Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-317/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdehin nümayəndəsi X4 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv olunması”tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 043 g m nömrəli əmrinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xidmətini Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsinin “Göyçə” postunda başlamışdır. Hərbi hava qüvvələrinə “pilotsuz uçus saatları” kursunu bitirərək gəlmişdir. Aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə başladığı gündən qurtardığı günə qədər iştirak etmişdir. Belə ki, Hərbi-həkim komissiyasının rəyinə əsasən iddiaçının qanında narkotik maddə aşkar olunmuşdur və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsas tutaraq xx.xx.2018-ci il tarixli 0439 m nömrəli əmr imzalanmışdır. İşin faktiki halları ilə əlaqədar olaraq bildirilir ki, iddiaçının şikayəti əsasında tədqiqat işi araşdırılmış, iddiaçıdan götürülən qan nümunələri təkrar ekspertizaya göndərilmiş fakt öz təsdiqi tapmamış, cinayət işin başlanması rədd edilmişdir. İddiaçının şikayətindən sonra təhqiqat yenidən hamını analizə göndərmiş, daha iki nəfərin qanından narkotik maddə aşkar olunmuşdur. İddiaçı da isə heç bir maddə aşkar olunmadığı halda, təhqiqatın cavabı gözləmədən, iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-tibbi ekspertizaları təyin edilmiş, məhkəməxətşünaslıq ekspertiza tədqiqatının həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, məhkəmə-tibbi ekspertizası isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 2211/K saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi, xx xxxxxxxx 2020-ci il tarixdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 4/537 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuş, iş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi N.Abasov iş üzrə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Cəfərov iddianın mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, iddiaçının hazırki mərhələdə mübahisələndirdiyi əmr 2018-ci il tarixə aiddir. İddiaçı həmin əmrin mövcudluğundan xəbərdar olduğu halda, əmri mübahisələndirməyərək, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materiallarında olan 043 gm saylı, xx xxxxxxxx 2018-ci il tarixli Müdafiə Nazirinin Hərbi X8 Əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, aşağıda adları çəkilən gizirlər (gizir İddiaçı, N №-li hərbi hissənin Pilotsuz uçuş aparatlarının hava kəşfiyyatı qrupunun (“Orbiter”) pilotsuz uçuş aparatlarının kəşfiyyat manqasının (“Orbit”) texniki həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin xaric olan sənədlərin uçotu jurnalından (xx.xx.2018-xx.xx.2018) görünür ki, Qaradağ rayon Şöbəsinə ünvanlanmış gizir İddiaçı barəsində olan 1858 saylı, xx.xx.2018-ci il tarixli təyinat vərəqəsi gizir “Abdullayev” tərəfindən imzalandıqdan sonra, ona təhvil verilmişdir. Həmin təyinat vərəqəsinin xx.xx.2018-ci il tarixdə iddiaçıya təqdim olunması da İddiaçı məhkəmə iclasında verdiyi izahatda öz təsdiqini tapmışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə Müdafiə Nazirinin Hərbi X8 043 gm saylı, xx xxxxxxxx 2018-ci il tarixli əmri mübahisələndirir və əmrin mübahisələndirilməsi müddətinin ötürülməməsini onunla əsaslandırır ki, sözügedən əmr ümumiyyətlə ona təqdim olunmamış, həmçinin, xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuş söhbət vərəqəsində olan imza ona aid olmamış, həmçinin, 203/K saylı maddi sübutların tədqiqatı aktından məlumatlı olduqdan sonra şikayət etmiş, təhqiqat həyata keçirilmiş, xx xxxxxx 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən əmri xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Müdafiə Nazirinin Hərbi X9 tərəfindən qəbul edilən əmr xx xxxxxxxx 2018-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iddiaçı Müdafiə Nazirinin Hərbi X9 tərəfindən qəbul edilən əmrin mövcudluğundan xx xxxxxxx 2018-ci il tarixdən, yəni iddiaçıya xx xxxxxxx 2018-ci il tarixli təyinat vərəqəsi təqdim olduğu zaman xəbərdar olmuşdur. Belə ki, “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların SHXÇDX aidiyyəti rayon şöbələrinin qeydiyyatına düşməsi ilə bağlı müvafiq olaraq sərəncam verilir. Vətəndaş isə ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının imzası ilə təsdiq olunmuş və işin mübahisə predmetini təşkil etməyən hal kimi nəzərdə tutulan məsələ məhz Qaradağ rayon Şöbəsinə ünvanlanmış gizir İddiaçı barəsində olan 1858 saylı, xx.xx.2018-ci il tarixli təyinat vərəqəsidir. İddiaçı sözügedən təyinat vərəqəsi ilə Qaradağ rayon Şöbəsinə müraciət etdiyi zamanda artıq ehtiyata buraxıldığını və ehtiyata buraxılmasının səbəbi kimi Müdafiə Nazirinin Hərbi X8 043 gm saylı, xx xxxxxxxx 2018-ci il tarixli əmri olduğundan xəbərdar olmuşdur. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Şərh edilən maddənin normasından görünür ki, hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması barədə əmrləri hərbi hissə komandirləri tərəfindən elan olunur. Hazırki mübahisə predmetini təşkil edən əmrin xx xxxxxxxx 2018-ci il tarixə aid olduğunu nəzərə aldıqda məlum olur ki, həmin əmr hərbi hissə komandiri tərəfindən elan olunmuşdurr. Bundan başqa, Məhkəmə bir məqamı da vurğulamaq istəyir ki, iddiaçı barəsində qəbul edilmiş sentyabr 2018-ci il tarixli əmr – hərbi quluqçunun ehtiyatı buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq müddət ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Göründüyü kimi, iddiaçı Müdafiə Nazirinin Hərbi X8 043 gm saylı, xx xxxxxxxx 2018-ci il tarixli əmrindən ən geci xx xxxxxxx 2018-ci il tarixdə xəbərdar olduğu təqdirdə, həmin sərəncamları mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işdən mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçının həmin əmr barədə hələ 2018-ci ildə, iddia qaldırmazdan əvvəl məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə həmçinin, iddiaçının ilk öncə təhqiqatda araşdırma aparılması ilə bağlı olaraq mübahisələndirmə müddətini ötürməməsi dəlilinə cavab olaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Müdafiə Nazirliyinin 2-ci Təhqiqat bölməsinin təhqiqatçısı ədliyyə leytenantı X2 tərəfindən N nömrəli hərbi hissənin hərbi qulluqçuları gizir İddiaçı gizir X1, MAHHXHQ X5 qanından dövriyyəsi qadağan olunmuş narkotik vasitənin aşkar olunması faktı üzrə araşdırma aparılmış, nəticədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Beləliklə, faktla bağlı Müdafiə Nazirliyinin 2-ci Təhqiqat Bölməsində araşdırmanın aparılması iddiaçının ən geci xx.xx.2018-ci il tarixində ona məlum olan əmri mübahisələndirmək üçün nəzərdə tutulmuş müddətin dayandırılmasına səbəb ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, təhqiqat orqanı tərəfindən faktla bağlı araşdırmanın aparılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə qeyd edildiyi kimi cavabdeh inzibati orqana münasibətdə şikayət instansiyası sayılmır. Həmçinin. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı yuxarıda qeyd edildiyi kimi 1 illik müddət ərzində (xx.xx.2019) əmri mübahisələndirsə də, müddəti ötürmədiyini qeyd etmiş, məhkəmə icraatı zamanı prosessual müddətin bərpası barədə ərizə verməmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv olunması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-317/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-317/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver