Məhkəmə qərarları › İş №2-1(112)-3160/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3160/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3160/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: Zəngilan rayonu, Şərifxan kəndi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı Zəngilan rayonundan məcburi köçkün kimi gəldiyi üçün iddiaçıya məcburi köçkün statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 01.07.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1993-cü ildən məcburi köçkün kimi Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Sənədləri orda qaldığı üçün illərlə həmin sənədləri bərpa etdirə bildirmirdi. O, ailə üzvlərini itirdiyi üçün 8 yaşına kimi digər şəxslər ona baxmış, böyütmüşlər. Hazırda bütün sənədlərini bərpa etdirsə də, məcburi köçkün düşməsi ilə bağlı sənəd əldə edə bilməmişdir. Həmçinin digər sənədlərlə onun xx xxx 1978-ci il tarixdə Ermənistan, Mehri rayonunda doğulduğu müəyyən edilir. Valideynlərini Ermənistan, Mehri rayonunda itirmişdir. 5 yaşı olanda atası X2, 1988- ci ildə isə anası X1 itirmişdir. Sənədləri Ermənistanın Mehri rayonunda qalıb. O, 1988-ci ildə Ermənistan, Mehri rayonundan Zəngilan rayonuna məcburi köçkün kimi gəlmişdir. 1993-cü ildə Bakı şəhərinə məcburi kökçün kimi gəlmişdir. Bakı şəhərinə gələndən sonra özbaşına qalmış, 15 yaşı olandan sonra isə xalası onu saxlamışdır. 3 dəfə həbs olunmuş, ona görə sənədlərini ala bilməyib. 2010-cu ildə ondan sənədləri tələb olunanda sənədlərini bərpa etdirməyə başlamışdır. Azərbaycan Respublikası Miqrasiya Xidmətindən verilən arayışa əsasən onun Azərbaycan Respublikası vətəndaşı olduğu təsdiq edilmişdir. Buna görə də, o, həmin sənədləri bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qərarı ilə doğum haqqında şəhadətnaməsii bərpa edilmişdir. Sənədlərini bərpa etdikdən sonra məcburi köçkün statusu almaq üçün Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onlar bildirmişlər ki, Zəngilan rayonundan məcburi köçkün düşmə faktının təsdiq olunması üçün sənədlər yetərli deyil. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan 23.10.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir: “ərizənizə əlavə edilmiş sənədlər Zəngilan rayonundan məcburi köçkün düşmə faktınızın təsdiq olunması üçün yetərli olmadığından sizə və ailə üzvlərinizə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkan xaricindədir.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iş materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 436/2020 saylı 05.11.2020-ci il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı 1988-ci il tarixdən Zəngilan rayonu işğal olunanadək, yəni 29.10.1993-cü il tarixədək Zəngilan rayonunda yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin qanuni qüvvəyə minməsi işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi qəbul edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin 2.4-cü bəndinə əsasən Komitə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək vəzifəsini həyata keçirir. Həmin Əsasnaməsinin 3.6-cı bəndinə əsasən məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir. Həmin Əsasnaməsinin 3.10-cu bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür. Həmin Əsasnaməsinin 3.11-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir. Həmin Əsasnaməsinin 3.22-ci bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunu İddiaçı ərizəyə əlavə etdiyi sənədlərin yetərli olmaması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 1988-ci il tarixdən Zəngilan rayonu işğal olunanadək, yəni 29.10.1993-cü il tarixədək Zəngilan rayonunda yaşaması faktı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraat aparılarkən inzibati orqan tərəfindən İddiaçı məcburi köçkün statusunun verilməsi üçün əlavə hansı sənədlərin (sübütların) tələb olunması araşdırılmamış və imtina məktubunda bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının Zəngilan rayonundan məcburi köçkün olması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin rayon işğal olunandək daimi olaraq başqa rayonda qeydiyyatda olmaması sübuta yetirilmədiyindən ona statusunun verilməməsi əsassız olmuş və iddiaçının hüquqlarını pozmuşdur, odur ki, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məcburi köçkün statusunun verilməsi öhdəliyi cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı məcburi köçkün statusunun verilməsi öhdəliyi cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar