Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3173/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və müqavilənin tələblərinin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, onunla Səhiyyə Nazirliyi arasında bağlanmış “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li, xx xxxxxx 2016-cı il tarixli müqavilənin 3.1.2-ci bəndinin tələblərini icra etmək vəzifəsini, yəni Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin birində onu həkim-stomotoloq kimi işlə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə həkim-stomotoloqlara azad təyinat verilməsi qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı ilə Səhiyyə Nazirliyi arasında bağlanmış “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li, xx xxxxxx 2016-cı il tarixli müqavilənin 3.1.2-ci bəndinin tələblərini icra etmək vəzifəsini, yəni Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin birində iddiaçını həkim-stomotoloq kimi işlə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və ərizəçiyə dəymiş 2800+210=3010 (üç min on) manat maddi ziyan və 5000 (beş min) manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçı onunla cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli Rezidenturada həkimmütəxəssis hazırlığı haqqında 760 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsini tələb edir. Məhz müqavilənin 3.1.2-ci bəndində rezidenti hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək Nazirliyin vəzifəsi kimi müəyyən edilmişdir. Müqavilə tərəflər arasında qarşılıqlı razılaşma əsasında imzalanmışdır, tərəflər bərabər mövqedə olmuşlar, onlar öz iradələrini ifadə etməkdə sərbəst olmuşlar. Cavabdeh inzibati orqan olsa da, müqavilə imzalanarkən bərabər hüquqlu subyekti kimi çıxış etmişdir. Bundan başqa, qeyd olunan müqaviləni cavabdeh inzibati funksiyasından irəli gələrək imzalamamışdır, burada cavabdeh tərəfindən iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətləri tətbiq edilmir. Qeyd olunan müqavilədən görünür ki, həm iddiaçının, həm də cavabdehin hüquq və vəzifələri bərabər şəkildə müəyyən edilmiş, müqavilə üzrə hər bir tərəfin yerinə yetirməli olduğu öhdəliklər bərabər şəkildə müəyyən edilmişdir. Müqavilənin qüvvədə olması və ləğv edilməsi şərtləri tərəflər arasında bərabər şəkildə müəyyən edilmişdir, hər bir tərəf müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququna da malikdir (Müqavilənin 5.1-ci və 5.2-ci bəndləri). Qeyd olunan müqavilə üzrə tərəflər bərabər hüquqlu subyekti kimi çıxış etdiyindən həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddia tələbinin «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə həkim-stomotoloqlara azad təyinat verilməsi qərarının iddiaçıya aid hissədə ləğv edilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin qərarın xx.xx.2019-cu il tarixli məktubla ona bildirdildiyini qeyd etmişdir. İddiaçı həmin tələblə isə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı qərarın ona elan olunduğu vaxtdan 7 ay keçdikdən sonra iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da həmin tələblə bağlı iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və müqavilənin tələblərinin icra edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3173/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3173/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver