Məhkəmə qərarları › İş №2-1(112)-3168/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3168/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3168/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanda yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 81,6 kv.m sahəsi olan 43 saylı mənzilin İddiaçı Mübariz oğlunun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 iyun 2017-ci il tarixdə iddiaçı ilə Yüksəliş-C MTK arasında yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Yüksəliş-C MTK Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində tikilməkdə olan yaşayış binasında 11-ci mərtəbədə 81,6kv.metr sahəsi olan 43 saylı mənzil alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür. Yüksəliş-C MTK tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 120 D, 11-ci mərtəbədə 81,6kv.metr sahəsi olan 43 saylı mənzilin pay dəyəri 57132 manat tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı mənzili adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq formal xarakterli xx.xx.2024-cü il tarixli məktubla cavab verərək ərizənin icrasından imtina etmişdir. İmtina məktubunu rəsmi olaraq xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. İddiaçı ilə bir binada yaşayan qonşularının demək olar ki hamısı öz qarajlarına dair Çıxarışı artıq əldə etmişlər, bu səbəbdən də iddiaçıya imtina edilməsi təəcüb doğurur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı tərəfindən verilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilə təqdim edilmişdir. Qeyd edilən qeyri- yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 70.4 kv.m-dır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh (nümayəndəsi) məhkəmə bахışında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. "xxxx" MMC-nin “Yaşayış binasında mənzilətikintisi haqqında” 06 iyun 2017-ci il tarixli müqaviləsində qeyd edilmişdir ki, "xxxx"xxxx"MMC" adlanan və ММС-nin Nizamnaməsinə asasan hərəkət edən "xxxx"MMC- mn direktoru X4 bir tərəfində Azərbaycan, ünvan 2 ünvanda qeydiyyatda olan sonralar "Alıcı" adlandırılan vətəndaş İddiaçı Mübariz oğlu digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. Addan ada dəyişir : 05 iyun 2017ci il tarixli X1 ərizəsi. Bakı şəhəri Xətai rayonu, M.Hadi küçasi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 43 №-li mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödəməyi öhdəsinə götürür: Göstərilən mənzil 1 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 87,9 kv.m, binanın girişi - mənzilin mərtəbəsi 10. Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən , bilavasitə alıcının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 57135 ( əlli yeddi min yüz otuz beş ) manat məbləğində müəyyən olunmuşdur. "xxxx" MMC-nin 22 iyul 2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə, bina 120D "xxxx" MMC-yə məxsusdur. Bu binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 87.9 m2 olan 43 saylı mənzilin pay dəyəri 57132 (əlli yeddi min yüz otuz iki) manat tam olaraq İddiaçı Mübariz oğlu tərəfindən tam ödənilmişdir. Bu mənzillə bağlı MMC-yə borcu yoxdur. 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örütüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına 263 nömrəli, 20 dekabr 2019-cu il tarixli icazədən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2337-ci məhəllə, M.Hadi küçəsi, 120 D, 1 girişli, zirzəmili, 20 mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-31411/2024 **********11 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş”də qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 263 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2016-cı il tarixli Dövlət Reyestrindən çıxarışda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən daşınmaz əmlak "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra 43 saylı mənzilin əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim olunacağı təqdirdə müraciətə yenidən baxıla bilər. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D, mənzil 136 (yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi, 2, M12, m1) xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D, mənzil 134 (yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi, 2, M11, m4) xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D, mənzil 118 (yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi, 2, M8, m3) xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən mübahisəli ünvana dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İİİ. Məhkəmənin mövqeyi

Təqdim edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən olunur ki, mübahisdəli mənzil ilkin olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4325/2017 saylı qərarına əsasən X3 adına dövlət qeydiyyatına alınmış, sonradan İddiaçı Mübariz oğlu ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-1(82)- 4325/2017 saylı qərarının ləğv olunması, üçüncü şəxs qismində cəlb etməklə, mahiyyəti üzrə onun iştirakı ilə işə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixdə qəbul etdiyi qərardadı ilə, İddiaçı Mübariz oğlunun ərizəsi təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4325/2017 saylı qərarı ləğv edilməsi, hazırki iş üzrə icraat təzələnməsi və İddiaçı Mübariz oğlu iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8294/2023 saylı, 18 aprel 2023-cü il tarixli Qərarı ilə, iddiaçı X3 adına ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı iddiaçıya satılmış və dəyəri tam ödənilmiş, ölçüsü 87,9 kv.m olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Hazırda İddiaçı Mübariz oğlu ərizə ilə cavabdehə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 81,6 kv.m sahəsi olan 43 saylı mənzilin İddiaçı Mübariz oğlunun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmiş və iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən,

- 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

6. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən:

- 112.1. mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.2. bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən:

- 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKRin vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarına əsasən iddiaçıda ona məxsus olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədləri mövcuddur, belə ki, mənzilin yerləşdiyi bina istismara qəbul edilmişdir və iddiaçı tərəfindən mənzilin pay dəyəri tam ödənilmişdir və hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilmişdir. İddiaçının həmin mənzil üzrə borcun olmamasını iş materiallarında olan maliyyə arayışı təsdiq edir. İddiaçıya məxsus mənzilin ümumi sahəsi 70.4 kv.m olması və imtina məktubunda, eləcə də iddiaya dair etirazda göstərilmiş digər əsaslar mənzil üzrə iddiaçınn mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas sayıla bilməz. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Bundan başqa hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən mənzil heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçıların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir . Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, mübahisəli mənzil üzrə həmin binada yerləşən mənzillər hüquq sahiblərinin adına dövlət qeydiyyatına alınmışdır. Buda onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). 36

9. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 81,6 kv.m sahəsi olan yaşayış binasının 43 saylı mənzilin İddiaçı Mübariz oğlunun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 81,6 kv.m sahəsi olan yaşayış binasının 43 saylı mənzilin İddiaçı Mübariz oğlunun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar