Məhkəmə qərarları › İş №2-1(112)-3155/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3155/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3155/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar İddiaçı, X3 və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların qeyriyaşayış sahələrinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışların verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 5 oktyabr 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 5 (yeni qaydalarla AZ: 1100, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 62,40 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ iddiaçı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri pııblik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə 5 oktyabr 2022-ci il tarixdə “texniki pasport” tərtib edilmişdir. Həmin texniki pasportda qeyri-yaşayış sahəsinin ölçüsü 137,3 kv.m göstərilmişdir. Lakin həmin daşınmaz əmlak reyestrdə qeydiyyata alınarkən onun ölçüsündə səhvə yol verilmiş və obyektin ölçüsü 62,40 kv.m göstərilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş 9 sentyabr 2022-ci il tarixli texniki rəydən, Yasamal RİH-in “yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə haqqında” 425 nömrəli 12 sentyabr 2022-ci il tarixli sərəncamından, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qəbul aktından da müəyyən edilir ki, yenidənqurma işləri nəticəsində daşınmaz əmlakın ümumi sahəsi 137,3 kv.m təşkil etmişdir. Həmin əmlaka dair reyestrdə qeydiyyatda yol verilən səhv düzəldilməli və Yasamal RİH-in 425 nömrəli 12 sentyabr 2022-ci il tarixli sərəncamına uyğun yeni çıxarış verilməlidir. İddiaçı X3 bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı X3 hesab edir ki, cavabdehin imtinası əsassızdır. Həmçinin, ünvan 3 ünvanında yerləşən 0,01629 ha ölçüsü olan torpaq sahəsi 27 dekabr 2021-ci il tarixli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 1177 saylı müqaviləyə əsasən iddiaçı X4 icarəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 7 yanvar 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin ünvanda (A.M.Şərifzadə küçəsi, 488) yerləşən torpaq sahəsinə dair icarə hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 7 yanvar 2022-ci il tarixli tikintiyə icazə tələb olunan və barəsində məlumatlandrma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi Memarlıq planlaşdırma həllindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin layihələndirilməsi həyata keçirilmişdir. İddiaçı X6 həmin qeyri-yaşayış pbyekti üzərinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı X6 hesab edir ki, cavabdehin 12 avqust 2022-ci il tarixli imtinası əsassızdır. Bundan başqa, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 355 ünvanında 0,0134 ha ölçüsü olan torpaq sahəsinə icarə hüquqları 30 iyul 2022-ci il tarixli 3M-484 reyestrli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən İddiaçı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin torpaq sahəsinə İddiaçı icarə hüquqlarını 8 avqust 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata almışdır. 18 avqust 2022-ci il tarixli tikintiyə icazə tələb olunan və barəsində məlumatlandrma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi Memarlıq planlaşdırma həllindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 355 ünvanında yerləşən torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin layihələndirilməsi həyata keçirilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərinə hüquqlarının reyestrdə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsaslanaraq, iddiaçı X1 ünvan 5 ünvanında yerləşən 72 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatında düzəliş edilməklə Yasamal RİH-in 425 nömrəli 12 sentyabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq sahəsi 137,3 kv.m göstərilməklə və qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, iddiaçı X4 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayş sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 355 ünvanında yerləşən qeyri-yaşayış obyektinə mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli şəxsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, iddiaçılar X1, X4 və İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı X1 müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. ünvan 5 (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 410F) ünvanında yerləşən sahəsi 62,4 kv.m olan qeyri-yaşayış sahəsi 5 oktyabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 74,9 kv.m əlavə sahə inşa edilmişdir və əlavə sahə binanın konturlarından kənarda yerləşir. İddiaçı X6 müvafiq tələblə 6 avqust 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər tam təqdim edilməmişdir, yəni tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********10 saylı 12 avqust 2022-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil müvafiq tələblə 23 avqust 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər tam təqdim edilməmişdir. Belə ki, tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Təqdim edilmiş sənədlərə əsasən 134 kv.m torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulsa da, faktiki olaraq obyektin hündürlüyü hesabına ortadan 2 hissəyə bölünərək 1+mansard tipli tikilmişdir. Həmçinin layihədəki yerləşmə konfiqurasiyası faktiki vəziyyətə uyğun deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********44 saylı 21 oktyabr 2022-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 8, 9, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil məcəlləsinin 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanına ilə təsdiq edilmiş «Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası»na, «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanına əsaslanaraq, İPM-in 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq iddiaçı X1 iddiasına münasibətdə iddia tələbinin mümkün sayılmaması, digər iddiaçıların iddiasına münasibətdə isə iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 56-cı maddəsinə görə məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmənin 18 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, X4 və X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların qeyri-yaşayış sahələrinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbləri üzrə işdən iddiaçı X4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyriyaşayış sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə icraat və iddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan tikintiyə icazə tələb olunan və barəsində məlumatlandrma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi Memarlıq planlaşdırma həllindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 355/ ünvanında yerləşən torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin layihələndirilməsi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 355/ ünvanında yerləşən 0,0134 ha torpaq sahəsi iddiaçının icarəsindədir. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 355/ ünvanında yerləşən 0,0134 ha torpaq sahəsinin üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 08 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 355/ ünvanında qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən baxılmış və 21 oktyabr 2022-ci il tarixli məktubla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1, 11.1-ci maddələtinə, Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanına istinad olunmaqla ona bildirilmişdir ki, tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Təqdim edilmiş sənədlərə əsasən 134 kv.m torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulsa da, faktiki olaraq obyektin hündürlüyü hesabına ortadan 2 hissəyə bölünərək 1+mansard tipli tikilmişdir. Həmçinin layihədəki yerləşmə konfiqurasiyası faktiki vəziyyətə uyğun deyildir. «İnzibati icraat haqqında» Qanunun Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəsidir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Hazırkı inzibati məhkəmə icraatında sübut və dəlillər çərçivəsində işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 355/ ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair layihə təsdiq edilmişdir. Bundan sonra, həmin ünvanda yerləşən 0,0134 ha torpaq sahəsinə icarə hüququ hazırkı İddiaçı verilmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, iddiaçı müvafiq tikiliyə gözlənilən mülkiyyət hüquqları əldə etmişdir. Məhkəmə belə olan halda hesab edir ki, iş üzrə müəyyən edilən həmin hallar iddiaçıya məxsus əmlaka mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün əsas yaradır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 355 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 355 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar