Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-317/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs X7 qarşı «sərəncamların ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehin 30 dekabr 2005-ci il tarixli 830 nömrəli sərəncamının ləğv edilməsi tələbini irəli sürməklə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Nizami rayonunun təhsil işçilərinə Əzizbəyov (hazırkı Pirallahı) rayonu Dübəndi ərazisində bağ sahələri ayrılmışdır. Həmin bağ sahələrindən Pirallahı rayonu, Dübəndi bağ massivi, 3-cü Şimal küçəsi, ölçüsü 0,098 ha olan 6 saylı bağ sahəsi İddiaçı3, 3-cü Şimal küçəsi, ölçüsü 0,05 ha olan 4 saylı bağ sahəsi iddiaçı X1, 2-ci Şimal küçəsi, ölçüsü 0,05 ha olan 12 saylı bağ sahəsi İddiaçı2 məxsusdur və onların mülkiyyətindədir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 830 saylı sərəncamı ilə istirahət məkanlarının tikintisi üçün 11 ha ölçüdə ərazini X7 əsassız olaraq vermişdir. X10 tərəfindən həmin ərazidə ev tikilmiş, lakin tikinti işləri başa çatdırılmamışdır, həmçinin elektrik transformatoru quraşdırılmışdır. Tikili və transformator hazırkı iddiaçıların mülkiyyətindəki torpaq sahələrində yerləşdiyindən, onlara məxsus torpaq zəbt olunmuşdur və maneələr yaradır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 238.1-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 93.1-ci maddələrinə, İPM-in 2, 32, 35, 38, 45, 46, 70-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri Xəzər RİH-in 30 dekabr 2005-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 8 sentyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan əlavə, iddiaçılar məhkəməyə təqdim olunnuş iddia ərizəsində Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 850 nömrəli sərəncamı ilə Pirallahı rayonu, Dübəndi bağ sahəsində vətəndaş X10 tərəfindən tikintisi başa çatmamış ev tikildiyini və elektrik transformatoru quraşdırıldığını bildirmişdir. Məlum olduğu kimi, 2009-cu ildə Pirallahı qəsəbəsi Xəzər rayonunun inzibati ərazisindən ayrılaraq ayrı rayon kimi təsis olunmuşdur. Bununla bağlı «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun həmin ərazidə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar İddiaçı1 və digərlərinin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə iddianın «Bakı şəhəri Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamlarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin 4 dekabr 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddia ilə bağlı məhkəməyə ünvanlanmış 20 aprel 2021-ci il tarixli məktubunda əlavə olaraq qeyd olunur ki, iddiaçılar iddia ərizəsində Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Nizami rayonunun təhsil işçilərinə Əzizbəyov (hazırda Pirallahı) rayonu Dübəndi ərazisində onlara bağ sahələrinin ayrılmasını qeyd etmişlər. 2018 və 2019-cu illərdə iddiaçılar Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami rayon XTŞK” b/y-nın 2-ci Şimal küçəsi, 4, 6 və 12 saylı bağ sahələrinə dair öz adlarına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışlar almışlar. Bununla əlaqədar hesab olunur ki, Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli sərəncamı ilə X7 Qala-Pirallahı yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisində istfadəyə verilmiş 11 ha torpaq sahəsinin Bakı Şəhər XDS İK tərəfindən 27 oktyabr 1987-ci il tarixli qərarla ayrılmış iddiaçıların mülkiyyətində olan Dübəndi bağ sahəsi, 2-ci Şimal və 3-cü Şimal küçələrində yerləşən bağların torpaq sahələri ilə hər hansı hissədə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək məqsədilə məhkəmə ekspertizası təyin olunmalıdır. Məhkəmədən iş üzrə ekspertiza təyin edilməsi xahiş olunur. Həmçinin məhkəmədən xahiş olunur ki, digər mübahisəli məsələlərə aydınlıq gətirilməsi, icarə hüququnun dövlət qeydiyyatına alınıb-alınmamasının dəqiqləşdirilməsi məqsədilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilsin. Bundan başqa, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məlum olduğu kimi, vətəndaş X7 torpaq sahəsi 2005-ci ildə icarəyə verilsə də, uzun müddət sonra iddiaçılar 3 avqust 2020-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bundan əlavə, Azərbaycan Respublikasının Milli Məclisi “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanununu qəbul etmiş və Pirallahı rayonu Xəzər rayonundan ayrılaraq ayrıca rayon kimi yaradılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 7 iyun 2021-ci il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmənin 7 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyularaq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə): - Bakı şəhəri, Qala-Pirallahı magistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisində Bakı şəhəri Xəzər RİH-in 30 dekabr 2005-ci il tarixli 829 nömrəli sərəncamı ilə X7 ayrılmış 11 ha torpaq sahəsi ilə iddiaçılar İddiaçı1 mülkiyyətində olan 0,05 ha ölçüdə (28 dekabr 2019-cu il tarixdə reyestrdə qeydiyyata alınmışdır, əmlakın reyestr nömrəsi **********40), İddiaçı2 mülkiyyətində olan 0,05 ha ölçüdə (28 noyabr 2019-cu il tarixdə reyestrdə qeydiyyata alınmışdır, əmlakın reyestr nömrəsi **********32) və İddiaçı3 mülkiyyətində olan 0,098 ha ölçüdə (29 may 2018-ci il tarixdə reyestrdə qeydiyyat alınmışdır, əmlakın reyestr nömrəsi **********29) torpaq sahəslərinin hər hansı hissədə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli məktubu ilə məhkəməyə “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat təqdim edimişdir. Məlumatda bildirilir ki, iş üzrə məhkəmənin 7 iyun 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Belə ki, ekspertiza qarşısında qoyulmuş sualların həııi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması barədə 21 iyun 2021-ci il tarixli 10/2812 saylı vəsatət göndərilmişdir. Lakin Xidmətin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının tşkili haqqında Təlimatın 3.2-ci bəndnə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materialı təkrarən Mərkəzə qaytarılacağı halda, təkrarlanan lüzumsuz yazışmaların aradan qaldırılması məqsədi ilə, vəsatətdə göstərilən məlumat və materialların əvvəlcədən toplanaraq iş materialları əlavə edilməsi tövsiyə olunur. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. MPM-in 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Məhkəmənin 3 noyabr 2021-ci il tarixli qərardadı ilə yuxarıda (ekspertiza təyin olunması barədə qərardadda) göstərilən sualın cavablandırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən müvafiq mütəxəssis rəyi tələb olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bazasında yaradılmışdır) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış 10 fevral 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş 8 fevral 2022-ci il tarixli arayışda aşağıdakılar bildirilir: - Baxışda mütəxəssisin iştirakı təmin edilmişdir. Lakin Bakı şəhəri, Qala-Pirallahı çagistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisində Bakı şəhəri Xəzər RİH-in 30 dekabr 2005-ci il tarixli 829 nömrəli sərəncamı ilə X7 ayrılmış 11 ha torpaq sahəsinə dair miqyaslı, koordinatlı hər hansı istinad nöqtəsindən məsafə göstərilmiş sxemin təqdim edilməməsi səbəbindən 3 noyabr 2021-ci il tarixli qərardadla qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. İPM-in 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı1 və üçüncü şəxs X10 gəlməmişlər, cavabdehin nümayəndəsi və digər iddiaçılar gəlmişlər. Məhkəmə İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın əsassız olduğunu bildirdi və rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, iddiaçılara məxsus torpaq sahələri ilə RİH-in 30 dekabr 2005-ci il tarixli sərəncamı ilə ayrılmış ərazinin üst-üstə düşməsi müəyyən edilməmişdir, bu barədə ekspert rəyi yoxdur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin (6 iyun 2012ci il tarixli 648 nömrıli Fərmanla qüvvədən düşmüşdür) 13-cü maddəsinin 1-ci hissəsinə görə icra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 noyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 27 noyabr 2019-cu il tarixli A 455754 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərindən görünür ki, İddiaçı2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 2-ci Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 12 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin koordinatları əks olunmaqla planı və ölçüsü tərtib olunmuşdur. Plan və ölçünün tərtib edilməsinə əsas kimi “Nizami rayon XTŞK” b/y-nın bağçılıq kitabçası 12, 15 sentyabr 1996-cı il, protokoldan çıxarış 3, 15 sentyabr 1996-cı il göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 dekabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 27 dekabr 2019-cu il tarixli A 457195 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 3-cü Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 4 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin koordinatları əks olunmaqla planı və ölçüsü tərtib olunmuşdur. Plan və ölçünün tərtib edilməsinə əsas kimi “Nizami rayon XTŞK” b/y-nın bağçılıq kitabçası 4, 15 sentyabr 1996cı il, protokoldan çıxarış 3, 15 sentyabr 1996-cı il göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 29 may 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 29 may 2018-ci il tarixli A 266206 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərindən görünür ki, İddiaçı3 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi, 0,098 ha ölçüdə sahəsi olan 6 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin koordinatları əks olunmaqla planı və ölçüsü tərtib olunmuşdur. Plan və ölçünün tərtib edilməsinə əsas kimi 30 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş 3 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi (4Ə-38) göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh 30 dekabr 2005-ci il tarixli 829 nömrəli sərəncamı ilə Qala-Pirallahı magistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisindəki boş istifadəsiz qalmış 11 ha torpaq sahəsi abadlaşdırılaraq orada istirahət zonası təşkil edilməsi üçün vətəndaş X7 icarəyə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh 30 dekabr 2005-ci il tarixli 830 nömrəli sərəncamı ilə Qala-Pirallahı magistral yolunun sol hissəsində Gürgan qəsəbəsi ərazisində vətəndaş X7 icarəyə verilmiş torpaq sahəsində fərdi layihə əsasında 2 inzibati binanın tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayonunun təhsil işçilərinə Dübəndi qəsəbəsində ayrılmış və hazırda iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdeh X10 tərəfindən qanunsuz inşa edilmiş yarımçıq tikili, elektrik transformatoru və daş hasarın sökülüb çıxarılması tələbini irəli sürmüşlər. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin icraatında olan həmin (2(094)- 244/2020 saylı) mülki iş üzrə icraat hazrkı iş üzrə icraat çərçivəsində yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Pirallahı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı bildirir ki, hazırkı iddia daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, “mübahisələndirmə haqqında” iddiaya aid olsa da, cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına daxil olan ərazini əhatə etdiyindən, mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsinin) tələblərinə uyğun olaraq həm cavabdeh inzibati orqanın olduğu, həm də daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunauyğundur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatında mübahisə predmeti olan 30 dekabr 2005-ci il tarixli sərəncamların hazırkı iddianın qaldırıldığı tarixdən 1 ay əvvəlki gündən, yəni 10 iyul 2020-ci il tarixdən qabaq iddiaçılara təqdim və ya elan olunması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübut, dəlil təqdim edilməmişdir. Bu isə, belə nəticə yaradır ki, iddia qaldırılarkən iddia müddəti buraxılmış sayıla bilməz. Eləcə də, müvafiq ekspertiza təyinatı və mütəxəssisin cəlbi üçüncü şəxsə ayrılmış əraziyə dair “miqyaslı, koordinatlı hər hansı istinad nöqtəsindən məsafə göstərilmiş sxemin təqdim edilməməsi” səbəbindən müsbət nəticə verməsə də, Pirallahı Rayon Məhkəməsinin icraatında olan iş üzrə hazırkı iddiaçılar və üçüncü şəxs arasındakı mübahisənin obyekti kimi iddiaçılara məxsus torpaq sahəsi çıxış etdiyindən, tərəflərin və üçüncü şəxsin iddia etdiyi torpaq sahələri eynilik təşkil etmiş sayılır. Odur ki, mübahisələndirilən 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamlar cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) RİH tərəfindən qəbul edildiyindən, iddiaçılar üçün əlverişli inzibati akt kimi hüquqi nəticə yaratdığından, iddia qaldırılarkən iddia müddətinin buraxılmamış kimi qiymətləndirildiyindən, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən digər hallar mövcud olmadığından, məhkəmə iddianı mümkün sayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu Qanunun 9cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə mübahisə üzrə müəyyən etdiyi aşağıdakı halları diqqətə çəkir: 1) Daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların müvafiq bağ sahələrinin yerləşdiyi torpaq sahələrinə mülkiyyət hüquqları qeydiyyata alınsa da, üçüncü şəxs X5 Bakı şəhəri Xəzər RİH-in 30 dekabr 2005-ci il tarixli sərəncamı ilə ona icarəyə verilmiş torpaq sahəsinə hüququ qeydiyyata alınmamışdır. Həmçinin, iddiaçılara məxsus torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib olunmuş, lakin RİH-in sərəncamının qəbulundan sonra üçüncü şəxslə müvafiq müqavilə bağlanması müəyyən edilmir. Nəzərə alınmmalıdır ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 2) İddiaçılardan İddiaçı1 və İddiaçı2 bağ sahələrinin ayrılması 1996-cı ilə təsadüf edir və «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə müvafiq torpaq sahələri həmin vaxtdan onların mülkiyyətinə keçmişdir; 3) İddiaçılardan İddiaçı1 və İddiaçı2 mülkiyyətinə keçmiş torpaq sahələri üzərində üçüncü şəxsə torpaq sahəsi ayrılan vaxt, yəni 30 dekabr 2005-ci il tarixdə Əzizbəyov (indiki) Xəzər RİH səlahiyyətli olmamışdır və həmin torpaq sahəsini icarəyə verə bilməzdi. Digər iddiaçıya aid torpaq sahəsi də bağçılığın ərazisində olduğundan (bu işin mübahisə olunmayan halıdır), həmin sahəyə münasibətdə də eyni hal mövcuddur. 4) Yuxarıda qeyd olunanlar Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH-in 30 dekabr 2005-ci il tarixli 829 nömrəli sərəncamının qanunsuz əlverişli inzibati akt olmasına dəlalət edir. Məhkəmə həmçinin diqqətə çəkir ki, 30 kekabr 2005-ci il tarixli həmin sərəncamın qəbulu hazırkı iddiaçıların hüquqlarına və ya qanunla qorunan maraqlarına zidd olduğundan, maraqlı şəxs kimi hazırkı iddiaçıya münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulmasına və ya əmələ gəlməsinə səbəb olmadığından üçüncü şəxsin sərəncamla bağlı etimad hüququ yaranmış olmur; 5) Bakı şəhəri Əzizbəyov (Xəzər) RİH-in 30 dekabr 2005-ci il tarixli 830 nömrəli sərəncamına gəldikdə isə, üçüncü şəxsə torpaq sahəsinin icarəyə verilməsi barədə həmin tarixli 829 nömrəli sərəncam qanunsuz qəbul olunduğu halda, ona tikintiyə icazə verilə bilməzdi. Bu isə, onu deməyə əsas verir ki, Bakı şəhəri Əzizbəyov RİH-in 30 dekabr 2005ci il 830 nömrəli sərəncamı qanuna zidd olmuşdur. Həmin sərəncama münasibətdə də üçüncü şəxs etimad hüququna malik olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH-in 30 dekabr 829 və 830 nömrəli sərəncamları əlverişli inzibati akt kimi qanunvericiliyə zidd olduğundan və həmin sərəncamların qəbulu qismən iddiaçının mülkiyyət hüquqlarını pozduğundan sərəncamlar müvafiq hissələrdə qanunsuz qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamları İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 3-cü Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 4 saylı bağ sahəsinə, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi, 0,098 ha ölçüdə sahəsi olan 6 saylı bağ sahəsinə, İddiaçı2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 2ci Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 12 saylı bağ sahəsinə aid hissələrdə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli 829 və 830 nömrəli sərəncamları İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 3-cü Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 4 saylı bağ sahəsinə, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi, 0,098 ha ölçüdə sahəsi olan 6 saylı bağ sahəsinə, İddiaçı2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XTŞK b/y-nın 2-ci Şimal küçəsi, 0,05 ha ölçüdə sahəsi olan 12 saylı bağ sahəsinə aid hissələrdə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-317/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-317/2022
22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver