Məhkəmə qərarları › İş №2-1(112)-3167/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3167/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3167/2021 03.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «mənzilə dair order verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «mənzilə dair order verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 11 saylı evin yaşayış sahəsi 22,5 kv.m olan 1 otaqlı 13 saylı mənzili Bakı şəhəri Xərai RİH başçısının 26 dekabr 2003-cü il tarixli m-596 saylı sərəncamına əsasən ona (iddiaçıya) verilmişdir. Bakı şəhəri Xətai RİH başçısının 327 saylı 24 sentyabr 2009-cu il tarixli sərəncamı ilə onun yaşayış yeri üzrə mənzil növbəsindən çıxarılması şərti ilə həmin mənzilə dair order verilməsi qərara alınmışdır. Sözügedən mənzilə order verilməsi ilə bağlı dəfələrlə RİH-ə müraciət etməsinə baxmayaraq, müsbət cavab alınmamışdır. Sonuncu müraciətə həmin qurumdan 26 noyabr 2020-ci il tarixli imtina cavabı verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Göstərilənlərə və İPM-in 2.2, 33-cü maddələrinə AR Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 11 saylı evin 1 otaqdan ibarət və sahəsi 22,5 kv.m olan 13 saylı mənzilinə order verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Xətai RİH-in məhkəməyə ünvanlanmış 28 yanvar 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı Bakı şəhəri Xətai RİH-ə müraciət edərək yaşadığı Xətai rayonu, K.Kərimov küçəsi, 11 saylı evin 13 saylı mənzilinə order verilməsini xahiş etmişdir. 1 oktyabr 2009-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62ci maddəsinin 2-ci bəndində yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda həmin müqavilə öz təsdiqini tapmadığı üçün İddiaçı xahişinin təmin edilməsi imkan xaricindədir. Qeyd olunanlara əsaslanaraq, Bakı şəhəri Xətai RİH iddia ilə razılaşmır və məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Göründüyü kimi, müvafiq yaşayış sahələrinə, o cümlədən mənzillərə səlahittərli orqan kimi RİH tərəfindən orderlərin verilməsi 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsində nəzərdə tutulmuşdur və həmin orderlər boş yaşayış sahələrinə köçmək üçün verilirdi. Həmin tarixdən sonra qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları isə, ümumiyyətlə yaşayış sahələrinə order verilməsini müəyyən etməmişdir. Bu isə, belə qənəatə gəlməyə əsas verir ki, iddiaçının qaldırdığı məsələ üzrə hazırkı cavabdeh Bakı şəhəri Xətai RİH səlahiyyətli deyil. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar