Məhkəmə qərarları › İş №2-1(112)-3178/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3178/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3178/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüd ödənişinin dayandırılması qanunsuz hesab edilməklə, ödənişlərin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüd ödənişinin dayandırılması qanunsuz hesab edilməklə, ödənişlərin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1946-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.2001-ci il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür və hazırda 1200 manat məbləğində rütbə maaşı alır. İddiaçıya 1.01.2021-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçıya təyin edilmiş Prezident təqaüdünün ödənişi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Prezident təqaüdünə görə ödənişlərin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublarda bildirilmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən 1.01.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. 1.01.2021-ci il tarixindən sizə elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, xidməti araşdırma zərurəti ilə bağlı ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan əmək müqaviləniz olmadığı halda, MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2015-ci il tarixindən məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar olaraq tərəfimizdən Azərbaycan Milli Elmlər Akademiyasına xx.xx.2024-cü il tarixli 3-17- 1/2-11054/2024 nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olduğunuz və aylıq 1200 manat məbləğində rütbə maaşı aldığınız bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Prezident təqaüdü almaq hüququnuzun olub-olmamasına münasibət bildirilməsi üçün Fondun Sosial ödənişlər departamentinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq Mərkəzi Filiala daxil olmuş müvafiq xidməti məktuba əsasən “ Elm haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1.0.18-ci maddəsinə əsasən elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan tədqiqatçı və ya seçkili vəzifədə çalışan şəxslər elmi işçilər hesab olunurlar. Qeyd olunanlara əsasən bildiririk ki, hazırda məşğul şəxs hesab olunduğunuz üçün sizə təyin edilmiş elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişinin bərpa edilməsi mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən ona təqaüdün ödənilməsinin dayandırılması qanunsuz hesab edilməklə həmin tarixdən ödənişlərin bərpası haqqında qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətini 13 dekabr 1961 ildə başlamış, müxtəlif vəzifələrdə işlədikdən sonra 28 dekabr 2015-ci il tarixində sonuncu iş yerində öz xahişinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bu dövrdə onun elmi fəaliyyəti müvafiq orqanlar tərəfindən yüksək qiymətləndirilmiş və 2001-ci ilə o, artıq “kimya elmlər doktoru” elmi dərəcəni və “professor” elmi adını əldə etmişdir. xx.xx.2001 il tarixindən o, Azərbaycan Milli Elmlər Akademiyasını müxbir üzvüdür. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 №-li Fərmanına əsasən elmi dərəcəsi olan və 25 ildən çox elmi sahəsində çalışan və işləməyən şəxslərin əmək pensiyasına əlavə Prezident təqaüdünün aylıq məbləği 500 manat müəyyən edilmişdir və o, həmin təqaüdü alırdı. xx.xx.2023-cü il tarixindən mənə göstərilən təqaüdün ödənilməsi dayandırılmışdır. O, bir neçə dəfə DSMF-yə məktub göndərərək bildirmişdir ki, hal-hazırda heç bir əmək fəaliyyəti yoxdur və ona ödənilən rütbə maaşı əmək haqqı deyil. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilən 12.02. 2024-cü il tarixli məktubda ona Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olduğuna görə rütbə maaşının ödənilməsi göstərilmişdir. Lakin DSMF əməkdaşları nəzərə almamışlar ki, rütbə maaşı ömürlük təyin olunmuş ödənişdir və bunun işləyib-işləməməsinə heç bir aidiyyəti yoxdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Həmçinin etiraza əlavədə bildirilmişdir ki, iddiaçıya elmi rütbə müəyyən edildiyindən və elmi rütbələr elm işçilərinə verildiyindən eləcə də, elm işçilərinin dairəsi konkret olaraq qanunvericiliklə müəyyən edilmiş tədqiqatçı və ya seçkili vəzifələrə aid olunduğundan, iddiaçı “işləməyən əmək pensiyaçısı” statusundan çıxmış, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısına daxil olaraq məşğul şəxs hesab edilmiş və ona təyin olunmuş Prezident təqaüdün dayandırılmasına səbəb olmuşdur. Təqaüdün bərpa edilməsinin mümkün hesab edilməməsinin digər tərəfi ondan ibarətdir kı. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun işləyən əmək pensiyaçılarına 37.3.1-ci maddəyə əsasən yaşa gorə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. İstinad olunan qanunvericilik normasında “işləyən” əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçıya 1.01.2021-ci il tarixdə təyin olunmuş prezident təqaüdünün əsas dispozitiv göstəricilərindən biri şəxsin "işləməyən şəxs" statusda olmasıdır. Göstərilən hallar ziddiyyət təşkil etdiyindən və şəxsin fərdi sosial sığorta hesabında artıq ödənilmiş olan məcburi dövlət sosial sığorta haqqları mövcud olduğundan iddiaçının təqaüdünün bərpa edilməsi mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı xx.xx.2001-ci il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür və hazırda 1200 manat məbləğində rütbə maaşı alır. İddiaçıya 1.01.2021-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Cavabdeh Prezident təqaüdünün ödənişinin dayandırılmasına əsası kimi iddiaçının Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü kimi 1200 manat məbləğində rütbə maaşı almasına və MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2015ci il tarixindən məcburi dövlət sosial sığorta haqqının ödənildiyinin müəyyən edilməsinə istinad edir. Hazırda iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixindən ona təqaüdün ödənilməsinin dayandırılması qanunsuz hesab edilməklə həmin tarixdən ödənişlərin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassız olmaqla iddia təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçıya elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsi ilə bağlı cavabdehin qərarı qüvvədir. Həmin akt ləğv edilənə, dəyişdirilənə, geri çağırılana kimi qüvvədədir. Cavabdeh həmin qərarı ləğv etmədən, dəyişdirmədən, geri çağırmadan iddiaçıya ödənilməli olan təqaüdü dayandırmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2046/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...“Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-881/2022 nömrəli, 2-1(102)-510/2023 nömrəli, 2-1(102)-1265/2023 nömrəli, 2- 1(102)-470/2024 nömrəli, 2-1(102)-995/2024 nömrəli qərarları) Məhkəmə qeyd edir ki, şəxsə əmək pensiyasının (hazırkı işdə Prezident təqaüdünün) cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsininnin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ( 2- 1(102)-331/2024 saylı, 2-1(102)-2734/2023 saylı, 2-1(102)-885/2023 saylı, 2-1(102)-1507/2022 saylı, 2-1(102)-8/2023 saylı, 2-1(102)- 389/2023 saylı qərarları, eləcə də 2-1(102)-3135/2024 saylı üçulduzlu qərarı) formalaşmış məhkəmə təcrübəsi yuxarıda göstərilən qaydada olmuşdur. Cavabdeh isə, nə inziti icraat apararaq iddiaçını dəvət etməmiş, nədədki inzibati icraat nəticəsində iddiaçıya təqaüdün təyin edilməsinə dair qərarının ləğv edilməsinə dair yeni qərar qəbul etməmişdir. Bundan başqa, cavabdehin mövqeyi əsaslı olsa belə, yəni iddiaçı rütbə maaşı almasına görə işləyən şəs hesab edildiyinə görə ona əsassız olaraq elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilsə də, cavabdeh qanunsuz hesab etdiyi iddiaçıya münasibətdə əlverişli inzibati aktı yalnız həmin aktın qanunsuzluğunu şərtlərindirən halların bildiyi (bilməli olduğu) vaxtdan 1 il ərzində ləğv edə bilərdi. Ali Məhkəmənin yuxarıda istinad olunan üç ulduzlu qərarında qeyd eidlmişdir ki, “...əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir”. Hazırkı işdə iddiaçı xx.xx.2001-ci il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür və hazırda 1200 manat məbləğində rütbə maaşı alır. Cavabdeh o hala istinad edir ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü isə, 1.01.2021-ci il tarixindən təyin edilmiş, xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Məhlkəmə təkrar olaraq qeyd edir ki, cavabehin iddiaçıya təyin edilmiş təqaüdün ləğv edilməsinə dair inzibati aktı olmadığından həmin ödənişlər iddiaçıya ödənilməlidir. Həmçinin Ali Məhkəmənin qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya təqüd təyin edərkən cavabdehin hazırda istinad etdiyi inzibati aktın qanunsluğu kimi istinad etdiyi hallar ona məlum idi. Cavabdeh həmin halların ona dah gec, yəni 1 il müddətində məlum olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ali məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) qeyd edilmişdir ki, “beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixindən İddiaçı Prezident təqaüdünün ödənilməsinin dayandırılması qanunsuz hesab edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən ödənişlərin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar