Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3178/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, İddiaçı Abdullayeva (Əliyeva) Nübar Məhərrəm qızı, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı – Abdullayeva (Əliyeva) Nübar Məhərrəm qızının cavabdeh – Azərbaycan Respublikası Təhsil Nazirliyinə üçüncü şəxs – Təhsildə Keyfiyyət Təminat Agentliyi qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” iddiasına dair inzibati işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Abdullayeva (Əliyeva) Nübar Məhərrəm qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs: Təhsildə Keyfiyyət Təminat Agentliyi) “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası 24.09.2021-ci il tarixə təyin edilmişdir. 24.09.2021-ci il tarixdə iddiaçı N.Abdullayeva (Əliyeva) dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi S.Əhmədzadənin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etirazı olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində şifahi məhkəmə baxışı iclasından iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia baxılmamış saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmadan saxlanılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsinin baxılmamış saxlanılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İş üzrə iddia baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3178/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3178/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver