Məhkəmə qərarları › İş №2-1(112)-3169/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3169/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3169/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “tibbi arayışın qüvvədə saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin ona aid 4110003AABF4 saylı, xx.xx.2017-ci il tarixli göndərişi ilə (Forma 88) xəstəlik şəhadətnaməsinin qanuna uyğunluğunu, eləcə də 4110003AABF4 saylı Xəstəlik Şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2017-ci il tarixində 2-ci qrup əlil kimi ona verilmiş tibbi arayışın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1990-cu ildən 2017-ci ilin iyun ayına qədər Azərbaycan Respublikasının Vergilər Nazirliyində xidmətdə olmuşdur. xx.xx.2017-ci il tarixdə xəstəliyinə görə 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin tibb müəssisəsi olmadığından, Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi arasında vergi əməkdaşlarının tibbi müayinədən istifadə etmələri barədə müqavilə olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin bütün əməkdaşlarının adına şəxsi tibb kitabçası açılmışdır, hər bir vergi işçisi ildə iki dəfə Daxili İşlər Nazirliyinin Tibb müəsisəsindən pulsuz dispanser qeydiyyatlarından keçirilmişdir. Onun adına da Daxili İşlər Nazirliyinin Tibb İdarəsində № 833 saylı tibbi kitabça açılmışdır və bu gün də var. Azərbaycan Respublikasının Vergilər Nazirliyində xidmətdə olarkən dəfələrlə DİN-in poliklinkasında, DİN-in Hərbi Hospitalında müalicə olunmuşdur. Səhhətində yaranmış ciddi problemlərlə əlaqədar olaraq Vergilər Nazirliyinin Kadrlar Baş İdarəsinin göndərişinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb idarəsində həkim komissiyasından keçmiş, ona 4110003AABF4 saylı, xx.xx.2017-ci il tarixli (Forma 88) xəstəlik şəhadətnaməsi verilmişdir. Həmin xəstəlik şəhadətnaməsi əsasında şəxsin iştirakı olmadan xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona 5 (beş) illik müddətə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra, 4110003AABF4 saylı xəstəlik şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2017-ci il tarixində 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən 2-ci qrup əlil olduğunu təsdiq edən arayış verilmişdir. 2-ci qrup əlil olduğunu təsdiq edən arayışı aldıqdan sonra Vergilər Nazirliyindən əlil kimi pensiyaya çıxmışdır. xx.xx.2017-ci il tarixindən - xx.xx.2020-ci il tarixədək 2-ci qrup əlil kimi pensiya almışdır. xx.xx.2020-ci il tarixdə naməlum səbəblərdən pensiyası dayandırılmışdır. Pensiyasının hansı səbəbdən dayandırılması barədə 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 029-3854-1219\5 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, 843 nəfər əlillik dərəcəsi olan vətəndaşların Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, Nazirliyinin Tibb İdarəsi tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Bu səbəbdən də onun pensiyası dayandırılmışdır. Həmin adlı siyahıda onun da adı olduğu ücün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona xəbər vermədən, onu təkrar müayinədən keçirmədən qanunsuz olaraq ikinci qrup əlilik dərəcəsini ləğv edərək pensiyasını dayandırmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30 dekabr 2019-cu il tarixli, **********1 saylı məktubu ilə onu təkrar müayinəyə dəvət etmişlər. Məktubda qeyd edilmişdir ki, İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq fərdi reabilitasiya proqramının tərkibi məqsədi ilə təkrar müayinəyə dəvət edilir. Müraciətdə göstərilən vaxt o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə getmişdir, lakin onu orada müayinə etmədilər, gəlməyini də qeydə almadılar. Bundan sonra onun əlilliyi qanunsuz olaraq ləğv edilmiş və ona təyin edilmiş pensiya dayandırılmışdır. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər əlillik dərəcəsi olan vətəndaşların Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, Nazirliyin Tibb İdarəsi tərəfindən onların barəsində göndərişlərin əsasız olaraq rəsmləşdirildiyi qeyd edilirsə, saxta olduğu bildirilirsə, hansı səbəblərə görə həmin saxta göndəriş (Forma 88) verən tibb işçiləri barədə cinayət işi açılmamış, araşdırılması üçün prokurorluğa göndərilməmişdir? O, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə onun barəsində tərtib edilmiş 4110003AABF4 saylı səstəlik şəhadətnaməsinin hansı əsaslarla ləğv edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi müraciətinə cavab olaraq bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinkaların həkim məsləhət komissiyaları tərəfindən göndərişlər (forma 88) poliklinkalarda tibbi qeydiyyatlarda duran, eyni zamanda Nazirliyin xüsusi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilən şəxslər barəsində tərtib edilərək əlilik dərəcəsinin təyin edilməsi ücün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci ildə müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Nazirliyin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinkalarda tibbi qeydiyyata durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər arasında əlillik təyinatının aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmanın nəticəsi üzrə ona dair rəsmiləşdirilmiş 4110003AABF4 nömrəli göndəriş (forma 88) və bu səbəbdən də həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı “Əlillik” alt sistemində etibarsız hesab edilmişdir. O, Azərbaycan Respublikası Vergilər Nazirliyində məsul vəzifədə işləmişdir. Ona xx.xx.2017-çi il tarixdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 5 (beş) illik müddətə ikinci qrup əlilik dərəcəsi verildikdən sonra o, əlilik dərəcəsinə görə işdən çıxmışdır. X4-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona verilmiş 5 (beş) illik müddətə ikinci qrup əlillik dərəcəsi saxtadırsa, etibarsızdırsa, onda o, yenidən Azərbaycan Respublikası Vergilər Nazirliyində əvvəlki işinə bərpa edilməlidir. xx.xx.2017-ci il tarixdə ona təyin edilmiş ikinci qrup əlilik dərəcəsindən sonra dəfələrlə cərrahiyyə əməliyyatları keçirmiş, hal-hazırda da müalicəsini davam etdirir, aldığı müavinət dərmanlarına bəs etmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona rəsmi bildiriş göndərməli, təkrar komissiyaya dəvət etməli, komissiyanın qərarından sonra ikinci qrup əlillik dərəcəsini ləğv etməli idi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinliyərək, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin ona aid 4110003AABF4 saylı, xx.xx.2017-ci il tarixli göndərişi ilə (Forma 88) xəstəlik şəhadətnaməsinin qanuna uyğunluğunu, eləcə də 4110003AABF4 saylı Xəstəlik Şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2017-ci il tarixində 2-ci qrup əlil kimi ona verilmiş tibbi arayışın qüvvədə saxlanılmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırda mübahisələndirilən tibb müəssisəsinin göndərişi (forma 088) qeyd olunan əlamətlərə malik deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan tibb müəssisəsinin göndərişi (forma 088) inzibati akt hesab edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi konkret və aydın göstərilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, konkret və aydın iddia tələbi məhkəməyə təqdim edilməmiş, aydın olmayan iddia tələbi dəqiqləşdirilməmişdir. İddiaçı xəstəlik şəhadətnaməsinin qanuna uyğunluğunu, eləcə də xəstəlik şəhadətnaməsi əsasında əlil kimi ona verilmiş tibbi arayışın qüvvədə saxlanılmasını deyil, ləğv edilmiş əlilliyinin bərpa edilməsini mübahisələndirməlidir (cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə). Məhkəmə qeyd edir ki, iş materiallarından olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi» tələbi ilə artıq məhkəməyə müraciət etmişdir, hazırda iş məhkəmənin icraatındadır və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 7720/2022 saylı qərarı ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (bənd 1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (bənd 1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (bənd 1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (bənd 1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (bənd 2.1). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (bənd 8.6). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın (bənd 13). İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər (bənd 14.1). İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır (bənd 14.2). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1-ci bənd). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2-ci bənd). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar