Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-318/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin aylıq 190 AZN-lik kompensasiyasını ödəməkdən imtina qərarının ləğv edilməsinə, sərəncamın olduğu kimi icra edilməsinə, yəni ona müavinətin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı karantin vaxtı Dövlət tərəfindən təqdim edilən 190 AZN maddi yardımı nazirliyin texniki problemlərinə görə ala bilməmişdir. Nazirliyin elektron sistemində əmək müqaviləsi aktiv görsənir. Halbuki həmin əmək müqaviləsindən sonra çoxlu sayda yeni əmək müqavilələri olub. Qanunvericiliyə əsasən hər bir yeni əmək müqaviləsi avtomatik olaraq köhnəsinin xitam edilməsi sayılır və ümumiyyətlə həmin vaxt dövlət portallarında onun işsiz statusunun olması sübut olaraq bildirir ki o, işsizdir. Bundan əlavə həmin ərəfədə övladım dünyaya gəldi və dövlət tərəfindən verilən birdəfəlik müavinəti ala bilmir. Ümumlikdə karantin müddətində işsiz olduğu üçün 6 ay 190 azn hər aya görə müvinət almalıdır. Cəmi 1140 AZN. O, heç yerdə işləmir. O, hardasa əmək müqaviləsi ilə işləsəydi, həmin iş yerindən DSMF-ə pensiya ödənişləri olardı, pensiya ödənişləri olmasa həmin şirkət cərimələnərdi. Lakin guya ki, işlədiyi şirkətdən heç bir ödəniş edilmir. Ona görə ki, həmin şirkət bağlıdır və fəaliyyət göstərmir. Bununla aydın olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi süni olaraq əsassız səbəblər gətirib, vəzifə borcunu vaxtında yerinə yetirmədiyi üçün, nazirliyin Əmək Müfəttişliyi vəzifə borcunu yerinə yetirmədiyi üçün bu problem yaranıb. Bu problemi həll etməkləri, ən azından nazirlikdə hansısa məmurun məsuliyyətsizliyini üzə çıxardacaq və nazirliyin fəaliyyətinə ləkə gətirəcək. Bu səbəbdən problemi həll etmirlər və gözləyirlər ki, bu çətin vaxtda məhkəməyə müraciət etməsin. Lakin bu çətin vaxtda onun həyat yoldaşım işləmir, özü işləmir, ailəsi gənc ailədir və balaca uşağı olduğundan, məcburiyyətdən və çarəsizlikdən ümüdlə məhkəməyə müraciət edir. Bakı İnzibati Məhkəməsinin 10489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi daha əvvəlki tarixdən qeydiyyata alınma tələbinə dair 2-1(112)-14106/2022 nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. (hakim Ş.Həsənova) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3667/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işsiz kimi daha əvvəlki tarixdən qeydiyyata alınma” tələbinə dair iddiası mümkün sayılmadığından, və qeyd olunan qərardaddan prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verilmədiyindən Bakı İnzibati Məhkəməsinin 1633/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında, iddiaçının “Xüsusi karantin rejiminin Bakı şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X6 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı barəsində yuxarıda qeyd edilən Qaydanın 3.8-ci yarımbəndinə əsasən araşdırma aparılan zaman iddiaçının aktiv əmək müqaviləsinin olması (xxxxxxx000100) müəyyən edilmiş və bu səbəbdən də iddiaçıya birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993cü il tarixdə doğulmuşdur. - cavabdehin imtina məktubunun surətindən görünür ki, İddiaçı aktiv əmək müqaviləsi aşkarlandığı üçün Məşğulluq haqqında Qanununa əsasən onun işsiz kimi qeydiyyata alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı (FİN: xxxxxxx) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində elektron anketi xx.xx.2020-ci il tarixində yaradılmış və müvafiq anket xx.xx.2020-ci il tarixində təsdiqlənərək E. Məlikov MAS-da işaxtaran kimi qeydiyyata alınmışdır. İddiaçı E. Məlikova müvafiq altsistemdə işsiz statusu xx.xx.2022-ci il tarixində verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq İddiaçı adına “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumat məhkəməyə təqdim edilmişdir. - Məhkəməyə təqdim edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, xxxxxxx000100 nömrəli əmək müqaviləsi (əlavə iş yeri) xx.xx.2014-cü il tarixdən X3 ilə bağlanılmışdır. Həmin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən ********** nömrəli VÖEN-nin X2 məxsus olması, xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılması, 18 12.2014-cü il tarixdə vergi uçotunun ləğv olunması, xx.xx.2021-ci il tarixdə “Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin fəaliyyətinin bərpası” barədə ərizəyə əsasən bərpa edilməsi və fəaliyyətinin hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Eyni zamanda bildiririk ki, xx.xx.2023-cü il tarixə olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisi X3 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) təqdim edilmədiyindən, müvafiq dövrlər üzrə məktubunuzda qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla İddiaçı adına “Əmək və Məşğulluq” altsisteminə fiziki şəxs X3 (VÖEN **********) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumat məhkəməyə təqdim edilmişdir. Həmin Məlumata əsasən xxxxxxx000100 nömrəli əmək müqaviləsi (əlavə iş yeri) xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemində 14 iyun 2022-ci il tarixində “işsiz” statusu verilmişdir. İddiaçı 14 iyun 2022-ci il tarixindən hazırkı dövrə qədər Nazirliyin MEİS-nin müvafiq altsistemində “işsiz” olaraq qeydiyyatdadır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (Bakı şəhəri, Suraxanı ray., Əmircan qəs., Zaid Əliyev 4D) nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Hazırkı mübahisə iddiaçıya işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulmuş koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 190 manat məbləğində aylıq birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh aylıq birdəfəlik ödəmə barədə şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olubolmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Nəzərə alınmalıdır ki, birdəfəlik ödəmənin verilməsində dövlətin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin minimal yaşayış ehtiyaclarını və sosial müdafiəsini təmin etməkdən ibarətdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; ... Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı ...
1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı
1. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: “2-1. Birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” üzrə: 2.1. 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “,habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilsin; 2.2. 2.3.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı;”; 2.3. aşağıdakı məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilsin: “2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.”; 2.4. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı ...
2. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci hissəsində “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarı: Bənd 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarı: Bənd 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Yuxarıda istinad olunan normalara görə, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda istinad olunan həmin Qaydaların 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla, 1 aprel 2020-ci il tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Cavabdeh iddiaçıya birdəfəlik ödəmənin verilməsi məsələsini həll edərkən məhz yuxarıda qeyd olunan qaydalara uyğun davranmalı, həmin normalarda nəzərdə tutulmuş şərtlərin və əsasların iddiaçıya münasibətdə mövcud olub-olmadığını yoxlamalı idi. Bu konkret mübahisəyə münasibətdə həm də ona görə xüsusi əhəmiyyət daşıyır ki, müvafiq qaydalarda nəzərdə tutulmuş kateqoriyadan olan şəxslər dövlətin sosial müdafiə tədbirlərindən kənarda qalmasınlar. Başqa sözlə, birdəfəlik ödəmə sosial müdafiəyə ehtiyacı olan və qanunvericiliklə müəyyən olunmuş kriteriyalara cavab verən şəxslərə, həmin şəxslərin buna hüquqlarının yarandığı təqdirdə ödənilməlidir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu məhkəmə tərəfindən araşdırılmışdır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: İddiaçı ilə X3 arasında xx.xx.2014-cü il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi bağlanılmış və İddiaçı adına “Əmək və Məşğulluq” altsisteminə fiziki şəxs X3 (VÖEN **********) tərəfindən xxxxxxx000100 nömrəli əmək müqaviləsi (əlavə iş yeri) daxil edilmiş, həmin müqavilə altsistemdə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məktublardan görünür ki, X1 vergi ödəyicisi kimi fəaliyyətini xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırmışdır, həmçinin X3 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının adına xxxxxxx000100 nömrəli əmək müqaviləsinin aktiv olması səbəbilə iddiaçının tələbini təmin etməkdən imtina etsə də, həmin dövrdə iddiaçının qeyd edilən əmək müqaviləsi ilə işləməməsi (işəgötürən tərəfindən fəaliyyətin dayandırılması səbəbilə) işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İddiaçı adına fiziki şəxs X3 (VÖEN **********) tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş xxxxxxx000100 nömrəli əmək müqaviləsinin aktiv qalması və bu səbəbdən iddiaçıya işsiz statusunun verilməsi barədə qərarın qəbul edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir və bu onun məsuliyyət sferasına da aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya 190 manat məbləğində birdəfəlik aylıq ödəmənin verilməsindən cavabdehin imtinası qanunsuz sayılmalı və şəxsin həmin ödəməyə olan hüququnun pozulması kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xüsusi karantin rejiminin Bakı şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xüsusi karantin rejiminin Bakı şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev