx.2003-cü il tarixli 000742 nömrəli şəhadətnaməyə əsasən ona məxsus olmuş, sonradan Sabunçu rayonunda, o cümlədən Bakıxanov qəsəbəsində aparılan abadlıq işləri və yolun genişləndirilməsi ilə bağlı qeyd edilən qeyri-yaşayış sahəsi geri çəkilməklə yenidən qurulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in yuxarıda qeyd edilən müddəasının tələbini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatına əsasən koronavirus infeksiyasının (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 18 yanvar 2021-ci il tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflər məhkəməyə ərizə ünvanlayaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş Müəssisə və X2 surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 36/1 saylı mağazaya dair texniki pasport xx.xx.2000-ci il tarixdə, 001095 nömrəsi ilə tərtib edilmişdir. Əmlakın balans saxlayıcısı və ya mülkiyyətçisi kimi DƏN-in Ticarət və Xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi göstərilmişdir. Obyektin əsas göstəricilərində - tikinti altı sahəsi 50.5 kv.m, ümumi sahə 45.3 kv.m, əsas sahə 41.8 kv.m, köməkçi sahə 3.5 kv.m göstərilmişdir. İşdə olan ******* qeydiyyat nömrəli, xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə İddiaçı verilmişdir, ona görə ki, o, həqiqətən Bakı şəhəri, Sabunçu rayonu, Fətəliyev küçəsində yerləşən 36/1 saylı mağazanın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş, ünvan 4 ünvanındakı mövcud İddiaçı məxsus mağazanın eskiz layihənin surətindən görünür ki, ünvan 5 ünvanındakı 2 mərtəbəli mövcud mağazanın eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhəralma Baş İdarəsi tərəfindən 18/03-8/1512 nömrə ilə, xx.xx.2013-cü il tarixdə razılaşdırılmışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 517 nömrəli, 30 sentyabr 2013-cü il tarixli “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə qeydiyyata alınması haqqında” sərəncamın surətindən görünür ki, İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin yenidənqurmadan sonra mövcud vəziyyətdə qeydiyyata alınmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyekti Daşınmaz Əmlakın İdarə Olunması və Özəlləşdirilməsi Departamentindən verilmiş mülkiyyət hüququ haqqında xx.xx.2003-cü il tarixli, 000742 saylı şəhadətnaməyə əsasən İddiaçı şəxsi mülkiyyətindədir. Sabunçu rayonunda aparılan abadlıq işləri və mövcud yolun genişləndirilməsi ilə bağlı qeyd edilən obyekt geri çəkilməklə yenidən qurulmuşdur. Halhazırda həmin obyekt zirzəmi və iki mərtəbədən ibarətdir. ünvan 1 ünvanda yerəlşən qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə qeydiyyata alınması ilə əlaqədar obyektin layihəsi razılaşdırıması üçün Sabunçu rayon İcra Hakimiyyətnin xx.xx.2013-cü il tarixli, M- 109 saylı məktubu ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir. Bakı şəhər Memarlıq və Şəhəsalma Baş İdarəsindən Sabunçu RİH-nə daxil olmuş xx.xx.2013-cü il tarixli, 18/03-8/1512 saylı məktubla ünvan 7 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə qeydiyata alınmasına etiraz edilmədiyi və qeyd edilən layihənin razılaşdırıldığı bildirilmişdir. Qeyd edilənləri və “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməni rəhbər tutaraq, ünvan 7 ünvanda yerləşən vətəndaş İddiaçı məxsus olan və layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 18/03-8/1512 saylı məktula razılaşdırılan iki mərtəbəli, zirzəmili, 1-ci mrətəbədə zal sahəsi – 83.0 kv.m, 2-ci mərtəbədə ticarət zalı – 79,1 kv.m, sanitar qovşağı – 1.5 kv.m, zirzəmidə anbar – 4.8 kv.m, zirzəmi – 72.2 kv.m qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə qeydiyyata alınması qərar alınmışdır. İşdə olan Tikinti-Quraşdırma İşləri Başa X4 Qəbul edilməsi Haqda Qəbul Komissiyasının 20 may 2014-cü il tarixli aktından görünür ki, ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi istismara qəbul edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********87 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakn dövlət reyestrində qeydiyyatta alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsinə tərəflərindən baxımış, müraciətlə əlaqədar araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənəd təqdim edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya məxsus olmuş ünvan 10 ünvanında yerləşən 36/1 saylı mağaza Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən onun mülkiyyətində olmuş, Sabunçu rayonunda aparılan abadlıq işləri və mövcud yolun genişləndirilməsi ilə bağlı qeyd edilən obyektin geri çəkilməsinə zərurət yarandığından, həmin obyekt geri çəkilərək yenidən qurulmuş, yenidən qurulmuş qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhəralma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və qeyri-yaşayış obyekti Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 517 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən mövcud vəziyyətdə qeydiyyata alınmış və qəbul komissiyasının aktı ilə qeyri-yaşayış sahəsi istismara qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə cavabdehə hüquqmüəyyənedici sənədləri təqdim etmişdir ki, həmin sənədlər də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının qeyd olunan qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0cı və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyicı sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, imtinaya əsas olan hallar əsaslandırılmamışdır. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus 2 mərtəbəli, zirzəmili, (1-ci mərtəbədə zal sahəsi – 83.0 kv.m, 2-ci mərtəbədə ticarət zalı – 79.1 kv.m, sanitar qovşağı – 1.5 kv.m, zirzəmidə anbar - 4.8 kv.m, zirzəmi – 72.2 kv.m) qeyri-yaşayış binasının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar