Məhkəmə qərarları › İş №2-1(112)-3165/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3165/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3165/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvanlı dövlət sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 08.08.2020-ci tarixində ünvanlı social yardım almaq üçün cavabdehə elektron müraciət etmişdir. Yaşadığı evə baxış keçirilən zaman cavabdehin əməkdaşı əlini spirtləyən zaman qeyd apardığı kağıza spirt töküldüyü üçün boş vərəqə ona qol çəkdirərək yazdıqlarını köçürəcəyini bildirərək tələsik çıxıb getmişdir. Uzun müddətdən sona imtina gəlmişdir. Şikayət edərək imtina səbəbinin əsassız olduğunu bildirməsinə baxmayaraq, şablon cavablar verilmişdir. İmtina əsassızdır. Bundan öncə də o, iki il bu yardımı almışdır. Birinci dəfə adında telefon nömrəsi olmasını bəhanə gətirərək imtina etmişlər, həmin nömrəni adından çıxartdırdı. Hazırda xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsi var, lakin keçmiş həyat yoldaşı xəstə olduğu üçün aliment ödəmədi və o da tələb etmədi. Hazırda ünvanlı dövlət sosial yardımına çox ehtiyacı var. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı 15.07.2020-ci ildə müraciət etmiş, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən onun adında rəsmiləşdirilmiş (+994)507913201 telefon nömrəsi bəyan edilməmişdir. Göründüyü kimi, məlumatlar düzgün şəkildə qeyd edilməmişdir və bu səbəbdən imtina edilmişdir. Bundan sonra iddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün 08.08.2020-ci il tarixində yenidən elektron ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə 05.10.2020ci il tarixində elektron formada baxılaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sistemdə qeyd edilən ailənin əlavə gəlirləri ilə iddiaçının evinə baxış zamanı qeyd etdiyi məbləğ arasında uyğunsuzluq vardır. Belə ki, informasiya sistemindən əldə edilən məlumata əsasən iddiaçının əlavə gəlirləri 1820 manat olduğu halda, ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat anketində aylıq 200, yəni illik gəlir 2400 manat göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Göründüyü kimi, ünvanlı sosial yardımın təyin edilməsindən imtinanın səbəbi iddiaçının ərizə-bəyannaməyə məlumatların düzgün daxil etməməsidir. Göründüyü kimi vətəndaşa VEMTAS tərəfindən verilən imtina əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 16 noyabr 2020-ci il tarixli **********9 saylı məktubda qeyd olunur: Bildiririk ki, Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Müraciətinizlə bağlı araşdırma zamanı müəyyən olunmuşdur ki, Sizə ünvanlı dövlət sosial yardım təyin olunması ilə əlaqədar olaraq yaşayış yerinizdə ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı “Ərizə-bəyannamə”də ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkarlanaraq, Sizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Sözügedən hal “ailənin maddi-məişət şəraitinin müayinəsi” aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilən hallar aradan qaldırılmaqla “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi QAYDALARİ”nın tələbləri nəzərə alınaraq ünvanlı dövlət sosial yardımın təyin olunması məqsədilə yenidən müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat anketdən görünür ki, İddiaçı gəliri aylıq 200 manat göstərilmişdir. İş materiallarında olan X4 və X5 (VEMTAS) çıxarışdan görünür ki, «ərizəbəyannamə»də İddiaçı ailəsinin illik gəliri 1820 manat göstərilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. «Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23.02.2015-ci il tarixli 477 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə X4 və X6 (VEMTAS) yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir; 2.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir; 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır; 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir; 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir; 3.4-cü bəndinə əsasən Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur: 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır; 3.7-ci bəndinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda; 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün müraciət etmiş, lakin “Ərizə-bəyannamə”də ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkar edildiyi üçün ona ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. İddiaçı yaşayış yerində müayinə zamanı cavabdehin əməkdaşları tərəfindən ona boş vərəqə imza etdirdiklərini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. İş materiallarından da görünür ki, iddiaçı «ərizə bəyannamə»də ailənin illik gəlirini 1820 manat göstərsə də, yaşayış yerində ailənin maddiməişət şəraitinin müayinəsi həyata keçirilərkən ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat anketdə iddiaçı ailənin aylıq gəlirini 200 manat (illik gəlir 2400 manat) göstərmişdir. Göründüyü kimi, “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunmuşdur, bu isə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsinin əsaslarından biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar