Məhkəmə qərarları › İş №2-1(112)-3173/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3173/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3173/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 11 noyabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 11 noyabr 2018-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. 20 dekabr 1979-cu il tarixdən 31 mart 1980-ci il tarixədək Zod qızıl mədənində yer altı işlərdə işləmiş, 09 may 1980-ci ildən 03 may 1982-ci il tarixdə hərbi xidmət keçdikdən sonra 08 iyun 1982-ci il tarixdən yenidən Zod qızıl mədənində yer altı işlərdə işləmiş və məlum Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan Respublikasından qaçqın düşərək 05 dekabr 1988-ci il tarixədə məcbur olub işdən çıxmışdır. 17 iyun 1985-ci il tarixdən 18 iyul 1986-cı il tarixədək 65 saylı Vardenis Peşə Məktəbində oxumuşdur. 11 may 1990-cı il tarixdən 24 iyul 1990-cı il tarixədək şirniyyat sexində fəhlə, 20 sentyabr 1990-cı ildən 21 aprel 1992-ci il tarixədək 12 saylı mağazində satıcı, 24 iyun 1992-ci il tarixdən 01 sentyabr 2016-cı il tarixədək Bakı Metropolitenində müxtəlif peşələrdə (iş yalnız gecə tuneldə xüsusi ağır şəraitdə) işləmişdir. İddiaçı məlum məsələlərlə əlaqədar olaraq 1980-ci ildə işlədiyi Zod qızıl mədənindən məcburiyyət nəticəsində işdən çıxıb Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycan Respublikasına gəlmişdir. Buna görə də onun iş stajı 05 dekabr 1988-ci ildən 11 may 1990-cı ilədək nəzərə alınaraq hesablanmalıdır. İddiaçı 11 noyabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 11 noyabr 2018-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh müraciətinə 14 sentyabr 2021-ci il tarixli məktubu ilə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Cavabdehin ona pensiyanı təyin etməməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) motovozların və avtomotoristlərin maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 25 dekabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun 24.06.1992-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də motovoz maşinistinin köməkçisi və motovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Bundan başqa İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 23 gün (20.12.1979- 31.03.1980-ci il, 09.05.1980-03.05.1982-ci il, 08.06.1982-05.12.1988-ci il, 11.05.1990- 24.07.1990-cı il, 20.09.1990-21.04.1992-ci il, 24.06.1992-01.10.1998-ci il və 01.10.1998- 01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 28.07.1986-cı il tarixli, A 781730 nömrəli diplomun surətinə əsasən İddiaçı 17.06.1985-18.07.1986-cı illərdə santexnik çilingər peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 09.05.1980-ci il tarixdə hərbi xidmətə çağırılmış, 03.05.1982-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25.12.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.12.1979-cu ildə Zod mədəni 3 nömrəli sahəyə yeraltı işləri üzrə 2-ci dərəcəli mədən fəhləsi qəbul edilmiş, 31.03.1980-ci ildə işdən azad edilmişdir. 08.06.1982-ci ildə Zod mədəni yeraltı iş şəraiti ilə 3-cü dərəcəli yol fəhləsi işinə qəbul edilmiş, 27.08.1982-ci ildə 3-cü dərəcəli elektrovoz maşinisti dərəcəsi verilmiş, 05.12.1988-ci ildə işdən azad edilmişdir. 11.05.1990-cı ildə Bakı Ticarət Birliyi “Azərittifaq” Tədris-İstehlak Cəmiyyəti kondissioner sexinə fəhlə qəbul edilmiş, 24.07.1990-cı ildə işdən azad edilmişdir. 20.09.1990-cı ildə 12 nömrəli mağazaya satıcı qəbul edilmiş, 21.04.1992-ci ildə işdən azad edilmişdir. 24.06.1992-ci ildə Bakı Metropoliteni Tunel qurğuları Xidmətinə 4-cü dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci ildə 4-cü dərəcəli maşinist ixtisaslaşması verilmiş, 01.10.1998-ci ildə işdən azad edilmişdir. 01.10.1998-ci ildə Tunel qurğuları Xidmətindən köçürmə ilə Motorels nəqliyyatı distansiyasına 5-ci dərəcəli maşinist qəbul edilmiş, 18.07.2014-cü ildə Avtomotonəqliyyat xidmətinin Motorels distansiyasına 5-ci dərəcə ilə motovoz maşinisti peşəsinə qəbul edilmiş, 01.09.2016-cı ildə Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomotonəqliyyat kolonunun (Avtonəqliyyat) motorels distansiyasının 5-ci dərəcəli motovoz maşinisti peşəsinə keçirilmiş, hal-hazırda həmin vəzifədə işləyir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin 04.11.2021-ci il tarixli, 40N- 10/3-1392 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 24.06.1992-ci il tarixindən 01.04.1997-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində maşinist köməkçisi (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində), 01.04.1997-ci il tarixindən 01.10.1998-ci il tarixinədək maşinist (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində) peşələrində, 01.10.1998-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Avtomotonəqliyyat xidmətinin Motorels nəqliyyatı distansiyasında motovoz maşinisti (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində) işləmişdir. 18.07.2014cü il tarixindən "xxxx" QSC-nin Avtomotonəqliyyat xidmətinin Motorels distansiyasında motovoz maşinisti (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində), 01.09.2016-cı il tarixindən "xxxx" QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomotonəqliyyat kolonunun Motorels distansiyasında motovoz maşinisti (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində) peşəsində işləyir. Gecə saatlarına görə İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanmış, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilmişdir. İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 29 il 04 ay 10 gün (iyirmi doqquz il dörd ay on gün) təşkil edir (03.11.2021-ci il tarixinə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Motovoz maşinisti peşəsinin əsas vəzifə və funksiyası metropolitendə texniki-istismar qaydaları, işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə və digər təlimatların tələb və göstərişini yerinə yetirməklə, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməklə gecə saatlarında gərginlik çıxarıldıqdan sonra təsərrüfat qatarında (motovoz) insan və yük daşınmasından ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin 04.02.2022-ci il tarixli, 40N- 10/3-133 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “Bakı Metropoliteni" QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomotonəqliyyat kolonunun Motorels distansiyasında 24% xüsusi zərərli iş şəraitində motovoz maşinisti peşəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 29 il 07 ay 12 gün (iyirmi doqquz il yeddi ay on iki gün) təşkil edir (04.02.2022-ci il tarixinə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Motovoz maşinisti peşəsinin əsas vəzifə və funksiyası metropolitendə texniki-istismar qaydaları, işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə və digər təlimatların tələb və göstərişini yerinə yetirməklə, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməklə gecə saatlarında gərginlik çıxarıldıqdan sonra təsərrüfat qatarında (motovoz) insan və yük daşınmasından ibarətdir. Xüsusi olaraq nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Odur ki, güzəştli şərtlərə görə əmək pensiyası hüququ qazanan, lakin sözügedən siyahıda peşə və ya vəzifələrinin adı qeyd olunmayan metropoliten əməkdaşları öz hüquqlarını sübut və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Bu səbəbdən "xxxx" QSC-nin 16.07.2020-ci il tarixli 40N-10/2-153 saylı məktubu ilə Cəmiyyət üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əks olunması zəruri olan bütün peşə və vəzifələrin adları cədvəl formasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil edilməsi üçün peşə və vəzifələrin siyahısı, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəlləri də təqdim olunmuşdur. Lakin bü günədək heç bir nəticə əldə edilməmişdir. “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) altında mütəxəssis adları da yer almışdır ki, bu da uyğunsuzluq təşkil edir (təklif etdiyimiz cədvəldə fəhlə və mütəxəssis kateqoriyalara aid olan peşə və vəzifələr müvafiq olaraq a və b yarımbənd altında göstərilmişdir). O da qeyd edilir ki, İddiaçı çalışdığı peşələrin iş şəraiti, xüsusiyyəti və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olunan drezinaların sürücüləri, zumpf aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələrin iş şəraiti, xüsusiyyəti və funksiyaları ilə eynilik təşkil etdiyindən onlara bərabər tutula bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 14.09.2021-ci il tarixli, **********6 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) motovozların və avtomotoristlərin maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 25 dekabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda sizin 24.06.1992-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də motovoz maşinistinin köməkçisi və motovoz maşinisti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız yoxdur. Bundan başqa sizin 1 yanar 2006cı il tarixinədək ümumi iş stajınız da 25 ildən az (24 il 23 gün (20.12.1979-31.03.1980-ci il, 09.05.1980-03.05.1982-ci il, 08.06.1982-05.12.1988-ci il, 11.05.1990-24.07.1990-cı il, 20.09.1990-21.04.1992-ci il, 24.06.1992-01.10.1998-ci il və 01.10.1998-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının tələb olunan ümumi iş stajı və güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını 11.11.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçıya aid yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən 17.06.1985-18.07.1986-cı il təhsil dövrü 01 il 01 ay 02 gün, 09.05.1980-03.05.1982-ci ilədək olan hərbi xidmət dövrü 01 il 11 ay 25 gün, 20.12.1979- 31.03.1980-cı ilədək Zod mədənində işlədiyi dövr 03 ay 12 gün, 08.06.1982-05.12.1988-ci ilədək Zod mədənində işlədiyi dövr 06 il 05 ay 28 gün, 11.05.1990-24.07.1990-cı ilədək 02 ay 14 gün, 20.09.1990-21.04.1992-ci ilədək 01 il 07 ay 02 gün, 24.06.1992-01.10.1998-ci ilədək 06 il 03 ay 08 gün, 01.10.1998-01.01.2006-cı ilədək 07 il 03 ay 01 gün topladığı müəyyən olunur. İş materiallarından görünür ki, iddiaçının 17.06.1985-18.07.1986-cı il təhsil dövrü onun 08.06.1982-05.12.1988-ci ilədək olan iş dövrü ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır Yuxarıda qeyd edilən iddiaçının ümumi iş stajına aid olan təhsil dövrü əmək fəaliyyəti dövrü ilə bütövlükdə əhatə olunduğundan həmin dövrü ümumi iş stajına hesablamır. Belə olduqda yuxarıda qeyd edilən iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 24 il 01 ay olmaqla tələb olunan 25 il ümumi iş stajından azdır. İddiaçı iddia ərizəsində Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan Respublikasından qaçqın düşərək 05 dekabr 1988-ci il tarixədə məcbur olub işdən çıxdığı, buna görə də onun iş stajının 05 dekabr 1988-ci ildən 11 may 1990-cı ilədək olan dövrün fasiləsiz iş stajı kimi hesablanmasını iddia etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR-nin DQMV-də baş vermiş hadisələrlə əlaqədar olaraq daimi yaşayış və iş yerlərini tərk etməyə məcbur olmuş və Azərbaycan SSR-də məskunlaşıb işləyən fəhlə və qulluqçuların, kolxozçuların fasiləsiz əmək stajının fasilə yarandığı gündən bərpa edilməsi məsələsi iddiaçının yeni işə qəbul edildiyi 11.05.1990-cı il tarixədək olan əmək kitabçası qeydlərində bilavasitə göstərilməmişdir. Eyni zamanda iddiaçının hətta fasilə müddətinin qeyd edilən səbəbdən bərpa edilərək ümumi iş stajının 01.01.2006-cı il tarixədək 25 il topladığı qəbul edilsə belə iddiaçı tələb olunan güzəştli iş stajına malik olmadığından ona güzəştli şərtlərlə pensiya təyinatının aparılması mümkün deyildir. Belə ki, iddiaçı 24.06.1992-ci il tarixindən 01.04.1997-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları Xidmətində maşinist köməkçisi, 01.04.1997-ci il tarixdən 01.10.1998-ci il tarixədək maşinist, 01.10.1998-ci il tarixindən 01.01.2006-cı il tarixinədək Avtomotonəqliyyat xidmətinin Motorels nəqliyyatı distansiyasında motovoz maşinisti vəzifəsində işləmişdir. İşəgötürən "xxxx" QSC iddiaçının işlədiyi vəzifə ilə bağlı güzəştli arayışda iddiaçının Avtomotonəqliyyat xidmətinin Motorels nəqliyyatı distansiyasında motovoz maşinisti NKnin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr bəndinə aid etmiş, iddiaçının işlədiyi peşə funksiyasının həmin bənddə əks olunan drezinaların sürücüləri, zumpf aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələrinin iş şəraiti, xüsusiyyəti və funksiyaları ilə eynilik təşkil etdiyindən onlara bərabər hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq laızmdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. Məhkəmə qeyd edir ki, motovoz maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”larında iki yerdə göstərilmişdir. İ 10100000 İ. Dağ-mədən işləri bölməsində, 10103000 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər yarımbölməsində 1010300a a)fəhlələr 1010300a—13895 motovoz maşinistləri; İİ 23000000 XXVİİİ. Nəqliyyat 23001000 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—13529 motovozların və avtomotoristlərin maşinistləri. Göründüyü kimi 1010300a—13895 kodu altında göstərilən motovoz maşinisti vəzifəsi dağ-mədən işləri bölməsinin tərkibində bilavasitə “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsinə aid 1010300a kodu altında sadalanan fəhlə peşələrinin sırasında göstərilmişdir. Qeyd edilən siyahının 1010300a kodlu a)fəhlələr hissəsində fəhlə peşələrinin adlarına, məsələn armaturçular, betonçular, şpur qazmaçıları, partladıcılar, buldozer maşinistləri, qazma qurğularının maşinistləri və s. nəzər saldıqda müəyyən olunur ki, bu bölmədə göstərilən fəhlə peşələri daha çox metropoliten stansiyalarının və xüsusi təyinatlı yeraltı tikililərin inşa olunması üçün süxurların parçalanması, partladılma, mürəkkəb qazma işləri, dağılma səbəbindən əsaslı təmir işlərinin və yaxud yenidənquraşdırma işlərinin yerinə yetirilməsi və s. ilə bağlı fəhlə peşələridir. Həmin siyahıda göstərilən motovoz maşinisti vəzifəsi də bilavasitə metropolitenlərdə tunellərin qazılması, əsaslı təmir işlərinin və yaxud yenidənquraşdırma işlərinin yerinə yetirilməsi və s. ilə bağlı vəzifədir. Hazırkı iş üzrə iddiaçı 01.10.1998-ci il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi motovoz maşinisti vəzifəsini Metropolietinin tikinti, rekonstruksiya, yenidən texniki təchizat və ya əsaslı təmir xidməti bölməsində deyil, Avtomotonəqliyyat xidmətinin Motorels nəqliyyatı distansiyasında icra etmişdir. İşəgötürənin təqdim etdiyi güzəştli arayışda motovoz maşinisti peşəsinin əsas vəzifə və funksiyaları sadalanmış və həmin funksiyalara maşinistin metropolitendə texnikiistismar qaydaları, işarəvermə, qatarların hərəkəti və manevretmə işi üzrə və digər təlimatların tələb və göstərişini yerinə yetirməklə, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməklə gecə saatlarında gərginlik çıxarıldıqdan sonra təsərrüfat qatarında (motovoz) insan və yük daşınması qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi motovoz maşinisti vəzifəsi bialvasitə 1010300a—13895 motovoz maşinistləri peşəsinə uyğun deyildir. İddiaçının işlədiyi motovoz maşinisti vəzifəsinin adı Dəmiryol nəqliyyatı bölməsində Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər sırasında 23001000—13529 kodu altında göstərilsə də qeyd edilən kod Nəqliyyat bölməsinin Metropoliten yarımbölməsində deyil, digər yarımbölmə olan dəmiryolnəqliyyatı yarımbölməsində göstərilmişdir. Başqa sözlə, motovoz maşinisti vəzifəsinin aid olduğu sahə iddiaçının işlədiyi sahə ilə eyni deyildir. İddiaçının işlədiyi sahəni tənzimləyən Nəqliyyat bölməsində Metropoliten yarımbölməsində motovoz maşinisti vəzifəsi göstərilməmişdir. Beləliklə, iddiaçının işlədiyi sahə ilə siyahıda göstərilən motovoz maşinisti vəzifəsinin aid olduğu sahələr eyni deyildir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə sahəsi fərqli olub, lakin vəzifə adı eyni olan işlər üzrə çalışmış şəxslərin pensiya təyinatı ilə bağlı məhkəmə təcrübəsində də iddia edilən zərərli peşələrin Siyahıda “sahə” uyğunluğu məsələsinin bilavasitə zəruriliyi qeyd edilmişdir. Bundan əlavə, işəgötürən iddiaçının işlədiyi motovoz maşinisti vəzifəsini 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aid etmişdir. 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər adlanan yarımbölməsində 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr siyahısında metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumpf aqreqatlarının maşinistləri, daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziyamarkşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət ilə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarittədqiqat stansiyalarında məşğul olan texniklər, elektrik mexanikləri kimi vəzifələr sadalanmışdır. Eyni zamanda Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçasında elektrik qatarının maşinisti, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, eskalator maşinisti, metropoliten avadanlığına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, metropolitenin avtomatik buraxılış məntəqələrinin nəzarətçisi, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, metropolitenin stansiya və tunel avadanlığına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, süni qurğuların təmirçisi, tunel fəhləsi, hərəkət qatarlarının təmiri üzrə çilingər peşələri sadalanmışdır. Göründüyü kimi nə güzəştli siyahıda, nə də vahid tarif sorğu kitabçasında motovoz maşinisti vəzifəsi metropoliten sahəsində fəhlə peşəsi kimi nəzərdə tutulmamışdır. İşəgötürən iddiaçının işlədiyi peşənin gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr sırasında nəzərdə tutulan drezinaların sürücüləri, zumpf aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələri ilə eyniləşdirsə də məhkəmə qeyd edilən eyniləşdirməni uyğun hesab etmir. Əvvəla, ona görə ki motovoz maşinisti peşəsi ilə drezinaların sürücüləri, zumpf aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələrinin adları belə fərqlidir. Nəzərə alınsa ki, motovoz maşinisti vəzifəsi dəmiryolnəqliyyatında nəzərdə tutulduğu halda metropolitenə aid hissədə motovoz maşinisti nəzərdə tutulmamışdır və yaxud əksinə dəmiryolnəqliyyatı bölməsində drezinaların sürücüləri, zumpf aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələri nəzərdə tutulmamış, həmin vəzifələr siyahıda metropolitenə aid yarımbölmədə nəzərdə tutulmuşdur, belə olan halda hesab edilir ki, motovoz maşinisti peşəsi ilə adıçəkilən drezinaların sürücüləri, zumpf aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələrindən fərqlidir və eyniləşdirilə bilməz. Beləliklə, iddiaçının işlədiyi motovoz maşinisti peşəsi işlədiyi sahəyə - metropoliten sahəsinə aid güzəştli peşələr siyahısında nəzərdə tutulmadığından bununla da onun 01.01.2006-cı il tarixinə azı 12 il 6 ay xüsusi stajı mövcud olmadığı müəyyən olunduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da yaranmır. Beləliklə, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar