Məhkəmə qərarları › İş №2-1(112)-3162/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3162/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3162/2021 12.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 1/2, mənzil 203) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - 7 nömrəli şəhər poliklinikası qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya sümük vərəmi xəstəliyi ilə əlaqədar müddətsiz İİİ qrup əlilliyinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 01.02.2021-ci il tarixli qərardadı ilə 7 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 12.04.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıda 1989-cu ildən sağ bud çanaq oynağının vərəmi xəstəliyi var. O, Gəncə şəhərində 1990 - 1994-cü illərdə yaşayarkən xəstəliyi ilə əlaqədar əlilliyə görə pensiya almışdır. Bakı şəhərinə köçdükdən sonra müəyyən səbəblərdən əlilliyinin qeydə alınması ilə bağlı yaşadığı ərazi üzrə qeydiyyata düşməmişdir. 1989-cu ildən bu günə qədər müalicə alır. Ona görə ona əlil statusu verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona göndərilən məktubda bildirilmişdir ki, imtinaya səbəb “Əlilliyin təyini üçün son bir il ərzində stasionar və ambulator müalicə kifayət deyil, əlavə ixtisaslaşdırılmış müalicəyə ehtiyac var”. Bildirir ki, o, xəstəliyi ilə əlaqədar bir neçə dəfə ixtisaslaşmış müalicələr almışdır, o cümlədən bir neçə cərahiyyə əməliyyatları keçirmişdir. İlk cərahiyyə əməliyyatı 25 may 1989-cu ildə Rusiya Federasiyası Sankt Peterburq şəhərində X1 İnstitutu, növbəti əməliyyat 11 noyabr 1989-cu ildə həmin tibb müəssəsində və sonuncu 2000-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Elmi Tədqiqat Cərahiyyə və Ortopediya İnstitunda cərahiyyə əməliyyatı olunmuşdur və 2000-ci ilin noyabr ayında evə buraxılmışdır. Həmin gündən ixtisaslaşmış müalicəyə ehtiyac olmadığından stasionar və ambulator müalicələr almışdır. Xəstəliyi ilə əlaqədər səhətində bir neçə fəsadlar var. Çanaq bud oynaqların kəskin kontrakturası, aşağı ətrafın 7 sm. qısalması, 3 dərəcəli koksartroz, bel və döş fəqərlərində əyrilik və s. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarında olan xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan və tibbi arayışlardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xəstəliyi 28.04.1989-cu il tarixdə başlamış, iddiaçı 28.04.1989-01.03.1990-cı il dövrdə Rusiya Federasiyası Leninqrad şəhəri X1 İnstitutunda əməliyyat olunmuş və müalicə almış, 2000-ci, 2004-cü, 2018-ci və 2020-ci illərdə ET Travmatologiya və Ortopediya İnstitutunda müalicələr almışdır. İş materiallarından görünür ki, 7 nömrəli Şəhər Poliklinikasının İddiaçı barəsində 04.11.2020-ci il tarixdə tərtib etdiyi 0170003AADW1 nömrəli Göndərişində (Forma 088) “əsas diaqnoz: A18.0 Sümük və oynaqların vərəmi Sağtərəfli bud çanaq oynağının vərəmi”, “Ağırlaşma: M24.5 Oynaqların kontrakturası Sağ bud çanaq oynağının yaxınlaşdırın,bükücü kontrakturası.; Q72.8 Aşağı ətrafı qısaldan digər defektlər Sağ aşağı ətrafın 7 sm qısalması...” göstərilmişdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina səbəbi kimi göstərilmişdir ki, əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlilliyin təyini üçün son bir il ərzində stasionar və amblator müalicə yetərli deyil. Əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı var. Diaqnoz: Sağtərəfli bud çanaq oynağının vərəmi.Sağ aşağı ətrafın daimi davam edən kəskin ağrı sindromu.Xroniki osteomielit.Hərəkətin və yerişin pozulmaları. Sağ bud çanaq oynağının yaxınlaşdırıcı.bükücü kontrakturası. Sağ bud çanaq oynağının rekonstruktiv əməliyyatı (1989).Sağ budun patoloji sınığından sonrakı repozisiyası (1989-cu ilin may ayı).Artroliz,Sağ bud sümüyünün ostiotomiyası, supraasetobulun plastikası, metal ostiosintez (1989 okytabr ayı) sağ bud sümüyünün burmalarının osteotomiyası.İlizarov üsulu ilə fiksasiyasından sonrakı vəziyyət (2000). Sağtərəfli koksoartroz lll-İV dərəcə.Soltərəfli koksoartroz l-ll dərəcə.Sağ aşağı ətrafın 7 sm qısalması. NSD kardial tip.Sağtərəfli bel oma skoliozu ll-lll dərəcəli.L4-L5 LS Sİ fəqərəarası diskin yırtığı.Lyumboişalgiya. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Belə ki, iş materiallarından olan xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan və tibbi arayışlardan, həmçinin 7 nömrəli Şəhər Poliklinikasının 0170003AADW1 nömrəli Göndərişindən və Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından da görünür ki, iddiaçının xəstəliyi 1989-cu ildə başlamış və iddiaçı Rusiya Federasiyasının müvafiq tibb müəssisəndə əməliyyat olunmuş və müalicə almış, daha sonra Azərbaycan Respublikasının müvafiq tibb müəssisəndə müxtəlif ixtisaslaşmış və stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0)... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xəstəliyinin uzun müddət davam etməsi, ididaçının müxtəlif dövrlərdə əməliyyat olunması, müayinə və müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının xəstəlik diaqnozunun müvafiq “Qaydalar”ın 2.5.7-ci bəndinə (üçüncü dərəcə əlillik müddətsiz) uyğun olduğundan iddiaçıya 3-cü dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı sümük vərəmi xəstəliyi ilə əlaqədar müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı sümük vərəmi xəstəliyi ilə əlaqədar müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar