Məhkəmə qərarları › İş №2-1(112)-3164/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3164/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3164/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 18 sentyabr 2020-ci il tarixdə rəsmi ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az (18 il 3 ay 24) gün olması göstərilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 26 oktyabr 2020-ci il tarixdə rəsmi ərizə ilə cavabdehə ikinci dəfə müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ikinci dəfə imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (19 il 2 ay 5 gün) olması göstərilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 14 oktyabr 2021-ci il tarixdə rəsmi ərizə ilə cavabdehə üçüncü dəfə müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən üçüncü dəfə imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az (19 il 11 ay 5 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olması göstərilmişdir. İddiaçı “Kirov’“ adma kolxozda işləməsinə dair Ucar rayon Dövlət Arxivindən əmək fəaliyyəti barədə arxiv arayışı alıb, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2 iyul 2024cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsilə rəsmi ərizə ilə cavabdehə dördüncü dəfə müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən dördüncü dəfə imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az (19 il 11 ay 28 gün (28 gün kolxozda işlədiyi müddət, xx.xx.1985-xx.xx.1986-ci il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-204481/2024 nömrəli məktubla cavablandırılmış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsində 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin tarixdən hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuş, beləliklə də xx.xx.2020-ci il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı təqdim etdiyi sənədlər nəzərə alınmaqla “Əmək pensiyaları haqqında" Qanununun 9.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən və həmin tarixindən hesablanaraq ödənilməsindən ibarətdir. Lakin iddiaçıya Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qanunun 9.8-ci maddəsi üzrə 52 yaşdan pensiya təyin edilməsi üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi): iddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi); iddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan islərdə toplamalıdır (güzəştli staj tələbi). İnzibati icraat materiallarından da göründüyü kimi iddiaçı yaş tələbini ödəsə də, xx.xx.2006cı il tarixədək ümumi staj tələbi ona münasibətdə mövcud olmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı 19 il 11 ay 28 gün (28 gün kolxozda işlədiyi müddət, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-31,12.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir və qanunvericiliklə tələb edilən 20 ildən azdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən həmçinin iddia tələbinə dair etiraza əlavə təqdim edilmiş və göstərilmişdir ki, İddiaçı yazılı izahatında Ucar rayon Dövlət Arxivinin arayışına əsasən "Kirov” adına kolxozda 40 gün əmək fəaliyyətinin olduğunu, lakin həmin dövrün cavabdeh tərəfindən düzgün hesablanmadığını qeyd etmişdir. Bununla əlaqədar bildirilir ki, iddiaçı tərəfindən təqdim edilən həmin arayışda İddiaçı 1981-ci ilin son hesab cədvəlinə əsasən 1 adam günü, 1982-ci ilin iyul ayı üzrə 10 iş günü, avqust ayı üzrə 2 adam günü, 1983-cü ilin iyun ayı üzrə 6 iş günü, iyul ayı üzrə 6 iş günü və 1983-cü ilin son hesab cədvəlinə əsasən 15 adam günü əmək fəaliyyəti olduğu qeyd edilmişdir. Deməli, iddiaçının kolxozdakı əmək fəaliyyəti 28 gün (1 (1981) + 10 (iyul, 1982) + 2 (avqust, 1982) + 15 (1983)) olmuşdur. Bu zaman 1983-cü ilin iyun-iyul ayları üzrə 12 iş günü 1983-cü ilin son hesab cədvəlində qeyd edilən ümumilikdə 15 adam gününə daxil olduğuna görə hesablama zamanı ayrılıqda yenidən nəzərə alına bilməz. Bundan əlavə, iddiaçı SSRİ Nazirlər Sovetinin 1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara istinad edərək fasiləsiz iş stajının olduğunu, bu səbəbdən xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işləmədiyi müddətin də ümumi stajına daxil edilməli olduğunu iddia etmişdir. Bununla əlaqədar bildirilir ki, istinad edilən qaydalarda hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edildiyi göstərilmişdir. Hazırkı iş üzrə iddiaçı xx.xx.1988-ci il tarixdə hərbi xidmətdən azad edilmiş və xx.xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci il tarixdə əyani təhsilə başlamışdır. Odur ki, xx.xx.1988-ci il tarixi onun işə daxil olma tarixi hesab edilə bilməz. Beləliklə, M.Yusibovun ümumi ış stajı tələb olunandan az olduğuna görə “Əmək pensiyaları haqqında" Qanunun müddəaları əsasında iddiaçıya iddia ərizəsində qeyd etdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021ci il tarixli **********8 saylı məktubdan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Peşə təhsili haqqında A № 141004 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixində 16 №-li Texniki Peşə Məktəbinə daxil olmuş və xx.xx.1986-cı il tarixində “rəngsaz-suvaqçı” ixtisası üzrə kursu bitirmişdir. -18 №-li Bakı Peşə Liseyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 01 sentyabr 1985-ci il tarixində 16 nömrəli Texniki Peşə məktəbinə daxil olmuş və 20 iyul 1986cü il tarixində həmin liseyin “Rəngsaz-suvaqçı” ixtisasını əyani olaraq bitirmişdir. -AO № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək orduda xidmət etmişdir. -PT-İ № 095106 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1988-1992-ci illərdə Bakı Neft texnikumunda təhsil almışdır. -Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəznində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 26 avqust 1988-ci il tarixində 484 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 15 mart 1990-cı il tarixində 123 saylı əmrlə nizam-intizam qaydalarını pozduğuna görə texnikumun tələbələri sırasından xaric edilmişdir. 26 fevral 1991-ci il tarixində 71 saylı əmrlə öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. Dövlət İxtisas Komissiyasının 27 iyun 1992-ci il tarixli qərarı ilə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-texnoloq" ixtisas dərəcəsi və PT-İ JVb 095106 saylı diplom verilmişdir. -ИТ – İ №0684225 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1990-cı il tarixdə Neft-qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 3-cü (üçüncü) dərəcəli qazmaçı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə ona 4cü (dördüncü) dərəcə verilmiş, xx.xx.1991-ci il tarixdə ona 5-ci dərəcə verilmiş və xx.xx.1992-ci il tarixdə o, öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək texniki-neftçi ixtisasının verilməsi ilə texnikumu bitirmiş; xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə qazma qurğularının 5-ci dərəcəli qazmaçı köməkçisi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə qazma qurğularının 6-cı dərəcəli qazmaçı, xx.xx.1997-xx.xx.2011-ci il tarixlərdə qazma qurğularının 12-ci dərəcəli buruq ustası; xx.xx.2011-xx.xx.2014-ci il tarixlərdə kəmər endirmə və qəzaların ləğvi sexinə qazma ustası; xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə “Logistika” bölümü, Kəmər endirmə və qəzaların ləğvi sexində qazma ustası vəzifəsində; xx.xx.2015-xx.xx.2018-ci il tarixlərdə “Neft Daşları” İstehsalat bölümü, 1954A saylı meydançada qazma ustası vəzifəsində; xx.xx.2018xx.xx.2021-ci il tarixlərdə “Neft Daşlan” İstehsalat bölümü, 1541 saylı meydançada qazma ustası vəzifəsində; xx.xx.2021-ci il tarixdən isə ’’Kompleks qazma işləri” tresti, “Neft Daşları- Günəşli” İstehsalat bölümü, 5 saylı briqadada qazma ustası vəzifəsində işləyir. -Ucar Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ucar rayonu, sabiq Kirovkənd kəndi “Kirov” adına kolxoza aid kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən İddiaçı kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər var: 1981-ci il: son hesab cədvəlinə əsasən 1 adam günü, 1,30 rubl; 1982-ci il: iyul ayı üzrə 10 iş günü, 13 rubl, avqust ayı üzrə 2 adam günü, 1.79 rubl; 1983-cü il: iyun ayı üzrə 6 iş günü, 8,99 rubl, iyul ayı üzrə 6 iş günü, 7,24 rubl. 1983-cü il: son hesab cədvəlinə əsasən 15 adam gün, 26 rubl. -SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışdan görünür ki, iddiaçı Pesçaniy” X6 idarəsində işləmişdir. “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin 111 saylı xx.xx.1991 -ci il tarixli əmri ilə “Pesçaniy” X6 İdarəsinin adı tərcümə edilərək “Qum adası” X6 İdarəsi adlandırılmışdır. SOCAR-in 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış və “Qum adası” X6 İdarəsi trestin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2010-cu il tarixli 148 saylı əmri ilə “Qum adası” X6 İdarəsi yenidən təşkil edilərək, onun maddi-texniki bazasında birbaşa trestə tabe olan, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qazmaservis və Logistika İdarəsi yaradılmışdır. SOCAR-ın xx.xx.2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin Qazmaservis və Logistika İdarəsi ləğv olunaraq trestin Logistika bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Logistika” və “Tamponaj" istehsalat bölümləri hal-hazirda “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçının güzəştli iş stajı 23 il 08 ay 10 gün təşkil edir. -SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007 il tarixli 12 saylı qərarına əsasən (10.1.Qazma: a) fəhlələr) yaşa görə güzəştli şərtlərlə təqaüdə getmək hüquqi verən əmək stajı 10 il 02 ay təşkil edir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1968-ci il təvəllüdlü iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinə əsasən xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və güzəştli iş stajını mübahisələndirməmişdir. İş materiallarında olan sənədlərlə də müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə 52 yaşı tamam olmuş, xx.xx.2006-cı il tarixədək isə o, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə 10 ildən artıq 1100000a-11297 şifrə uyğun (X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı - neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) və 1100000b-23196 (buruqların ustaları və onların köməkçiləri) vəzifələr üzrə çalışmışdır. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının ümumi iş stajının toplanmamasıdır. Belə ki, cavabdeh ilk növbədə iddiaçının kolxozda işlədiyi müddəti, həmçinin xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 19 il 11 ay 28 gün olmasını hesablamışdır. Hazırda iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 3 gün staj çatmır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. İşin hallarından göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli stajını topladığını iddia etdiyindən məsələyə həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. İstinad olunan Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Məhkəmə, iddiaçının təhsil aldığı dövrə münasibətdə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçı 01 sentyabr 1985-ci il tarixində 16 saylı Texniki Peşə Məktəbinə qəbul olunmuş və 20 iyul 1986-cı il tarixində “rəngsaz-suvaqçı” ixtisası üzrə təhsilini başa vurmuşdur. Həmin dövrlərin ümumi iş stajına daxil edilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçının “rəngsaz-suvaqçı” ixtisası üzrə aldığı təhsilin yalnız xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındaki olan dövr sığorta stajına daxil edilə bilər. Belə ki, xx.xx.1986-cı il tarixdən etibarən o, artıq orduda xidmət etməyi başlamışdır. Bu səbəbdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq, yalnız 01 sentyabr 1985 – 01 iyun 1986-cı il tarixləri arasındakı müddət sığorta stajına daxil edilə bilər. Bundan əlavə, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı 26 avqust 1988-ci il tarixində Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuş, lakin 15 mart 1990-cı il tarixində nizam-intizam qaydalarının pozulması səbəbindən tələbə sırasından xaric edilmişdir. Qeyd olunan dövr, yəni 26 avqust 1988 – 15 mart 1990-cı il fasiləsiz əyani təhsil dövrü olduğundan, bu müddət qanuna uyğun olaraq sığorta stajına aid edilir. Lakin daha sonra, yəni 26 fevral 1991-ci il tarixində iddiaçı təkrarən təhsil müəssisəsinə bərpa olunsa da, bu dövr ərzində onun əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Bu səbəbdən, sözügedən təhsil müddəti artıq əsas iş yeri olan dövrlə üst-üstə düşdüyü üçün, “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığorta stajına daxil edilə bilməz. Beləliklə, məhkəmə nəticə olaraq müəyyən edir ki, iddiaçının ümumi sığorta stajına yalnız 01 sentyabr 1985 – 01 iyun 1986 və 26 avqust 1988 – 15 mart 1990 tarixləri arasındakı təhsil dövrləri daxil edilə bilər. Məhkəmə, iddiaçının orduda xidmət etdiyi və ehtiyata buraxıldığı tarixdən təhsil müəssisəsinə qəbul olunduğu tarixədək olan dövrü də onun ümumi iş stajına daxil edilməsi məsələsinə münasibətdə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma və ya təhsil müəssisəsinə (orta-ixtisas, ali təhsil, aspirantura, doktorantura) daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi yalnız hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasiləni deyil, həm də təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edilməsini nəzərdə tuturdu. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçı 01 iyun 1986-cı il tarixdən 19 iyun 1988ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 26 avqust 1988-ci il tarixində isə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul edilmişdir. Hərbi xidmətin başa çatması ilə təhsilə başlanması arasında keçən zaman kəsiyi 2 ay 7 gün olmuşdur ki, bu da üç ay həddini aşmadığından, mövcud hüquqi çərçivəyə tam uyğundur. Bu baxımdan, yalnız hərbi xidmət dövrü deyil, eyni zamanda xidmətin bitməsi ilə təhsil fəaliyyətinə başlanması arasında olan keçid müddəti də iddiaçının fasiləsiz əmək stajına daxil edilməlidir. Qeyd olunan dövrün staja aid edilməməsi isə hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Qaydaların tələblərinə zidd olardı. Beləliklə, məhkəmə hesab edir ki, 01 iyun 1986 – 26 avqust 1988-ci il tarixlərini əhatə edən müddət bütövlükdə fasiləsiz əmək stajına daxil edilməlidir. Belə olan halda isə iddiaçının xx.xx.2006-cı il tarixədək qanunla tələb olunan 20 il 24 gün (xx.xx.1985-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1992-xx.xx.2005) ümumi iş stajı yaranmış olur. Oxşar mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1814/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqları baxımından inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamaqla, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmamış, həmçinin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2-ci maddə). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənlərə əsasən, məhkəmə belə qənəatə gəlir ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə eyni tələblə cavabdehə müraciət etdiyindən, ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi pensiya hüququnun yarandığı tarixdən həyata keçirilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar