Məhkəmə qərarları › İş №2-1(112)-3169/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3169/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3169/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs “Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı) qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs “Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il Fərmanı çərçivəsində ödənilməli olan 3700 manat (üç min yeddi yüz manat) kompensasiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Finca Azərbaycan” X4-Bank Kredit Təşkilatı (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2015-ci il tarixli **********0103 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə ilə cavabdeh tərəfindən ona biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% dərəcəsi ilə 12 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kredit məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və faiz dərəcəsi ilə birlikdə sözügedən müqavilənin tərkib hissəsi olan “Kreditin Qaytarılması Cədvəli”nə (bundan sonra “Cədvəl”) müvafiq olaraq qaytarılmasına dair öhdəliyi müəyyən edilmişdir. Bəhs olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsinin üsulu kimi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan “Nissan Maxima” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (minik avtomobili) xx.xx.2015-ci il tarixli **********0103- **********2151 saylı ipoteka müqaviləsi ilə, ona məxsus olan iribuynuzlu mal-qara isə xx.xx.2015-ci il tarixli **********0103-BGM saylı girov müqaviləsi ilə hazırki iş üzrə cavabdehin xeyrinə yüklü edilmişdir. 21 fevral və 22 dekabr 2015-ci il tarixlərində baş vermiş devalivasiya nəticəsində xarici valyutada olan kredit üzrə maliyyə itkisi ilə üzləşməsinə baxmayaraq sözügedən kredit müqaviləsi üzrə ödənişləri 30 gün gecikdirmə ilə tam həyata keçirmişdir. Həmin kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının (“Fərman”) əhatə dairəsinə düşdüyündən fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron portala giriş edərək zəruri məlumatları əldə etmək istəmişdir. Lakin portalda ona kompensasiya ödənilməsi barədə məlumatlar əks etdirilmədiyindən tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (“Palata”) xx.xx.2019-cu il tarixli müraciət ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq Palatanın 25146 nömrəli Qərarı ilə bəhs olunan Fərman çərçivəsində müvafiq kompensasiya və ya restrukturizasiya tədbirlərinin Palata tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin (“Reyestr”) və kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsi rəhbər tutularaq kredit uçotunun düzgün aparılmaması, Reyestrə daxil edilmiş məlumatlarla kredit təşkilatının təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq yarandığı bildirilmişdir. Nəticədə həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsi, kompensasiya məbləğinin hesablanması və ödənilməsi üzrə tədbirlərinin görülməsi qeyri-mümkün hesab edilmişdir. Qanuni əsaslarla üzləşdiyi maliyyət itkisinin əvəzi olaraq kompensasiya ödənilməsi hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il ********** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3.1-ci maddəyə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: - 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra-Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; - 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunan hər iki əsas mövcuddur və bu sözügedən kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi hüququna malik olduğunu açıq-aşkar təsdiq edir. Digər tərəfdən “Fərman”ının 1.3-cü maddəsinə əsasən 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat, yəni 0,15 ABŞ dolları kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat, yəni 0,35 ABŞ dolları kimi) manatla ödənilməlidir. Həmin maddəyə əsasən xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsini ödəyərək krediti bağladığına görə - məruz qaldığı 3700 AZN (üç min yeddi yüz manat) məbləğində kompensasiya ödənişi sərəncamına verilməlidir. Palatanın 25146 nömrəli Qərarına müvafiq kompensasiya tədbirlərinin görülməsi üçün kredit təşkilatlarının təqdim etdiyi məlumatlarda fərqlilik olduğu, kreditin valyutasının müəyyən edilə bilinmədiyi göstərilmişdir. Cavabdehlə bağlanmış kredit müqaviləsindən də, hətta xx.xx.2019-cu il tarixli SF-26868 saylı "xxxx"ndan çıxarışdan da sözügedən kredit müqaviləsi barədə lazımi məlumatlar, o cümlədən, kreditin valyutası aydın görünür. Həmin məsələyə aydınlıq gətirilməsi, sözügedən kredit müqavilələri üzrə məlumatların və “Fərmanıla müəyyən edilmiş güzəştlərdən yararlanmaq üçün zəruri olan materialların təqdim edilməsi barədə cavabdehə müraciət ünvanlanmış, lakin etinasızlıq nümayiş etdirilək qanunla tanınmış hüquqlarının realizə edilməsinin forması kimi kompensasiya alınması istiqamətində hər hansı tədbir görülməmişdir. Beləliklə qanunla müəyyən edilmiş əsaslar olduğu təqdirdə, müvafiq kompensasiyanın ödənilməsi vəzifəsinin “Fərman”dan, başqa sözlə qanunun özündən irəli gəlməsi hazırki iş üzrə cavabdeh tərəfindən ona münasibətdə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsinə gəlməyə əsas verir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (“Fərman”) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq kredit təşkilatlarının təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “Finca Azərbaycan” BOKT ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair qeyd daxil edilsə də, həmin kredit müqavilələrinin icra statusu ilə bağlı məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməmişdir. Vətəndaşın kredit məlumatları natamam olduğundan onun adı Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə sərəncamına əsasən sözügedən müqavilə ilə bağlı “Finca Azərbaycan” BOKT-yə müvafiq sorğu edilmişdir. Sorğu ilə bağlı təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyindən kredit təşkilatı məhkəməyə müraciət etmiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-428/2017 saylı qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 612,94 ABŞ dolları məbləğində kredit borcunun ödənilmədiyi müəyyən edilmişdir. Beləliklə Fərmanın 1.1, 1.2-ci bəndləri və 2-ci hissəsi nəzərə alınmaqla, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona “Finca Azərbaycan” BOKT ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********0103 saylı kredit müqaviləsi üzrə cəmi 3593,20 manat kompensasiyanın hesablanmasına (hesablanmış kompensasiya məbləğinin ilk növbədə həmin müqavilə üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməklə) etiraz edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və 3-cü şəxsə şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 09 fevral 2015-ci il tarixli, **********0103 saylı kredit müqaviləsindən görünür ki, “kredit verən” "xxxx" X4-Bank Kredit Təşkilatı, “kredit alan” İddiaçı və “zamin” X5 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən İddiaçı 12 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 25146 saylı qərardan görünür ki, İddiaçı müraciətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında baxılmış və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restruktruzasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması, həmin kreditin devalivasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Buna görə də məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş SF-26868 saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı “Finca Azərbaycan” BOKT ilə bağlanmış xx.xx.2015-ci il tarixli, **********0103 saylı kredit müqaviləsi üzrə 10000 ABŞ dolları əsas borc üzrə gecikdirilmiş günlərin sayı 30 gün təşkil edir. Sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə aparılmışdır. Həmin kredit məbləği borcalanın bağlanmış öhdəliklərinin siyahısında qeyd edilmişdir. Məhkəmə araşdırması dövründə “Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********0103 saylı kredit müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin, bağlanmış kredit müqaviləsinin təsdiq edilmiş surətini, o cümlədən kredit müqaviləsi ilə bağlı sənədlər sorğu əsasında “Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatından tələb edilmişdir. “Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı tərəfindən məhkəmə sorğusuna cavab olaraq 2020/999/2382 saylı, 13 may 2020-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı ilə bağlı təşkilat tərəfindən məhkəməyə müraciət edilmiş və həmin şəxslə bağlı 27 yanvar 2017-ci il tarixli 2(061)-428/2017 saylı məhkəmə qərarı mövcuddur. Məhkəməyə müraciət edilərkən bütün sənədlərin əsilləri Tərtər Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin qərarın surəti qoşmada təqdim edilmişdir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli 2(061)-428/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı və X5 ilə "xxxx" MMC QBTK arasında 09 fevral 2015-ci il tarixdə kredit müqaviləsi üzrə İddiaçı və X2 "xxxx" MMC QBTK-nin xeyrinə 612,94 ABŞ dolları əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr verilmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 09 fevral 2015-ci il tarixli, **********0103 saylı kredit müqaviləsi üzrə "xxxx" X4-Bank Kredit Təşkilatından 12 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı götürdüyü kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyini, buna görə də üzləşdiyi maliyyə itkisinin əvəzi olaraq kompensasiya ödənilməsini tələb edir. İddiaçı bununla bağlı müraciət etsə də, onun müraciətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasında baxılmış, lakin 25146 saylı, xx.xx.2019-cu il tarixli qərarla imtina olunaraq, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən Fərmanın təsir dairəsinə düşən şəxslərin siyahısına aid olduğu halda müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, cavabdeh iddiaçının yuxarıda göstərilən Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməməsinə əsas olaraq X1 Kredit Reyestrinin və Fərman çərçivəsində yaradılmış məlumat bazasına əsasən kredit müqaviləsinə dair qeydlər daxil edilsə də, həmin kredit müqaviləsinin icra statusu ilə bağlı məlumatın Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülmədiyi göstərilmişdir. Halbuki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış üzrə iddiaçının həmin kredit müqaviləsi üzrə öhdəliklərini bağladığı, sonuncu ödənişin xx.xx.2016-cı il tarixdə aparıldığı və əsas borc məbləğinin gecikdirilmiş günlərinin sayının 30 gün təşkil etdiyi müəyyən edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 1-ci bəndinə əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”ndan görünür ki, Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2-ci bəndinə əsasən 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. İddiaçı ilə kredit təşkilatı arasında kredit müqaviləsi 09 fevral 2015-ci il tarixində bağlandığından, ona verilmiş kredit məbləği 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmadığından onun həmin Fərmanın çərçivəsinə daxilində sözügedən kredit müqaviləsi üzrə kompensasiya almaq hüququ olmuşdur. İddiaçı ona ödənilməli olan kompensasiyanın məbləğinin 3700 manat təşkil etdiyini bildirsə də, lakin cavabdeh tərəfindən təqdim edilmiş məlumat və iş materiallarında olan sənədlər əsasında “Finca Azərbaycan” X4-Bank Kredit Təşkilatı ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********0103 saylı kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiya məbləğinin 3593,20 manat təşkil etdiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 3593,20 manat məbləğində kompensasiya iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində ödənilməli olan 3593,20 (üç min beş yüz doxsan üç manat, iyirmi qəpik) manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində ödənilməli olan 3593,20 (üç min beş yüz doxsan üç manat, iyirmi qəpik) manat kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvaə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar