Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3159/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə üçüncü şəxs X1 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi, Korpus 124, mənzil 28-də yaşamaq və istifadə hüququndan məhrum edilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 26 saylı notariat ofisində üçüncü şəxs N.A.Qəhrəmanovdan alqı-satqı yolu ilə niyyət razılaşması müqaviləsinə əsasən bank vasitəsilə razılaşdırılmış məbləğdə pul ödəyərək 4 otaqlı həyət evi almışdır. Alqı-satqı zamanı üçüncü şəxs N.A.Qəhrəmanovun 1 ay ərzində həmin evdən pasport qeydiyyatından çıxacağı barədə razılığa gəlmişlər. Lakin üçüncü şəxs razılaşmanı pozaraq hələ də həmin evdə pasport qeydiyyatındadır. O, bu qanunsuz əməli ilə "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 5-ci maddəsinin tələblərini və iddiaçının yaşayış, əmlak hüquqlarını pozaraq problem yaradır. Notariat ofisində alqı-satqıdan 1 həftə sonra mobil telefonu söndürmüşdür və həmin nömrəyə zəng çatmır. X3 həbs olunduğunu bildirmişdir. Binəqədi rayon Polis İdarəsinə, İdarənin 40 və 42-ci polis idarələrinə yazdığı ərizələrə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxs X1 ünvan 2-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxs X1 ünvan 2-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan X2 (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli niyyət razılaşmasından görünür ki, birinci tərəf X1 istifadə və sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evini İcra hakimiyyəti, bələdiyyə, Milli Arxiv idarələri, notariat ofislərində və digər qurumlarda müvafiq sənədləşmə işlərini aparmağı, özəlləşdirdikdən və sənədləri AR DƏDRX müvafiq Əİ-də qeydiyyatdan keçirdikdən, çıxarış alındıqdan sonra əsas müqaviləni (daşınmaz əmlakın alqı-satqı müqaviləsi) bağlamaq barədə ikinci tərəfə oz niyyətini bildirmişlər. Niyyət razılaşmasına əsasən yuxarıda qeyd olunan fərdi-yaşayış evinin dəyəri 50000 (əlli min) manat məbləğində müəyyən olunmuşdur. İkinci tərəf İddiaçı, birinci tərəf X1 istifadə və sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evinin dəyəri 50000 (əlli min) manatının 47500 (qırx yeddi min beş yüz) manatını birinci tərəfə notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 2500 (iki min beş yüz) manatını isə niyyət razılaşmasına əsasən 1 (bir) ay müddətinə ödəməyi öz üzərinə götürmüşlər. Binəqədi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-46/2-A-348xx/xx/2023 nömrəli məktubundan görünür ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətində adları qeyd olunan vətəndaşların qeydiyyata alınması mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək, həmin şəxsin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş edir. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda aydındır ki, iddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil. İşdən görünür ki, iddiaçı hüququnun əsası kimi onunla üçüncü şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli niyyət razılaşmasına istnad etsə də, məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli ünvanda yerləşən yaşayış sahəsi qeydiyyatdan keçməmişdir, onun barəsində bağlanmış müqavilələrin də hüquqi nəticəsi mövcud deyil Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. İddiaçı aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı). Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə predmeti ilə bağlı iddiaçı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3159/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3159/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver