Məhkəmə qərarları › İş №2-1(112)-3165/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3165/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3165/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı “torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən əldə etmiş olduğu 0.03 ha torpaq sahəsinin faktiki istifadədə olan torpaq sahəsi üzrə koordinatlarının sistemə yenidən vurulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** və ********** nömrəli çıxarışlara əsasən 0.03 ha torpaq sahələrinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla plan-ölçü sənədlərinin tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Məhkəmənin qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli AN-İ № 064586 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, №0936355 saylı, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi əsasında ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0.03 ha hissəsini İddiaçı satmışdır. İddiaçı sözügedən alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Sözügedən çıxarış əsasında ona xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək təqdim edilmişdir. İradə Eynullayevin bildirdiyinə görə, o qanuni mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etmiş olduğu fərdi yaşayış evinin koordinatlarını Kürdəxanı Bələdiyyəsində müəyyən edərkən Bələdiyyədən ona bildirilmişdir ki, onların torpaq sahəsinin koordinatı Reyestr xidməti tərəfindən sistemdə yerləşdirilən zaman yanlış olaraq qonşu torpaq sahəsinin üzərinə yerləşdirilmiş, qonşu torpaq da onların torpaq sahəsinə üzərinə yerləşdirilmişdir. Bu barədə Bələdiyyə tərəfindən torpaq sahəsinin planı və ölçüsünə dair təsdiq edilmiş cizgi verilmişdir. Tərəfindən iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin koordinatının Reyestr xidməti tərəfindən sistemdə yerləşdirilməsini faktiki vəziyyətini müəyyən etmək məqsədilə cavabdehə sorğu göndərilmiş, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə sözügedən torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki sahəsi arasında fərq olduğu, eyni zamanda faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsindən X4, X2 mülkiyyətində olan torpaq sahəsindən isə İddiaçı istifadə etməsi bildirilmişdir. Məlumat üçün bildirmək istəyirik ki, sözügedən torpaq sahəsi X5 tərəfindən İddiaçı satılan zaman faktiki istifadəsində olan ərazinin satışı nəzərdə tutulmuş və bu torpaq sahəsi iddiaçıya satıldıqdan sonra reyestr xidmətinin mühəndisi tərəfindən yerində baxış keçirilməklə ölçü işləri həyata keçirilmişdir. Qeyd edək ki, iddiaçının almış olduğu torpaq sahəsinin koordinatları cavabdeh tərəfindən yanlış olaraq sistemə yerləşdirlmişdir. Hesab edir ki, xx.xx.2017-ci il tarixli AN-İ № 064586 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal- Şərq hissəsi ünvanında yerləşən 0.6 ha torpaq sahəsindən almış olduğu 0.3 ha torpaq sahəsinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun olaraq sistemə təkrar vurulması təmin edilməlidir. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun olaraq sistemə təkrar vurulması təmin edilməsi xahiş edilsə də, cavabdeh iddiaçının müraciətinə qarşı hərəkətsizlik etmişdir.

5. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki sahəsi arasında fərq mövcuddur. Belə ki, faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsindən X6, X3 mülkiyyətində olan torpaq sahəsindən isə İddiaçı istifadə edir.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlər tərəflər arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminə uyğun qanunamüvafiq qaydada icra edilmişdir. Lakin faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsindən X6, X3 mülkiyyətində olan torpaq sahəsindən isə İddiaçı istifadə edir. İddiaçının istifadəsində olan sahənin mülkiyyətçisi ilə notarial qaydada təsdiq edilmiş bölgü və dəyişmə müqaviləsi təqdim edildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli qeydiyyat tarixli ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına Dövlət reyestrində qeydə alınmışdır.

8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin kadastr göstəriciləri və əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsinin həm hüquqi, həmdə faktiki texniki göstəriciləri 0.03 ha təşkil edir. Sənəd üzrə sahə ilə faktiki sahə arasında fərq mövcuddur. İddiaçı sənədi üzrə torpaq sahəsindən X6, X1 üzrə torpaq sahəsindən İddiaçı istifadə edir. Sənəd üzrə sahələr dəyişik düşüb.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. İddia tələbi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına Dövlət reyestrində qeydə alınmış, həmin torpaq sahəsinin kadastr göstəriciləri və əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

19. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş müayinə (baxış) aktından görünür ki, sənəd üzrə sahələr dəyişik düşüb. Sənəd üzrə sahə ilə faktiki sahə arasında fərq mövcuddur.

20. Göründüyü kimi, cavabdeh qurumun imtinası qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

23. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinə əsasən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;

24. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. Məhkəmə hesab edir ki, mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin plan və ölçü sənədinin tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən bildirilən dəlillər (elektron kadastr məlumatına əsasən torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun mövcud olması) həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun mövcud olmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hazırkı iş üzrə məhkəməyə təqdim edilən torpaq sahəsinə dair ortofoto görüntüsündən müəyyən edilir ki, torpaq sahələrində sürüşmə baş verib. Torpaq sahələrinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə yerləri bəllidir və sözügedən uyğunsuzluğu aradan qaldırılması məhz cavabdehin vəzifələrindən biridir.

26. Torpaq sahələrinin planı və ölçüsü sənədinin tərtibindən imtina iddiaçının X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şimal-Şərq hissəsi ünvanında yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** və ********** nömrəli çıxarışlara əsasən 0.03 ha torpaq sahələrinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı adına plan-ölçü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar