Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3164/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (üçüncü şəxslər: X17 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Naximov küçəsi ünvanında yerləşən 36 saylı fərdi yaşayış evi İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Naximov küçəsi ünvanında yerləşən 36 saylı fərdi yaşayış evində X17, X18, X14, X19, X25, X20, X21, X31, X33 və X32 qeydiyyatdadır.
3. İddiaçı ərizə ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki 36 saylı fərdi yaşayış evindən orada qeydiyyatda olan X17, X18, X14, X19, X25, X20, X21, X31, X33 və X22 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 101-32248X-3222 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edəcəyi halda müraciətinin müsbət həll olunacağını bildirmişdir.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X17, X18, X14, X19, X25, X20, X21, X31, X33 və X22 ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X17, X18, X14, X19, X25, X20, X21, X31, X33 və X22 ona məxsus Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Naximov küçəsi ünvanında yerləşən 36 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə havələ oluması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X17, X18, X14, X19, X25, X20, X21, X31, X33 və X32 (bundan sonra-üçüncü şəxslər) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Tərəflərin əsaslandırması:
8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 08 dekabr 2014-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Naximov küçəsi, 36 saylı evin tikinti altı sahəsi ilə birlikdə sahəsi 0.0079 ha olan 3 (üç) otaqlı, yaşayış sahəsi 67.0 kv.m olan evi daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 almışdır. 30 dekabr 2014-cü il tarixində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü maddəsinin tələblərinə əsasən müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən 08 dekabr 2014-ci il tarixinədək (20 gün müddətinə) qeydiyyatda olan şəxslərlə birlikdə satdığı mənzildən qeydiyyatdan çıxmaq satıcının vəzifəsidir. 8 ilə yaxın vaxt keçməyinə baxmayaraq hələ də üçüncü şəxslər qeydiyatdan çıxarılmamışdır. Ona məxsus evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə cavabdeh Xətai Rayon Polis idarəsinə yazılı müraciət etməsinə baxmayaraq, müraciəti təmin edilməmişdir. Üçüncü şəxslərlə hər hansı bir şəkildə əlaqə yarada bilməyi mümkün olmadığı üçün həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılaraq yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etməkdən başqa bir yol qalmamışdır. Belə ki, mənzilin satıcısı mənzili satarkən özü ilə birlikdə həmin mənzildə qeydiyyatda olan şəxslərin də həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair öhdəlik götürmüşdür.
9. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 11.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi:
13. Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iddia mümkün iddiadır. Hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində gösərilən inzibati mübahisəyə aiddir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
15. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması olmaqla, öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
18. İddia həm də əsaslıdır. Çünki işdə olan alqı-satqı müqavilələrindən görünür ki, X23 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozunda, Naximov küçəsi 2-ci döngədə 223.0 kv.m torpaq sahəsində yerləşən y/s 49.3 kv.m, k/s 17.7 km.m olan 3 otaqlı 36 saylı fərdi yaşayış evini xx.xx.2002-ci il tarixdə X26, G.Əliyeva xx.xx.2002ci il tarixdə həmin evi X7, N.Nazarova xx.xx.2003-cü il tarixdə X27, E.Rzayev xx.xx.2004cü il tarixdə X16, İ.Yuriyevna isə xx.xx.2013-cü ildə X1.
19. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X4 36 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
20. AN-İ №0432945 nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X8 mülkiyyətində olan 36 saylı fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür.
21. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, iddiaçının 36 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
22. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018- 32471-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X18 xx.xx.2019cu il, xx.xx.2005-ci il təvəllüdlü X14 xx.xx.2022-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar.
23. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-44796 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanına X31 xx.xx.2018-ci il tarixində, X33 xx.xx.2016-cı il tarixində, X32 xx.xx.2016-cı il tarixində 1 saylı Bakı “Asan xidmət’’ mərkəzində qeydiyyata alınmışlar.
24. İşdə olan fərdi uçot kartoçkalarının surətlərindən görünür ki, X9, X10, X15, X11 qeydiyyata alınması zamanı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində hər hansı bir sənədə istinad edilməmişdir.
25. Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2 saylı MKİS-in 60 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında üçüncü şəxslər deyil, digər şəxslər yaşayır.
26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Naximov küçəsi, 36 saylı fərdi yaşayış evi üzərində üçünüc şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
27. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı ona məxsus evdə yaşamayan üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün hazırkı iddianı qaldırmışdır.
28. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
29. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
30. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
32. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
34. Hazırkı məhkəmə qərarının 18-26-cı bəndlərində sadalanan sübutlara əsasən üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə hər hansı bir hüququnun olması və həmin evdə yaşaması müəyyən edilmir. İddiaçı mübahisəli evin mülkiyyətçisi kimi ona məxsus yaşayış sahəsində yaşamayan və hüququ olmayan həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarında təsbit olunan şərtlərin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də iddia təmin olunmalıdır.
35. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. xx.xx.2000-ci il təvəllüdlü X12, xx.xx.1969-cu il təvəllüdlü X11, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.1982-ci il təvəllüdlü X15, xx.xx.1957-ci il təvəllüdlü X10, xx.xx.1987-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X24, xx.xx.2009cu il təvəllüdlü X28 və xx.xx.2010-cu il təvəllüdlü X22 Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Naximov küçəsi ünvanında yerləşən 36 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova