Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3182/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X4, X5 və X6 “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər - X4, X5 və X6) “mənzildən pasport qeydiyyatından çıxarma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli mənzil) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixində qeydə alınmış Seriya RX №1263242 nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur. X6 iddiaçının keçmiş əri, X4 iddiaçının qızı və X5 iddiaçının nəvəsidir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadırlar. X4 və X5 həmin mənzilə istifadə hüquqları var və faktiki olaraq həmin mənzildə yaşayırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, İş №2(006)- 3204/2019 saylı qətnaməsinə əsasən X1 və onun oğlu X2 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 97, mənzil 3-ə istifadə hüquqları tanınması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, iddiaçının müraciətinə cavab verilməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4, X5 və X3 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olur. Üçüncü şəxs X4 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edilərək onun və azyaşlı övladının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi 97 saylı evin 3 nömrəli mənzilinə yaşayış hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3204/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə yaşayış hüquqları tanınmışdır. İddiaçı tərəfindən Apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsinə minmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasının xahiş etdi. Üçüncü şəxs X4 iddiaya qarşı yazılı etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X5 azyaşlıdır və onun hüquqlarını anası Sona Hüseynova müdafiə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə digər üçüncü şəxs X3 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. X6 iddiaçının keçmiş əri, X4 iddiaçının qızı və X5 iddiaçının nəvəsidir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadırlar. X4 və X5 həmin mənzilə istifadə hüquqları var və faktiki olaraq həmin mənzildə yaşayırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, İş №2(006)- 3204/2019 saylı qətnaməsinə əsasən X1 və onun oğlu X2 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 97, mənzil 3-ə istifadə hüquqları tanınması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: İ hissə, Bənd 1. yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən İ hissə, Bənd 5. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. Lakin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb-yaranmaması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. İş materiallarında üçüncü şəxslərdən Sona Hüseynova və Raul Gülbalazadənin həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydasının müəyyən edilərək pasport qeydiyyatına alınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Həmçinin 41 saylı MKİS-in 18310.2024-cü il tarixli arayışından və tərəflərin izahatlarından müəyyən edilir ki, həmin üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşayırlar. Ona görə də, həmin şəxslərə münasibətdə mübahisəli mənzilə istifadə hüququnun olması və faktiki yaşamaları əsası ilə iddia rədd edilməlidir. Digər üçüncü şəxs Fikrət Hüseynov isə iddiaçının keçmiş əridir. Fikrət Hüseynova aid hissədə məhkəmə qeyd qeyd olunan mövqedən çıxış edərək hesab edir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxsin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onu iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (müvafiq icra hakimiyyəti orqanlarının məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı, eləcə də əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, üçüncü şəxs Fikrət Hüseynovun mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması, xitamı və ya itirilmiş hesab edilməsi məsələsi mülki mühakimə icraatında həllini tapdıqdan sonra iddiaçının hazırkı tələblə yenidən inzibati orqana müraciət etmək, təmin olunmadığı halda isə inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1983/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-70/2024 nömrəli, 2-1(102)-363/2023 nömrəli, 2-1(102)-2307/2023 nömrəli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması onun istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırkı mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş olması halı müəyyən edilmir. Bundan əlavə Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan digər qərarında (2-1(102)-1934/2023 nömrəli) qeyd edilmişdir ki, ... hazırkı işdə iddiaçı 3cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub-olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər - X4, X5 və X6) “mənzildən pasport qeydiyyatından çıxarma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3182/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3182/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver