Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3162/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın adına dəyişdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılmasına dair mərhum anası, X1 adına olan xx.xx.2003-cü il tarixli 534 saylı Sərəncamın iddiaçının adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 534 saylı Sərəncamına əsasən iddiaçının mərhum anasına Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Anası vəfat etdiyindən iddiaçı sərəncamın mərhum anası, X1 adından öz adına dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciət cavablandırılmamış, hərəkətsizliyə yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçının tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə inzibati orqanın sənədinin mübahisələndirməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyündən iddianın mümkün sayılmaması məsələsinə baxılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, sərəncam barəsində vaxtında mübahisələndirmək imkanının olmadığına əsaslanaraq iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 534 nömrəli, 28 oktyabr 2003-cü il tarixli Sərəncamın notarial qaydada təsdiq edilmiş surətinə əsasən 1-ci qrup əlil S.M. Mursaliyeva Q. Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektlərinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kv.m. yer ayrılması qərara alınmışdır. - İddiaçı Firkət oğluna aid Vİ-ЖГ seriyalı, 353379 nömrəli xx.xx.1979-cu il tarixli Doğum haqqında Şəhadətnamənin surətinə əsasən o, 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası: X4, anası X2r. - X3 aid AZ-İ seriyalı, 132456 nömrəli, 29 mart 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətinə əsasən o, 15 sentyabr 2004-cü ildə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan N-44- 091 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən ticarət obyektinin onun adına sənədləşdirilməsi ilə bağlı məsələnin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Torpaq sahəsinin ayrılması haqqında 353 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 03/102 saylı məktubu nəzərə alınaraq, Q. Qarayev prospekti, “Xalqlar Dostluğu” metro stansiyasının şimal-şərq çıxışında yüngül konstruksiyalardan ticarət mərkəzinin layihələşdirilməsi və quraşdırılması üçün 70 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılmasına dair mərhum anası, X1 adına olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 534 saylı sərəncamını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 35.1-ci maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 19 il əvvəl həyata keçirdiyi hərəkətlərini mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 534 saylı sərəncamı xx.xx.2003-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 19 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı iddiaçının nümayəndəsi sərəncamdan məlumatlı oldugunu bildirərək qeyd etmişdir ki, sərəncamla torpaq sahəsi iddiaçının anasına ayrılmış, lakin anası vəfat etdiyindən hazırda sərəncamın adına dəyişdirilməsini tələb edir. Halbuki iddiaçının anası 2005-ci ildən vəfat etdiyindən iddiaçı həmin ildən hesablansa belə sərəncamı 17 il keçdikdən sonra mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 19 ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmiş, iş materiallarına əsasən iddia müddətinin buraxılması 1 ildən artıq oldugundan İnzibati Prossessual Məcəlləsinin 24.4-cü maddəsinə, həmçinin də prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə müddətin üzrlü hesab edilməsi üçün iddiaçiya ərizə verilməsi təklifini irəli sürməyi məqsədəmüvafiq hesab etməmişdir. Beləliklə də hazırki iddianın birinci tələbi ilə baglı ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3162/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3162/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver