Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3161/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı, 1167 kv. metr bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin 12 aprel 2004-cü il tarixli, 32437 № li “Bağın İcarəyə verilməsinə dair” müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı 1200 kv. metr bağ torpaq sahəsi İddiaçı istifadəsindədir. Həmin bağ torpaq sahəsi üzərində hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 oktyabr 2022-ci il tarixli və 24 fevral 2023-cü il tarixli ərizələrinə baxılmış və 28 noyabr 2022-ci il tarixli **********89 №li və 10 mart 2023-cü il tarixli 3-21-330/2-B-01198/2023 №li Bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinada aşağıda qeyd olunanlar göstərilmişdir: - Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı 1200 kv. metr bağ torpaq sahəsinin istifadəyə verilməsi haqında keçmiş X2 və İstismarı Birliyi ilə X9 arasında bağlanılmış 12 aprel 2004-cü il tarixli 32437 №li müqavilə arxiv qovluğunda mövcuddur. Lakin sözügedən bağ sahəsinə dair eskiz planı, cizgi arxiv qovluğunda aşkar olunmamışdır. - Torpaq sahəsinin ölçüsü 1200 kv. metr qeyd olunsa da faktiki olaraq 1167 kv. metr təşkil edir və 12 aprel 2004-cü il tarixli 32437 №li “Bağın İcarəyə verilməsinə Dair” müqavilənin arxiv nüsxəsində həmin birliyin möhürü yoxdur. Sorğu ilə bağlı olaraq qeyd olunan torpaq sahəsinə dair 12 aprel 2004-cü il tarixli 32437 №li müqavilənin arxiv nüsxəsinin təsdiq edilmiş surəti təqdim edilir. Keşmiş X2 və İstismarı Birliyi ilə X9 arasında bağlanılmış 12 aprel 2004-cü il tarixli 32437 №li müqavilənin arxiv nüsxəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surətini məhkəməyə təqdim etməklə, hesab edir ki, cavabdeh inzibti orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehin özü tərəfindən 19 mart 2023-cü il tarixli 3-21-330/2-B-01198/2023 - **********43 №li məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı 1200 kv. metr bağ torpaq sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyinin 28 sentyabr 2005-ci il tarixli 25966 №li “Bağın icarəyə verilməsinə dair” İddiaçı ilə bağladığı müqavilənin arxiv qovluğunda mövcudluğunu təsdiq etməklə müqavilənin 2 dəfə təsdiq olunmuş surətlərini ona təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2023-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 6576 saylı torpaq sahəsinin yerinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv. metr qeyd olunsa da faktiki olaraq 1167 kv. metr təşkil edir. Bundan əlavə təqdim edilmiş X2 və İstismarı Birliyi tərəfindən verilmiş 32437 nömrəli, xx.xx.2004cü il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv nüsxəsində həmin Birliyin möhürü yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X7 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı (etibarnamə üzrə nümayəndəsi İ.T.Məsimov) ünvanlanmış **********43 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 6576 a saylı bağ sahəsinin istifadəyə verilməsi haqqnda keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli 32437 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. Lakin sözügedən bağ sahəsinə dair eskiz planı, cizgi arxiv qovluğunda aşkar olunmamışdır. Sorğu ilə əlaqədar olaraq xx.xx.2004-cü il tarixli 32437 nömrəli müqavilənin arxiv nüsxəsinin təsdiq edilmiş surəti müraciətçiyə təqdim edilmişdir. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “Ləhiş ərazisindəki 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında” 32437 nömrəli müqavilənin DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin arxiv ştapmı ilə təsdiqlənmiş surətindən müəyyən olunur ki, Birlik tərəfindən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 6576a №li bağ İddiaçı istifadəsinə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6576 və 6576 a saylı bağ sahələrinə dair arxiv qovluğunda mövcud olan sənədlərin, eləcə də 6576 a saylı bağ sahəsinə dair tərtib edilmiş müayinə aktının təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə olunmuş: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 0,12 ha-dan ibarət Ləhiş bağlar massivində yerləşən, 6576 a saylı bağ sahəsinə dair 16 aprel 1999-cu il tarixli bildirişdə göstərilmişdir ki, ərizəsinə X2 və istismarı Birliyində baxılmışdır. Bildirirlər ki, o, HC-2838 say nömrəsi ilə bağ növbəsinə qəbul edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə İddiaçı arasında Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 65760 №li bağ torpaq sahəsinin sonuncunun istifadəsinə verilməsinə dair xx.xx.2004-cü il tarixdə “Ləhiş ərazisindəki 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında” 32437 nömrəli müqavilə bağlanmışdır. - xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6576a saylı (icarə müqaviləsi № 32487) bağa dair tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv. metr təşkil edir. Göstərilən sahə hasar daxilindədir. Sahədə tikikli yoxdur. Göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 6576 saylı bağ ərazisinə uyğun gəlir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, arxiv cizgisi olmadığından və bağ sahələri paylanarkən koordinatlarda verilmədiyindən 6576a saylı bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmadı. Vətəndaşın nümayəndəsi tərəfindən 6576a saylı bağ sahəsi kimi göstərilən 1167,0 kv. metr sahənin koordinatları əlavə olunmuşdur. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə X8 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış “Ləhiş ərazisindəki 6576 nömrəli bağın istifadəyə verilməsi haqqında” 32069 nömrəli müqavilənin DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin arxiv ştapmı ilə təsdiqlənmiş surətindən müəyyən olunur ki, Birlik tərəfindən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 6576 №li bağ X5 istifadəsinə verilmişdir. Müqavilə X2 və istismarı Birliyinin möhürü ilə təsdiq olunmamışdır. İddiaçı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1917/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə X2 və istismarı Birliyi arasında Ləhiş ərazisində 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında 32437 saylı 12 aprel 2004-cü il tarixli müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********89 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin yerinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv. metr qeyd olunsa da faktiki olaraq 1167 kv. metr təşkil edir. Bundan əlavə təqdim edilmiş X2 və İstismarı Birliyi tərəfindən verilmiş 32437 nömrəli, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv nüsxəsində həmin Birliyin möhürü yoxdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İPM. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin halları üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən faktiki ölçüsü 1167 kv. metrdən ibarət 6576a a saylı bağ torpaq sahəsinin iddiaçıya məxsus, yəni 2004-cü ildən qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 54 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 12 aprel 2004-cü il tarixli 32437 saylı müqavilə ilə iddiaçıya verilmişdir. Həmin sərəncam və müqavilə müvafiq olaraq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş və bağlanılmış və halhazıradək qüvvədədir. Həmin sərəncamın və müqavilənin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin müqavilə iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 6576 saylı torpaq sahəsinin yerinə uyğun gəməsi; torpaq sahəsinin ölçüsünün sənəd üzrə 1200 kv. metr qeyd olunsa da faktiki olaraq 1167 kv. metr təşkil etməsi; təqdim edilmiş X2 və İstismarı Birliyi tərəfindən verilmiş 32437 nömrəli, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv nüsxəsində həmin Birliyin möhürünün olmaması işin yuxarıda qeyd olunan halları və qanunvericiliyin tələblərinə əsasən hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. xx.xx.2004-ci il tarixli, 32437 saylı müqavilənin səlahiyyətli qurum tərəfindən möhürlə təsdiq edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X2 və istismarı Birliyi ilə İddiaçı arasında Ləhiş ərazisindəki 6576a saylı bağa dair tərtib edilmiş xx.xx.2004-ci il tarixli 32437 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edildiyindən, cavabdeh orqan tərəfindən qeyd olunan əsas, həmin müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli Bağ Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 54 saylı Sərəncamına əsasən bağlanmış 12 aprel 2004-cü il tarixli 32437 saylı müqavilə əsasında İddiaçı istifadəsinə verilmiş Sabunçu rayonu, Ləhiş bağlar ərazisində 1167 kv. metr torpaq sahəsi olan 6576 a saylı bağ torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev