Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3176/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X11 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X12 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0.12 ha olan 1085 d nömrəli bağ sahəsinin anası mərhum X3 adına olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində verilən 0.12 ha olan 1085 d nömrəli bağ sahəsinin mərhum anası X4 adına olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1085 d nömrəli bağ sahəsi 05 may 2005-ci il tarixdə 34960 saylı müqaviləyə əsasən X3 istifadəsinə verilmişdir. X4 03.03.2006-cı il tarixdə vəfatından sonra ərizəsi əsasında onun adına notariusda vərəsəlik işi açılmışdır. Qeyd olunan bağ sahəsinə dair çıxarış və texnİki pasport alınması üçün dəfələrlə cavabdehə müraciət olunmuşdur. Cavabdeh bağ sahəsinə dair çıxarış və texniki pasport verilməsindən imtina etmişdir. Cavabdeh bağ sahəsinə çıxarış və texniki pasportun verilməsindən imtinanı əvvəlcə onunla əsaslandırılmışdır ki, iki bağ sahəsi bir hasar daxilindədir. Bundan əlavə, sözü gedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh 05.11.2020-ci il tarixli imtinasını onunla əsaslandırmışdır ki, 1085d saylı bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin, göstərilən əraziyə digər şəxsin müraciət olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2354/İ9 saylı qərarı daxil olmuş, lakin yekun məhkəmə qərarı daxil olmamışdır. Göründüyü kimi cavabdeh təşkilat bu imtinasını yazarkən məsuliyyət hiss etmədən bu cavabı yazmışdır. İddiaçı adı çəkilən bağ sahəsinə dair anasının adına texniki pasport və çıxarış verilməsi barədə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində iddia tələbində dəqiqləşdirmə etdiyinə görə (çıxarışın verilməsi) Ali Məhkəmənin adı çəkilən qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Aİİ Məhkəmənin məcburi göstərişi ondan ibarət otmuşdur ki, mübahİsələnirilən bağ sahəsinin mərhum anasının adına olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmalıdır. Bu səbəbdən iddiaçı yenidən cavabdehə müraciət etmiş, cavabdeh uzun müdətdən sonra birincidən fərqli imtina cavabı göndərmişdir. Ali Məhkəmənin adı çəkilən qərarında mübahisələndirilən bağ sahəsinin anasının adına olması barədə cavabdeh təşkilatın rəsmi sənədləri olmasına baxmayaraq, hazırki cavab cavabdehin hazırkı işə məsuliyyətsiz yanaşmasından xəbər verir. Cavabdehin imtinasını aldıqdan sonra iddiaçı məhkəməyə müraciət edir. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 ha olan 1085d saylı bağ sahəsinin mərhum anası X5 məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdehə vətəndaşın müraciəti daxil olmuş, araşdırma zamanı məlum olmuşdur ki, “1085d” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin, göstərilən əraziyə digər şəxsin, X7 müraciəti olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2354/19 saylı qərarı məlumat üçün İdarəyə daxil olmuşdur. Həmin qərar ilə İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 ha olan 1085d saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq çıxarış verilməsi barədə iddiası mümkün sayılmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 05 may 2005-ci il tarixli 34960 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1085 d nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir. Vİ-ЖГ seriyalı 309334 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Mirvari Bayram qızı ilə 11.11.1992-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra Mirvari “Abbasova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ seriyalı 382375 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 İddiaçı anasıdır. İşdə olan AZ-İ seriyalı 178582 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 03.03.2006-cı il tarixdə ölmüşdür. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0827 ha torpaq sahəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05.11.2020-ci il tarixli **********76 nömrəli imtina məktubundan görünür ki, iddiaçının arayışın verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, “1085d” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin, göstərilən əraziyə digər şəxsin, X7 müraciəti olunmuşdur və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dörduncü hissə əlavə edilmişdir; «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, 05 may 2005-ci il tarixli 34960 saylı müqavilə ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1085 d nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir. X1 Hidayət İsa oğlu ilə 11.11.1992-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra Mirvari “Abbasova” soyadını qəbul etmişdir. X9 İddiaçı anasıdır və 03.03.2006-cı il tarixdə ölmüşdür. İddiaçı bağ sahəsinin mərhum anası X5 məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, “1085d” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması və göstərilən əraziyə digər şəxsin, X7 müraciəti olunması əsası ilə imtina edilmişdir. Məhkəmə qanunvericilik normalarına və iş materiallarına əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qeyd olunan torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayış verilməsi barədə müraciətinin təmin edilməsindən imtinası qanunsuzdur. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,12 ha olan 1085 d nömrəli bağ sahəsi üzərində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin tələblərinə əsasən, gözlənilən mülkiyyət hüququna malik olan iddiaçının anası X9 həmin hüququ təsdiq edən çıxarış almadan, 03.03.2006-cı il tarixdə öldüyündən onun qanun üzrə vərəsəsinə, qızı olan iddiaçıya hüququn X6 məxsus olması haqqında arayışın verilməsi qeyd edilən hüquq normasına əsasən cavabdehin vəzifəsidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi əraziyə digər şəxsin, X7 müraciəti olunması bildirsə də, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin bağ nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması barədə dəlilinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən qüsur iddiaçının aradan qaldıra biləcəyi qüsur olmamaqla onun müraciətinin təmin olunmasından imtina üçün əsas ola bilməz. Habelə, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının mənzilin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində verilən 0.12 ha olan 1085 d nömrəli bağ sahəsinin İddiaçı mərhum anası X4 adına olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3176/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3176/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver