Məhkəmə qərarları › İş №2-1(112)-3182/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3182/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3182/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası– mühəndis, pensiyaçı), iddiaçının vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 8 saylı vəkil bürosunda vəkil işləyir) cavabdehin nümayəndəsi X3 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən K/823 nömrəli sahədə 0,075 ha torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən K/823 nömrəli sahədə 0,075 ha torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən K/823 saylı, 0,075 ha bağ sahəsini iddiaçı 20 oktyabr 2005-ci il tarixdə 7 saylı notariat kontorunda AN – 1, ******* saylı müqaviləyə əsasən almışdır. Ona məxsus olmuş torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması ilə əlaqədar 20.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli məktubla cavabdehə müraciət etmiş lakin, cavabdeh imtina cavabında bildirmişdir ki, sözügedən keçmiş DTXK tərəfindən verilmiş JN-16248D şəhadətnamənin idarədə mövcud olan elektron kadastr baza məlumatları ilə faktiki sahə arasında yerləşməsində uyğunsuzluq mövcuddur. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmır.İddiaçı vicdanlı torpaq istifadəçisi olduğundan torpaq sahəsinə çıxarış almaq istəyir. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, torpaq sahəsinə dair ləğv edilmiş və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-16248D şəhadətnamənin idarədə mövcud olan elektron kadastr baza məlumatları ilə faktiki sahə arasında yerləşməsində uyğunsuzluq mövcuddur Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X9 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1940-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.06.2021-ci il tarixli, **********61 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişinə əsasən bildirimişdir ki, keçmiş DTXK tərəfindən verilmiş JN-16248D şəhadətnamənin idarədə mövcud olan kadastr baza məlumatları ilə faktiki sahə arasında yerləşməsində uyğunsuzluq mövcuddur. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 436/17 nömrəli, 06.04.1993-cü il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması” barədə sərəncamına əsasən, Əzizbəyov rayon icra hakimiyyəti başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 23.11.1992-ci il tarixli, 11 nömrəli sərəncamına baxılmış və Bakı şəhər sovet İK-nin 22/4 nömrəli, 27.01.1989-ci il tarixli qərarını rəhbər tutaraq qərara almışdır: Mərdəkan qəsəbəsi, M.Hüseynzadə küçəsi 9 nömrəli, evdə yaşayan, müvvəqqəti işləməyən X8 Mərdəkan qəsəbəsində 823 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılsın. X1 Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna Dövlət notariusu N.Ə.Vədətova verilmiş 11.05.2004-ci il tarixli ərizəsinə əsasən bildirmişdir ki, həyat yoldaşı X6 adına olan Mərdəkan qəsəbəsində yerləşən 0,0750 kv.m olan torpaq sahəsinin satılmasına etiraz etmir və gələcəkdə bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcək. Əzizbəyov RİH Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəsinin 2004-cü il tarixli arayışına əsasən, X2 qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 nömrəli evdə yaşayır. AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqi-satqi müqaviləsinə əsasən, X6 adından çıxış edən X18-baba qızı, Mərdəkan qəsəbəsiində yerləşən 0,75 ha, K/823 saylı torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. ƏN-İ 031185 nömrəli etibarnaməyə əsasən, X11 28.04.2003-cü ildə 7-ci DNK-da X5 alınmış 7E/4-1319 saylı etibarnaməyə əsasən, Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 06.04.1993-cü il, 436/17 saylı sərəncamına əsasən, ona ayrılmış Mərdəkan qəsəbəsi, M/823 saylı sahədə tikinti işlərini tamamlamağı, bütün sənədləşmə işlərini aparmağı, özəlləşdirməni X18-baba qızına sərəncam verməyi, satmağı, bağışlamağı dəyişməyi, ipoteka (girov) qiymağl, pulunu almağı, buna dair müqavilə imzalamağı, tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətlər etməyi etibar edir. 11 noyabr 2004-cü il tarixli, JN-16248D nömrəli, kod 00300016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Bakı şəhəri, 07 saylı Dövlət notariat kontorunun 20 oktyabr 2004-cü il tarixli, 4Ə/3-479 saylı alqı-satqı müqaviləsi ilə satılmış fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və Mərdəkan qəsəbəsi, M/823 saylı sahədə yerləşən 0,75 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı əlavə olaraq Əzizbəyov RİHB-nın 1-ci müavini tərəfindən təsdiq edilmiş Mərdəkan qəsəbəsində vətəndaş X8 ayrılan M/823 nömrəli sahənin sxemi və baş plandan çıxarışı təqdim etmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 06.04.1993-cü il tarixli, 436/17 nömrəli sərəncamına əsasən fərdi evin tikintisi X8 ayrılmış Mərdəkan qəsəbəsində 750 kv metr torpaq sahəsini 07 saylı Dövlət notariat kontorunun 20 oktyabr 2004-cü il tarixli, 4Ə/3-479 saylı alqı-satqı müqaviləsinə əsasən almış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. İşin faktiki hallarından görünür ki, dövlət orqanı (05 fevral 2015-ci ilədək fəaliyyəti olmuş)Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 06.04.1993-cü il tarixli, 436/17 nömrəli sərəncamı, 07 saylı Dövlət notariat kontorunun 20 oktyabr 2004-cü il tarixli, 4Ə/3-479 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisə predmetinə aid torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Bu o deməkdir ki, Dövlət tərəfindən sözügedən torpağın üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Məhkəmə cavabdehin imtinasında göstərilənlərlə bağlı olaraq qeyd edir ki, cavabdeh imtinaya əsas kimi göstərilmiş halların( torpaq sahəsinə dair elektron kadastr baza məlumatları ilə faktiki sahə arasında yerləşməsində uyğunsuzluq mövcud olması ) həqiqiliyi barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İmtina məktubunda göstərdiyi “uyğunsuzluğun” nədən ibarət olmasını göstərməmiş, “uyğunsuzluğun” aradan qaldırılmasının mümkün olub- olmamasını müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” yə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək;, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir.(Əsasnamənin 3.0.29 , 3.0.11, 3.0.17, 3.0.23-cü bəndləri ). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamə ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mülkiyyətində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən K/823 nömrəli sahədə 0,075 ha torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən K/823 nömrəli sahədə 0,075 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar