Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3157/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Qusar rayonu, Hil kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. O, cavabdehə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar oalraq müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Cavabdehin imtina cavabı onu qane etmir. Hesab edir ki, onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ var. Çünki, onun 33 ildən çox əmək stajı var və həmin stajın hamısını o, zərərli işlərdə işləmişdir. Bu əmək kitabçaında da, öz əksini tapıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 12 saylı Qərarına uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ var. Lakin, aidiyyəti orqan ona peniya təyin etməkdən qanunsuz olaraq imtina etmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26142,12 manat təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57" rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil edir. Bundan əlavə qeyd etmişlər ki, iddiaçının ümumi və xüsusi stajı güzəştli şərtlərlə yasa görə pensiya hüququ əldə etməsinə imkan vermir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş 08.09.2020-ci il tarixli arayışa əsasən İddiaçı 02.09.1997-ci ildən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Ödənişsiz məzuniyyətdə olduğu dövr ümumi iş stajına daxil olmadığı üçün iddiaçının 2006-cı il 1 yanvar tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin iddiaçının işlədiyi “sazlayıcı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİİ bölməsinin (Metallurgiya istehsalatı (qara metallar) 4-cü yarımbölməsində (Boru istehsalı) nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi, onun 01.01.2006-cı il tarixədək təhsil və həqiqi hərbi xidmət müddəti də nəzərə alınmaqla 26 il ümumi əmək staj, 16 il 11 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Belə ki, o, 01.09.1975-ci il tarixdən 01.07.1978-ci il tarixədək Sumqayıt şəhəri 49 saylı peşə məktəbində təhsil almış, 15.08.1978-ci il tarixdən 23.04.1979cu il tarixədək Boruyayma zavodunda soyuq boru kəsicisi peşəsində işləmiş, 04.05.1979-cu il tarixdən, 06.05.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, 06.07.1981-ci il tarixdən 03.02.2017-ci il tarixədək Boruyayma zavodunda soyuq boru kəsicisi və sazlayıcı peşələrində işləmişdir. Boruyayma zavodunda (hal-hazırda "xxxx" ASC) işlədiyi peşələr "Azərborıf ASC-nin 08.09.2020-ci il tarixli 8 saylı arayışına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısının İİİ bölməsinin (Qara Metallurgiya istehsalatı) 4a yarımbölməsinin (Boru istehsalı) 2040400a - 17968 və 2040400a - 1753a şifrləri ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. 01 iyun 2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin a/.ı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, həmin Qanunun 9.8-ci maddəsinə əsasən - bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin "a" bəndinə əsasən - axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə - yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə kişilər- 57 yaşına çatdıqda və azı 25 il is stajı olduqda bu müddətin azı 12 il 6 avım həmin islərdə çalışarsa yaşa görə pensiya hüququna malikdir. Həmçinin, həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən - texniki peşə məktəblərində təhsil müddəti və "v" bəndinə əsasən isə hərbi xidmət dövrü iş stajına daxil edilir. Göründüyü kimi, həmin dövrdə Qanunla əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələbi yox idi. Həmçinin, “xxxx" ASC-nin 08.09.2020-ci il tarixli 8 saylı arayışında qeyd olunur ki, o, 02.09.1997-ci il tarixindən 07.03.1998-ci il tarixədək və 01,04.1998-ci il tarixindən 01.02.2011-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Bununla bağlı olaraq bildirir ki, ödənişsiz məzuniyyətdə olması onun öz istəyi ilə olmayıb. Həmin dövrdə işəgötürənin təqsiri üzündən müəssisədə istehsal fəaliyyətinin azalması ilə əlaqədar olaraq işçilərin bir hissəsi məcburən ödənişsiz məzuniyyətə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən - işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən - işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Lakin, Əmək qanunvericiliyində bu barədə birbaşa göstəriş olmasına baxmayaraq, müəssisə tərəfindən bizə əmək haqqı ödənilməmişdir. 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin l-ci hissəsinə əsasən - mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci bəndinə əsasən - əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002- ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, onun 01.01.2006-cı il tarixədək 26 il ümumi, 16 il 11 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Qeyd edilənləri nəzərə alaraq, ona 21.08.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, S.Xankişieyv 04 may 1979- 27 aprel 1981-ci il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 01.09.1975-ci il tarixindən 01.07.1978-ci il tarixinədək 49 saylı TPM-də təhsil almış (diplom № 784698), 15.08.1978-ci il tarixdə Sumqayıt şəhəri Azərbaycan Boruprokat Zavoduna mufta şöbəsinin boru uclarının çıxarılması sexinə soyuq boruların 2-ci dərəcəli kəsicisi (halqa kəsicisi) peşəsinə qəbul edilmiş, 23.04.1979-cu il tarixdə sovet ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, 04.05.1979-cu il tarixdən 06.05.1981-ci il tarixədək Sovet ordusunda xidmət etmiş, 06.07.1981-ci il tarixdə Nasos kompressor sahəsinə boru uclarının çıxarılması sexinə soyuq boruların 3-cü dərəcəli kəsicisi (boru kəsicisi) peşəsinə qəbul edilmiş, 20.01.1983-cü il tarixdə nasos kompressor sahəsinə xüsusi aqreqat dəzgahlarının 3-cü dəcərəli sazlayıcısı vəzifəsinə keçirilmiş, 01.01.1987-ci il tarixdən boru uclarının çıxarılması sexinin adı dəyişdirilərək boruprokat sexi olmuş, 10.05.1990-cı il tarixdə boru kəsimi şöbəsinin avtomatik xətlərin və aqreqat dəzgahlarının 4-cü dərəcəli sazlayıcısı vəzifəsinə keçirilmiş, 11.08.1992-ci il tarixdən boru kəsimi şöbəsinin avtomatik xətlərin və aqreqat dəzgahlarının 5-ci dərəcəli sazlayıcısı vəzifəsinə keçirilmiş, 01.06.1993-cü il tarixdə Azərbaycan Boruprokat Zavodunun adı dəyişdirilərək “xxxx” İstehsalat Birliyi olmuşdur. 15.07.1998-ci il tarixdə “xxxx” İstehsalat Birliyi struktur dəyişiklikləri nəticəsində “xxxx” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. 15.02.2011-ci il tarixdən İstehsalat Departamentinin X5 sexinin yivaçma sahəsinə sazlayıcı keçirilmiş, 27.04.2012-ci il tarixdən İstehsalat Departamentinin Boruyayma sexinin yivaçma sahəsinə sazlayıcı keçirilmiş, 03.02.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 03.02.2017-ci il tarixdə “xxxx” MMC-yə boru yayma sexinin yivaçma sahəsinə avtomat xətlərinin və aqreqat dəzgahlarının sazlayıcısı qəbul edilmişdir. İşdə olan Azərbaycan Boru Yayma Zavodu – xxxx tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 8 nömrəli arayışdan görünür ki, İddiaçı 15.08.1978-ci il tarixdən 23.04.1979-cu il tarixədək, 06.07.1981ci il tarixdən 03.02.2017-ci il tarixədək X5 sexində soyuq boru kəsicisi, sazlayıcı vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının, İİİ bölməsinin, 4 a yarımbölməsinin 2040400a- 17968; 2040400a-1753a şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. 020.09.1997-ci il dən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 13.11.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24453.57 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi və güzəştli iş stajının olmadığına, eləcə də, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmamasına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, xx.xx.1960-ci il təvəllüdlüdür. iddiaçının 21.08.2017-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, məhkəmə cavabdehin etiraz və imtinasında göstərdiyi dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - Cavabdehin ilkin mövqeyinə görə İddiaçı 02.09.1997-ci ildən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu dövr ümumi iş stajına daxil edilməli olmadığından, onun 2006-cı il 1 yanvar tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bununla bağlı məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, 02.09.1997-ci ildən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.01.2006-cı ilədək işlədiyi müddət həmin dövrdə qüvvədə olan qanunvericiliyin normalarına əsasən güzəştli iş stajına daxil edilməsə də, ümumi iş stajına daxil edildiyindən, 01.01.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddətlər ümumi iş stajına daxil edilməlidir. Beləliklə, sözügedən müddət iddiaçının ümumi iş stajına daxil edildikdə, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq təşkil edir. - Cavabdehin digər bir mövqeyinə görə iddiaçının işlədiyi “sazlayıcı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİİ bölməsinin Metallurgiya istehsalı (qara metallar) 4-cü yarımbölməsində (Boru istehsalı) nəzərdə tutulamışdır. Bununla bağlı, məhkəmə tərəfindən iddiaçının izahatı, işlədiyi Zavod tərəfindən verilmiş arayış və əmək kitabçası nəzərə alınaraq, siyahıya baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşələr sözügedən siyahıda 2040400a-17968 və 2040400a-1753a şifrələri ilə öz əksini tapmışdır. - Cavabdeh iddiaçının qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması ilə bağlı mövqeyi ilə bağlı isə məhkəmə bildirir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri tətbiq edildiyindən, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin araşdırılmasına zərurət yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə eləcə də, iddiaçının keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı, 21.08.2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3157/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3157/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver