Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3171/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni məhəllə sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin cizgi sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona cavabdehin sərəncamı ilə yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində ev inşa edilmişdir. Həmin sahəyə yerləşmə cizgisinin verilməsi ilə bağlı müraciət edilmiş, lakin cavabdeh mülki mübahisənin olmasına istinad edərək, şərait yaradılmadığını qeyd edərək müraciətin təminindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən torpaq sahəsi ayrılarkən torpaq sahəsini ayıran idarə tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab olunur ki, imtina əsaslı olmuşdur. Eyni zamanda həmin torpaq sahəsi dövlət və ya bələdiyyə torpaq sahəsi olması məlum deyil. İddia edilən torpaq sahəsinin həqiqətən ayrılmış torpaq sahəsi ilə eyni ərazi olduğunu və ya sonradan zəbt edilməsini müəyyen etmək mümkün deyil. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RİH tərəfindən verilmiş 06 avqust 1992-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam ilə Nardaran qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, yerləşmə sxeminin verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Nardaran qəsəbəsinin deyil, Bilgəh qəsəbəsinin inzibati ərazisində yerləşir. Mütəxəssis rəyindən görünür ki: - Kənardan göstərilən torpaq sahəsi ümumi hasardaxilində olmaqla 0.12 ha təşkil edir. Torpaq sahəsi digər fiziki şəxsin ümumi istifadəsində olduğundan iddiaçı yeri kənardan göstərdi (sahənin darvazası bağlıdır). Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş Sabunçu RİH-nin xx.xx.1992-ci il tarixli 1027 nömrəli sərəncam əsasında iddiaçının adına (ləğv ed'imiş'' Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********0929 nömrəli kadastr planı verilmiş və onun əsasında 0.12 ha sahə **********68 reyestr nömrəsi ilə dövlət qeydiyyatdan keçərək sonradan özgəninkiləşdirilmişdir. Həmin sahə faktiki sahədən 1600 metr kənarda tamamilə başqa ərazidə yerləşir. - Sahəyə dair cizgi təqdim edilməmişdir. - Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsi Bilgəh qəsəbəsinin inzibati ərazi hüdudları daxilindədir. - Yuxarıda qeyd olunduğu kimi kənardan göstərilən torpaq sahəsi ümumi hasardaxilində olmaqla 0.12 ha təşkil edir. Torpaq sahəsi digər fiziki şəxsin ümumi istifadəsində olduğundan iddiaçı yeri kənardan göstərdi (sahənin darvazası bağlıdır). Vahid elektron kadastr məlumatlar bazasında sahənin qeydiyyatı ilə bağlı məlumat yoxdur. - Torpaq sahəsi digər fiziki şəxsin ümumi istifadəsindədir (iddiaçının istifadəsində deyil). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aiddir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695- İQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Hazırda qüvvədən düşmüş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin:
3. Komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
5. Komitə öz fəaliyyətini digər dövlət və bələdiyyə orqanları ilə, habelə ictimai birliklərlə qarşılıqlı əlaqədə olmaqla həyata keçirir.
9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək; 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq; 9.9. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırladığı xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası vasitəsilə Azərbaycan Respublikası Milli Məclisi Aparatına təqdim edir;
10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 10.5. Torpaq haqqında məlumat bankı yaradır, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir; 10.8. Müəyyən olunmuş qaydada torpaq münasibətlərinin, geodeziya və kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatlar və göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin edir və icrasına nəzarət edir, zəruri hallarda müvafiq nazirlik, dövlət təşkilatları və bələdiyyələr ilə həmin məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir; 10.22. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata keçirir; Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istənilən halda torpaq sahəsinin faktiki yerini, koordinatlarını təsdiq edən yerləşmə cizgisi ilə yanaşı, həmçinin kadastr planının verilməsidə mümkündür. Həmin sənədlərin hər ikisi hüquqi cəhətdən texniki sənəd hesab olunur. Hazırki iş üzrə alınmış mütəxəssis rəyindən isə görünür ki, iddiaçının iddia etdiyi sərəncam əsasında onun adına (ləğv ed'imiş'' Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********0929 nömrəli kadastr planı verilmiş və onun əsasında 0.12 ha sahə **********68 reyestr nömrəsi ilə dövlət qeydiyyatdan keçərək sonradan özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddiaçının istinad etdiyi Sabunçu RİH tərəfindən verilmiş 06 avqust 1992-ci il tarixli sərəncam hal-hazırda qüvvədə olsa da, həmin sərəncam əsasında iddiaçının adına artıq kadastr planı verilmişdir ki, bu da ona təkrarən eyni sərəncam əsasında yerləşmə cizgisinin verilməsini istisna edir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, cavabdehin imtinası hazırki iddianın mümkünlüyü yox məhz mahiyyətinə qiymət verilməsinə əsas verir. Belə ki, iddiaçı hazırda faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə yerli icra hakimiyyətinin sərəncamı əsasında yerləşmə cizgisinin verilməsi məqsədinə nail olmaq istəyir ki, həmin sərəncam əsasında torpaq sahəsinə artıq kadastr planı verilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən haqlı olaraq imtina etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov