Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3167/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 577 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində 850 kv.m torpaq sahəsi üzərində və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikilməsi məqsədi ilə alqı-satqı qaydasında Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 577 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, Cəfər Cabbarlı küçəsində 850 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Sözügedən torpaq sahəsi üzərində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Layihə-Smeta Bürosu tərəfindən layihələndirilmiş eskiz əsasında 2 mərtəbəli fərdi yaşayış evi tikilmişdir və inşa edilmiş fərdi yaşayış evində uzun müddətdir ailəsilə birlikdə yaşayır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə o və ailə üzvləri ünvanda daimi qeydiyyata götürülmüşlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət etsə də cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə “Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən- “Torpaqların alqı-satqısına dair AKT” çıxarılmışdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Habelə, bələdiyyə tərəfindən mülkiyyətinə ayrılan torpaq sahəsinə bitişik və yaxınlığında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri bələdiyyə aktı əsasında hüquqlarını qeydiyyata aldırmış və çıxarış əldə etmişlər (ərizəyə əlavə olunur).
4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.”
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim etdiyi sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Sahə dövlət mülkiyyətində olmaqla yaşıllıq ərazi və qonşu ərazidə yerləşir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
6. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 577 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 9 mkr., C.Cabbarlı küçəsində 850 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq, fərdi yaşayış evin tikintisi üçün alqı-satqı yolu ilə vət. İddiaçı mülkiyyətinə verilməsi (kv.m. üçün YAN ilə 4 man. 16 qəp. ödəmək şərti ilə) və Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə vət. İddiaçı ilə müvafiq alqı-satqı müqavilələrinin bağlanmasının tapşırılması qərara alınmışdır.
7. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 221 nömrəli xx.xx.2006-cı il tarixli Satan Binəqədi bələdiyyəsi və Alan İddiaçı arasında bağlanılan müqavilə ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının «25» dekabr 2Q06-cı il tarixli Pr N 13 qərarına əsasən, fərdi yaşayş evin tikintisi üçün «Alıcıya» təklif edir. «Alıcı» fərdi yaşayış evin tikintisi üçün təklif edilən Sahəni qəbul edir. Sahənin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilir və cizgisi (planı) Alanın vəsaiti hesabına hazırlanır.
8. Bundan əlavə kassa mədaxil orderi, torpaq sahəsinin alqı-satqısına dair akt iş materiallarına əlavə edilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 809 saylı Sərəncamı ilə Binəqədi Bələdiyyəsinə təhvil verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 577 nömrəli qərarı ilə 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində 850 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmışdır. Habelə vətəndaş İddiaçı Binəqədi rayonu 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində 850 kv.m torpaq sahəsi üzrə 10011VNE5588 X14 Kodu ilə X1 Sistemində uçotdadır.
10. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı filialının 16 oktyabr 2024-cü il tarixli 3-48-2F/2-2170/2024 saylı məktubu ilə bildirilmişdir ki, vət. İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 577 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri 5(beş) vərəqdən ibarət Sizə göndərilir. Əlavə olaraq bildiririk ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə bölgü sxemi, ayrıc aktı, iclas protokolu, torpağın ayrılmasına dair kollegiallığı təsdiq edən sənədlər, inzibati materiallar Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, bələdiyyənin 2000-2010-cu illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdehin 3-21-3-30/2-52862/2024 saylı 29 dekabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən ərazinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla, dövlət mülkiyyətindədir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdehin 3-21-3-30/2-6014/2025 saylı 14 fevral 2025ci il tarixli məktubu ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 850 kv.m torpaq sahəsi ətrafında qeydiyyatdan keçmiş torpaq sahələrinə dair arxiv sənədlərinin, o cümlədən X8 0.06 ha, X12 0.0668 ha, X7 0.0125 ha, X9 0.0228 ha və X6 0.03 ha torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin və həmin hüququn qeydiyyata alınmasına əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 850.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 135.0 kv.m olan yaşayış evi (ikimərtəbəli yarım/zirzəmili) və tikintialtı sahəsi 75.0 kv.m olan köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 850.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyətində olmaqla yaşıllıq ərazi və qonşu ərazidə yerləşir. Həmçinin sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Göstərilən sahənin qonşu özəl reyestr nömrəli sahələri bunlardır: **********96, **********75, **********67. Əlavə olaraq, əvvəlki müraciət zamanı təqdim edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. İdarənin arxivində mövcud olan sənədlərə əsasən yuxarıda qeyd olunan **********96 reyestr nömrəli sahə xüsusi mülkiyyət kimi bələdiyyə qərarı əsasında qeydiyyatdan keçmişdir.
15. Məhkəmənin sorğusuna əsasən cavabdehin 3-21-3-30/2-11577/2025 saylı 18 mart 2025 ci il tarixli məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi faktiki olaraq 850.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 135.0 kv.m olan yaşayış evi (ikimərtəbəli yarım/zirzəmili) və tikintialtı sahəsi 75.0 kv.m olan köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla yaşıllıq sahəsinə qonşu olan ərazidə yerləşir. Həmçinin sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.
16. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş Binəqədi rayonu, 9cu mikrorayon, Cəfər Cabbarlı küçəsində istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı sifarişi ilə “AREAL GROUP" MMC tərəfdindən layihə təsdiq edilmişdir. İddiaçı müraciətinə Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətiniz əsasında inşa edilmiş yarımzirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin mövcud vəziyyətdə səədləşdirilməsinə Rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmir və təqdim olunmuş layihəsi (“AREAL GROUP" MMC-nin işi) əsasında təsdiqlənərək təqdim edilir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
21. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
22. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
23. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfindən müəyyən edildi ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 577 nömrəli xx.xx.2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, 9 mkr., C.Cabbarlı küçəsində fərdi yaşayış evin tikintisi üçün alqı-satqı yolu ilə 850 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Qərar əsasında iddiaçı ilə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 221 nömrəli xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmin ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi üzərində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Layihə- Smeta Bürosu tərəfindən layihələndirilmiş eskiz əsasında iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. İddiaçı hazırda torpaq sahəsinə və fərdi yaşayış eviə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
29. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
30. Məhkəmə hesab edir ki, Binəqədi rayonu, 9 mkr., C.Cabbarlı küçəsində fərdi yaşayış evin tikintisi üçün 850 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 577 nömrəli xx.xx.2006-cı il tarixli qərarı torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
31. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir.
32. Məhkəmə cavabdehin etirazının əsası kimi göstərdiyi sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar olunmaması, sahənin dövlət mülkiyyətində olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahələrə dair digər şəxslərin adına bələdiyyə qərarı əsasında çıxarışlar verilmişdir (həmin halı işə əlavə edilmiş sənədlər və mütəxəssis rəyi təsdiq edir). Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
33. Həmçinin, torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
34. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
35. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
36. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
37. Məhkəmə qeyd edir ki, cavabdehin etirazda torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı hər hansı sübüt təqdim edə bilmədi.
38. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
39. Cavabdehin etirazın digər əsası kimi istinad etdiyi dəlil odur ki, torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, həmçinin təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir.
40. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir.
41. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.
42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
43. Cavabdehin etirazın digər əsası kimi istinad etdiyi dəlil odur ki, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
44. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
45. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
46. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 577 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün verilən, ünvan 3 ünvanında yerləşən 850 kv.m torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evi olaraq inşa olunmuşdur.
47. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli mətubuna əsasən ünvan 3 ünvanında inşa edilmiş yarımzirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsinə etiraz edilməmiş, inşa edilmiş 2 mərtəbəli yarımzirzəmili fərdi yaşayış evinin təqdim olunmuş layihəsi (“AREAL GROUP" MMC-nin işi) təsdiq edilmişdir.
48. Məhkəmə nəzərə alır ki, Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin dispozisiya şərtinə əsasən məlumatlandırma icraatının şərtlərinə uyğundur.
49. Belə olan təqdirdə məhkəmə hesab edir ki, fərdi yaşayış evi istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd mövcud olmaqla tikinti barədə Binəqədi Rayon İcra Hakimiyyətinə məlumat verilmiş, “AREAL GROUP" MMC tərəfindən tərtib edilən layihə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır.
50. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
51. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
52. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
54. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 577 saylı qərarı ilə yaşayış evinin tikintisi üçün ayrılmış Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində 850 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva