Məhkəmə qərarları › İş №2-1(112)-3182/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3182/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3182/2021 30.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Zəngilan rayon İcra Hakimiyyəti işə cəlb edilməklə şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Resublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Zəngilan rayon İcra Hakimiyyəti işə cəlb edilməklə Zəngilan rayonundan məcburi köçkün düşmüş, bugünədək kirayələrdə acınacaqlı vəziyyətdə yaşayan dövlət qayğısından kənarda qalan şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı, cavabdehin və digər 3cü şəxsin nümayəndəsi isə gəlməmişlər. Məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadna baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu göndərilərək, ən qısa müddət ərzində iddia tələbinə inzibati qaydada baxılması üçün tərəfindən cavabdehə edilmiş müraciəti təsdiq edən sənədləri (ərizə, poçt qəbzi və s.) və cavabdeh tərəfindən verilmiş imtina məktubuna dair sübutları məhkəməyə təqdim etməsi xahiş edilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəməyə hal-hazıradək heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh orqana hazırki iddia tələbi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə müraciət etməmiş, həmin orqan tərəfindən imtina almamış, lakin, buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, cavabdehin hansı hərəkətləri ilə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Eləcə də, iddia tələbindən onun şəhid ailəsi və ya məcburi köçkün kimi siyahıya alınmaq istəməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddia ərizəsində cümlələr qeyri-dəqiq ifadələrə yol verilməklə tərtib edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki olaraq daimi məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikasının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində şəhid ailələri olan məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsi ilə bağlı siyahı yoxdur və məcburi köçkünlərin hər hansı kateqoriyaya aid olmasından asılı olmayaraq, onların yerləşdirilməsi Dövlət Proqramında nəzərdə tutulan obyektlərdə məskunlaşması üzrə həyata keçirilir. Əgər məcburi köçkün Dövlət Proqamında göstərilən köçürmə obyektində məskunlaşıb faktiki yaşayırsa, bu məqsədlə yerli icra hakimiyyəti tərəfindən hazırlanmış siyahıya daxil edilir və mənzillə təmin olunur. Odur ki, iddiaçı məcburi köçkün kimi və ya şəhid ailəsi kimi mənzillə təmin olunması üçün aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına (Zəngilan rayon İcra Hakimiyyətinə) müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar