Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3175/2021 01.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq məsləhətçisi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “daşınmaz əmlak barədə mülkiyyət hüququnun qeydiyyatının aparılması və bu barədə daşınmaz əmlaka dair çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən ümumi sahəsi 381,0 kv.m olan «D» tipli 6 saylı iki mərtəbəli kotec tipli fərdi yaşayış evi üzərində üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli №331 saylı sərəncamına əsasən, "xxxx" MMC-yə istehsalat sahəsinin təşkili üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində kotec tipli 52 ədəd, 1 ədəd 3 bloklu 6 mərtəbəli və 1 ədəd 4 bloklu 6 mərtəbəli binaların tikintisinə dair torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında tərtib olunmuş 10871 nömrəli inşaat pasportu ilə, “Memarlıq və Şəhərsalma Baş İdarəsi” tərəfindən 18/038/5345 saylı, xx.xx.2006-cı il tarixli məktubu ilə eskiz layihəsi və 18/03-8/5796 nömrəli xx.xx.2006-cı il tarixli məktubu ilə işçi layihəsi razılaşdırılmışdır. Layihə əsasında 2007-ci ildə tikintisi başa çatdırılmış tikililər "xxxx" MMC tərəfindən satılmağa başlanmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli № 36 saylı podrat müqaviləsinə əsasən, “Sifarişçi”nin sifarişinə əsasən “Podratçı” özünə məxsus ərazidə, yəni Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən yaşayış kompleksinin satışı çıxış edir. Bu Müqaviləyə əsasən “1-ci Tərəf’ D-6 yaşayış kompleksini tikməyi və “2-ci Tərəfin istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, ümumi sahə 381 kv.m təşkil edir. “2-ci Tərəf’in istifadəsinə verilmək üçün 1.2-ci bənddə nəzərdə tutulmuş evin bir kvadrat metrinin dəyəri 94,36 manat təşkil edir. Evin ümumi sahəsi 381 kv.m təşkil edir. Müqavilənin ümumi dəyəri 35 951,16 manat təşkil edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə hər iki tərəfin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilə əsasında, “2-ci Tərəf’ öz öhdəliklərini tam şəkildə icra etmiş, razılaşdırılmış pul məbləğini tam şəkildə ödəmişdir. Belə ki, 25 dekabr 2007-ci il tarixli №20 saylı Maliyyə arayışına əsasən, İddiaçı Salyan şossesi 12 ünvanında yerləşən “D” tipli 6 saylı kotecin alınmasına görə bütün vəsait tam ödənilib və heç bir borcu yoxdur. "‘Production Line” MMC tərəfindən isə öhdəlik qismən icra edilmiş, yaşayış kopleksi təhvil verilmişdir. Lakin uzun müddətdir ki, iddiaçı tərəfindən əmlaka dair çıxarışın alınması mümkün olmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən 1918 nömrəli 12 noyabr 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki Xidmətin) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində kotec tipli tikililərə çıxarışların verilməsi üçün müvafiq göstərişlərin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********69 nömrəli cavab məktubunda göstərilmişdir ki, araşdırma aparılan zaman əraziyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmiş, odur ki, çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı Xaliq qızı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən ümumi sahəsi 381 kv.m olan "D” tipli 6 saylı 2 mərtəbəli kotec tipli fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair qeydiyyat aparmasını və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş etmişdir. Lakin bugünədək cavabdeh tərəfindən iddiaçının ərizəsinə heç bir cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası tamamilə əsassızdır. Belə ki, "xxxx" MMC tərəfindən mövcud tikililərə dair bütün hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilmiş və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Belə olan halda, imtinanın verilməsi həm “Production Line" MMC-nin, həm də kotec alan ayrı-ayrı vətəndaşların, o cümlədən, iddiaçı X1 hüquqlarını kobud şəkildə pozur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda bildirilir ki, sözügedən məsələ ilə bağlı iddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş, lakin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşn ümumi sahəsi 381 kv.m olan “D” tipli 6 saylı kotec tipli fərdi yaşayış evinin "xxxx" MMC-yə məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş tikililərin bir hissəsinə aid olduğu aşkar edilmişdir. Bu səbəbdən də, qeyd olunan əmlak üzərində yalnız "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra, iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında onun adına mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. İddiaçınun nümayəndəsi və vəkili X6 oğlu məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 331 nömrəli “Torpaq sahəsinin təhkim edilməsi haqqında” sərəncamdan görünür ki, "xxxx" şirkətinin xx.xx.2000-ci il tarixli, 501 nömrəli məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 820 nömrəli sərəncamı ilə “Orxan- İnşaat” firmasına Səbail rayonu, Salyan şossesində yük maşınlarının dayanacağı üçün ayrılmış torpaq sahəsi istehsalat sahəsinin təşkili üçün "xxxx" şirkətinə təhkim edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış 12 sentyabr 2006-cı il tarixli 18/03-8/5345 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin 09.08.06-cı il tarixli, 07/06 saylı müraciətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli, 331 saylı sərəncamı əsasında tərtib edilmiş 10871 saylı inşaat pasportu və Torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnaməsi nəzərə alınaraq, Memarlıq və Şəhərsalma baş idarəsi, Səbail rayonu, Salyan şosesində kotec tipli evlərin layihələndirilməsinə dair tərtib olunmuş 10871 saylı inşaat pasportunun memarlıqplanlaşdırma göstərişlərinin təsir müddətini 2007-ci ilin 4-cü rübünə qədər uzadır və təqdim edilmiş eskiz layihəsini razılaşdırır. İşçi layihəsi tam həcmdə razılaşdırılmaq üçün Memarlıq və şəhərsalma baş idarəsinə təqdim olunmalıdır. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 09 oktyabr 2006-cı il tarixli 18/03-8/5796 nömrəli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 331 saylı sərəncamı ilə hazırlanmış 10871 saylı inşaat pasportuna əsasən Səbail rayonu, Salyan şossesində kotec tipli evlərin layihələndirilməsinə dair təqdim olunmuş işçi layihəsini Memarlıq və Şəhərsalma baş idarəsi razılaşdırmışdır. -25 dekabr 2007-ci il tarixli 25 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC (“Podratçı”) ilə İddiaçı (“Şifarişçi”) arasında Podrat müqaviləsi bağlanılmışdır. -Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Salyan şossesi, 12 ünvanda yerləşən yaşayış kompleksinin satışı müqavilənin predmetini təşkil edir. sifarişçinin sifarişinə əsasən “Podratçı” özünə məxsus ərazidə 1.2 yarımbəndi ilə müəyyən olunan D-6 yaşayış kompleksini inşa etməyi və sifarişçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 1-ci tərəf D-6 yaşayış kompleksini tikməyi və 2-ci tərəfin istifadəsinə verməyi öhdəsinə götürür. -Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ümumi sahəsi 381 kv.metr təşkil edir, müqavilənin 1.2 yarımbəndi ilə müəyyən olunan əmlakın qiyməti 35.951,16 manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 25 dekabr 2007-ci il tarixli 20 nömrəli maliyyə arayışına əsasən İddiaçı 25 dekabr 2007-ci il tarixli 36 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə «D» tipli 6 saylı kotecin alınmasına görə bütün vəsaiti ödəmişdir və heç bir borcu yoxdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 08 fevral 2021-ci il tarixli **********23 nömrəli imtina məktubunda qeyd edilmişdir ki,sözügedən fərdi yaşayış evi "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinin mülkiyyət hüquqları qeydiyyatı aparıla bilər. Həmçinin, fərdi yaşayış evinin və torpaq sahəsinin MMC-nın adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir Bundan əlavə qeyd olunan fərdi yaşayış evinə dair texniki inventarlaşdırrna işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 04 aprel 2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yük maşınlarının dayanacağı üçün ayrılmış torpaq sahəsi istehsalat sahəsinin təşkili üçün "xxxx" şirkətinə təhkim edilmiş, həmin sərəncam əsasında tərtib edilmiş 10871 nömrəli inşaat pasportu ilə, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18-038/5345 saylı xx.xx.2006-cı il tarixli məktubla eskiz layihəsi və 18/03- 8/5796 nömrəli xx.xx.2006-cı il tarixli məktubla işçi layihəsi razılaşdırılmışdır. Layihəyə uyğun olaraq podrat müqaviləsi əsasında 2007-ci ildə tikililər inşa edilmiş və həmin tikililərdən biri Bakı şəhəri, Səbail rayonu, Salyan şosse, 12 ünvanında yerləşən ümumi sahəsi 381,0 kv.m olan «D» tipli 6 saylı iki mərtəbli koteci dəyəri tam ödənildikdən sonra sifarişçiyə-hazırki iddiaçıya təhvil verilmiş və bu barədə ona maliyyə arayışı təqdim edilmişdir. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən ümumi sahəsi 381,0 kv.m olan «D» tipli 6 saylı kotec üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlaka dair çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə razılaşmır. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Hazırki iş üzrə də göründüyü kimi, iddiaçı bir sifarişçi kimi podratçı ilə müqavilə bağlamış, daşınmaz əmlakın tikilisini sifariş vermiş, podratçı qanunamüvafiq qaydada ona ayrılmış torpaq sahəsində sifarişçinin sifarişi ilə daşınmaz əmlakın tikintisini başa vurmuş və həmin tikilini sifarişçinin sahiblik və istifadəsinə vermiş, sifarişçi də əmlakı tam təhvil aldıqdan sonra üzərinə düşən vəzifəni icra edərək daşınmaz əmlakın dəyərini tam şəkildə ödəmişdir. Məhkəmə cavabdeh İdarənin istinad etdiyi sözügedən ikimərtəbəli yaşayış kotecinəyaşayış evinə "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilə ilə "xxxx" MMC inşa etdiyi daşınmaz əmlakın dəyərini almaqla həmin əmlakı təhvil vermişdir. Ona görə də, həmin sahəyə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün sözügedən daşınmaz əmlaka dair bütün hüquqlar xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin faktiki hallarına əsasən iddiaçıda ona məxsus olan iki mərtəbəli yaşayış kotecinin (daşınmaz əmlakın) üzərində mülkiyyət hüququnun qeydə alınması üçün bütün sənədləri mövcuddur, podratçı şirkət qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun istifadəsinə ayrılmış torpaq sahəsində tikilini icra etmiş, tikilinin eskiz layihəsi və işçi planı səlahiyyətli orqan tərəfindən razılaşdırılmış, iddiaçı ilə podratçı şirkət arasında podrat müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən daşınmaz əmlakın dəyəri tam ödənilmişdir. Cavabdeh orqanın digər bir etirazı daşınmaz əmlakın kotec olması, qanunvericilik aktlarında da kotecin daşınmaz əmlakın növü kimi göstərilməməsi ilə bağlıdır. Məhkəmə cavabdehin bu imtinası ilə də razılaşmır. İşin ətraflı araşdırılmış hallarından da görünür ki, podrat müqaviləsi ilə yaşayış sahəsi kotec adlandırılsa da, lakin qanunvericiliklə müəyyən olunmuş qaydada daşınmaz əmlak kimi inşa edilmiş və iddiaçıya təhvil verilmişdir. Cavabdeh inzibati orqanın etirazının bu dəlili də formal xarakter daşıyır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus iki mərtəbəli kotec tipli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən ümumi sahəsi 381,0 kv.m olan «D» tipli 6 saylı iki mərtəbəli kotec tipli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən ümumi sahəsi 381,0 kv.metr olan «D» tipli 6 saylı iki mərtəbəli kotec tipli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3175/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3175/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver