Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3165/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Qobustan Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən “26” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Səbail” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsi “Səbail” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixli Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 16/290 nömrəli qərarı ilə X5 tərəfindən verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar Bağ massivində yerləşən 26 saylı torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Qobustan Əməliyyat Şirkəti üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun qayınatasına müvafiq qanunvericiliyə uyğun olaraq, xx.xx.1987-ci ildə Bakı şəhər X4 İcraiyyə Komitəsinin 16/290 nömrəli qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar Bağ massivində yerləşən 26 saylı bağ sahəsi verilmişdir. Qayınatası həmin sahədə yaşayış üçün ev tikmişdir. 1987-ci ildən hazıra qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının X5 tərəfindən ona verilmiş həmin bağ sahəsindən istifadə edirlər. Sonralar mübahisələndirdiyi bağ sahəsi qayınatası Cavadov Zöhrabın adından həyat yoldaşı X2, daha sonra o öldükdən sonra vərəsəlik qaydasında iddiaçının adına keçmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Səbail” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsi “Səbail” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a) İddianın mümkünlüyü Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. b) İddianın əsaslılığı İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - 14.11.1986-cı il tarixdə AHK-nın 40 nəfərdən ibarət bağçılıq yoldaşlıq üzvlərinin siyahısı təsdiq edilmişdir. - Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli 16/290 saylı qərarından görünür ki, Şıxlar qəsəbəsində Həmkarlar İttifaqının 40 nəfər üzvünə kollektiv bağçılıq yaradılması məqsədilə torpaq sahəsi ayrılmışdır. - AHİK-in rəhbərliyi və aparat həmkarlar ittifaqı komitəsinin 11 nömrəli, xx.xx.2001ci il tarixli birgə iclas protokolundan çıxarışdan görünür ki, "xxxx" X12 Cəmiyyətinin nəzdində olan 5 №-li bazasının mühəndis - texnoloqu X7 «Səbail» bağçılıq-yoldaşlığına üzv qəbul edilmiş və ona Qaradağ rayonu, Şıxlar bağ massivi, 26 saylı sahə (549 kv.metr) ayrılmış, iddiaçıya 28 nömrəli üzvülük bileti verilmişdir. - AZ-İ seriyalı №732818 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixində xroniki böyrək çatmamazlığı səbəbindən ölmüşdür. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun 673 nömrəli, xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 29 yanvar 2015-ci ildə ölmüş əri X3 adına vərəsəlik işi açılmışdır. - 23.12.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, X3 Şıxlar bağ massivi, 26 saylı sahəsində yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 0.0549 ha, faktiki olaraq 0.1618 ha müəyyən olunmuşdur, 0.1069 ha artıqdır. Torpaq sahəsi bir tərəfdən yol, bir tərəfdən boşluq sahəsi, iki tərəfdən qonşuluqla əhatə olunmuşdur. Mişar daşları ilə hasarlanmışdır. Torpaq sahəsi üzərində 53.0 kv.m ikimərtəbəli bağ evi və 9.1 kv.m köməkçi tikili var. Qeyd: Torpaq sahəsinin şərq tərəfinin 4 m məsafəsindən 6 kv-lıq hava elektrik xətti keçir. İddiaçı hazırda Faiq Cavadovun istifadəsinə verilmiş 549 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun ona məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Eyni zamanda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdən görünür ki, iddiaçı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarışı təqdim etmişdir. Cavabdeh iddiaçının adının İdarənin arxivində olan “Səbail” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına istinad edərək ona imtina cavabı vermişdir. Məhkəmə bu imtina ilə razılaşmır. Çünki birincisi, İdarənin arxivində olan siyahı avqust 1986-ci ilə aid olmuş, iddiaçıya isə mübahisəli bağ sahəsi 2001-ci ildə ayrılmışdır. Belə olan halda, onun adının tərtib edilən ilkin siyahıda olmaması təbiidir. İkincisi, işdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini cənab İ.Əliyev tərəfindən təsdiq olunmuş «Səbail» Bağçılıq Yoldaşlığı üzvlərinin Siyahısı AHİK aparatı həmkarlar komitəsinin sədri və «Səbail» Bağçılıq Yoldaşlığının sədri tərəfindən tərtib olunmuşdur. Həmin Siyahı 11 may 2011-ci il tarixində 239/15 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə də göndərilmişdir. Siyahıda 22-ci sırada adı qeyd olunmuş mərhum X7 icraatınızda olan inzibati işdə iddiaçı qismində çıxış edən İddiaçı həyat yoldaşıdır. Həmin məktub əlavə edilmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, cavabdehə müraciət olunaraq bildirilmişdir ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 17 iyul 1987-ci il tarixli, 16/290 saylı qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının 40 nəfər işçisi üçün Bakı şəhəri Qaradağ rayonunun Sıxlar kəndi yaxınlığında bağçılıq təsərrüfatı yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. Qaradağ rayonu X9 İcraiyyə Komitəsinin 16 iyun 1988-ci il tarixində 16/221 sayı qərarı ilə AHİŞ-in «Səbail» Bağçılıq Yodaşlığı nizamnaməsi və onun üzlərinin siyahısı təsdiq edilmişdir. Müəyyən müddət ərzində «Səbail» Bağçılıq Yodaşlığının üzvlərinin siyahısında (Respublikadan köçməsi, öz xahişi ilə üzvlükdən çıxması və s.) deyişikliklər olmuş və dəyişikliklər müvafiq təşkilatlara təqdim olunmuşdur. Deyişiklik edilmiş siyahılar və digər bağ təsərrüfatı ilə bağlı sənədlər vaxtı ilə fəaliyyətdə göstərmiş X1 və İstismarı Birliyinə də təqdim olunmuşdur. Sonda qeyd edilmişdir ki, arxivdə qeyd olunmuş sənədlər olmadığı üçün, dəqiqləşdirilmiş Səbail bağçılıq üzvlərin siyahısı cavabdehə göndərilir, Bağçılıq yoldaşlıq üzvlərinə verilmiş torpaq sahələrinin və orada tikilmiş fərdi evlərin özəlləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Göründüyü kimi, F.Cavadovun adı 1986-ci il tarixli ilkin siyahıda olmasa da, Konfederasiya tərəfindən təqdim edilmiş 2011 il tarixli siyahıda mövcud olmuş, qurum özü əvvəlki siyhıda adı olan şəxlərin respublikadan köçməsi, öz xahişi ilə üzvlükdən çıxması əsası ilə siyahıya dəyişiklik olunduğunu bildirmişdir. Belə olan halda aydın olur ki, F.Cavadovun təqdim etdiyi üzvlərin iclasının protokolundan çıxarış “Səbail” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmuşdur. Bundan başqa, cavabdeh torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşdiyini bildirmişdir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli, **********07 saylı məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.1618 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin hasarından 4 metr məsafədə 6 kVt-lıq elektrik (hava xətti) xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Qobustan ƏŞ). Həmçinin göstərilən torpaq sahəsi (bağ sahəsi) “Səbail” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Məhkəmə qeyd edir ki, işdə olan “Səbail” bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahəsinin ortofoto xəritəsindən çıxarışdan görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi həmin ərazinin sərhədində yerləşir. F.Cavadova torpaq sahəsi ayrılarkən tərtib edilmiş ayrıc aktının koordinatlar əsasında tərtib edilmədiyini, torpaq sahəsinin ayrılması barədə qərarın qüvvədə olduğunu nəzərə alan məhkəmə hesab edir ki, bu əsas daşınmaz əmlaka hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz. Bundan başqa, cavabdeh sahənin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyini bildirsə də, xx.xx.2024-cü il tarixli, **********47 saylı məktubunda bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətindədir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış hüququn qeydə alınmasını tələb etmək hüququna malik olmuşdur. Çünki qanunvericiliklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüuquların dövlət qeydiyyatı üçün nəzərdə tutulması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. X5 tərəfindən verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar Bağ massivində yerləşən 549 kv.metr sahəsi olan 26 saylı torpaq sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X6 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3165/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3165/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver