Məhkəmə qərarları › İş №2-1(112)-3183/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3183/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3183/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə ona müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xidmətin ******* nömrəli, 23 oktyabr 2020-ci il tarxili müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 22.07.1976-cı il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuşdur. 2001-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X2 ilə ailə qurmuşdur. 13 avqust 2011-ci il tarixdə Bakı Nikah Evində rəsmi nikah qeydiyyatında da keçərək 1543 nömrəli akt qeyd ilə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahlarından 24.12.2002-ci il tarixdə X10, 23.03.2004-ci il tarixdə X7, 01.08.2012-ci il tarixdə X8 dünyaya gəlmişdir. Hazırda yoldaşı X2 və qızları Azərbaycan Respublikası vətəndaşıdırlar. 2016-cı il tarixdə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir və 4 ildir ki, daimi olaraq burada yaşayırlar. Dəfələrlə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi üçün Xidmətə müraciət etmişdir. Lakin ona məlum olmayan səbəblərdən müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilib. 2019-cu il tarixdə yenidən müvvəqəti yaşamaq üçün icazə verilməsi üçün Xidmətə müraciət etmişdir. Xidmət tərəfindən ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilərək bir il müddətinə 17.10.2019-cu il tarixdən 17.10.2020-ci il tarixə qədər MYİ № ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilmişdir. Sonradan isə etdiyi müraciətlərə əsassız və qanunsuz olaraq imtina verilmişdir. Xidmət tərəfindən müvəqqəti yaşamaq üçün icaz verilməsindən imtina olunması səbəbindən ailəsi ilə birgə Azərbaycan Respublikasında yaşamasının qarşısı alınır. Halbuki, onun qohumlarına qovuşmaq və onlarla birlikdə qalmaq üçün dövlətdən onun ərazisində yaşamaq üçün icazə əldə etmək hüququna malikdir. Bu ölkədə ilə ailə bağları da daxil olmaqla güclü bağlara malikdir, nikah bağlamışdır və yoldaşı dünyaya uşaqlar gətirmiş, həmin uşaqlar bu ölkədə yaşamış, burada məktəbə gedirlər və bura vətəndaşıdırlar. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməməsi üçün heç bir əsas yoxdur. Bununla onun Avropa Konvensiyasında təsbit edilmiş ailə hüquqları pozulur. Xidmət tərəfindən ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması barədə 23.10.2020-ci il tarixli, ******* nömrəli qərar əsaslandırılmamış və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İran İslam Respublikasının vətəndaşı Behravesh Alireza 13.10.2020ci il tarixdə müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün Xidmətə müraciət etmişdir. Xidmət tərəfindən həmin müraciətə baxılaraq, müvafiq sənədlər X13 Sistemi vasitəsilə iddiaçı haqqında rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və sözügedən orqan tərəfindən şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz edilmişdir. Yuxarıda qeyd olunan səbəbdən Xidmət tərəfindən şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi barədə 23.10.2020-ci il tarixli qərar qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən miqrasiya proseslərinin idarə edilməsi, o cümlədən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi və icazənin müddətinin uzadılması barədə vəsatətlərin əsaslı olub-olmadığının qiymətləndirilməsi Xidmətin səlahiyyətinə aid edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı 13.10.2020-ci il tarixli müraciətinə Xidmət tərəfindən qanunvericiliyə uyğun qaydada baxılaraq sözügedən şəxs barəsində qərar qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İran İslam Respublikasının İRN seriyalı P37678946 №-li pasportun surətindən görünür ki, X12 22.07.1976-cı il tarixində X20 Respublikasının Təbriz şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA 0TKD1JN №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 14.07.1979-cu il tarixdə doğulmuşdur. - Bakı Nikah Evi tərəfindən verilmiş 13.08.2011-ci il tarixli, 681471 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 22.07.1976-cı ildə İranın Təbriz şəhərində anadan olmuş Behravesh Alireza Ali oğlu ilə 14.07.1979-cu ildə Ağdaş rayonunda anadan olmuş X2 arasında 13.08.2011-ci ildə nikah bağlanmışdır. Nikah qeyd ediləndən sonra ərə Behvaresh və arvada Feyzullayeva familyası verilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 24.12.2002-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 23.03.2004-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01.08.2012-ci il tarixdə doğulmuşdur. - MYİ seriyalı, ******* №-li Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, 22.07.1976-cı il tarixdə İran İslam Respublikasında doğulmuş, İran İslam Respublikasının vətəndaşı X6 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddəti 17.10.2019-cu ildən 17.10.2020-ci il tarixədək müəyyən edilmişdir. İcazə verilməsinə əsas qohumluq münasibəti, yaşayış yeri ünvan 1 ünvanı qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin (VÖEN) ********** saylı, 28.08.2020-ci il tarixli çıxarışın və nizamnamənin surətlərindən görünür ki, Regal Holding MMC vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Hüquqi ünvanı ünvan 2 Cəmiyyətin təsisçiləri X2 60 pay və Behravesh Alireza 40 pay qeyd olunmuşdur. - Xidmətinin MOM seriyalı ******* №-li, qərarından görünür ki, Behravesh Alirezanın Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin 10.12.2020-ci il tarixədək uzadılması qərara alınmışdır. - Xidmət tərəfindən qəbul edilmiş 23.10.2020-ci il tarixli, ******* saylı qərarın surətindən görünür ki, İran İslam Respublikası vətəndaşı Behravesh Alireza 13 oktyabr 2020-ci il tarixli müraciətində qohumluq münasibəti əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcudluğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İran islam Respublikası vətəndaşı P37678946 nömrəli pasporta malik olan Behravesh Alirezanın 13 oktyabr 2020-ci il tarixli müraciətinin təmin edilməməsi, İran İslam Respublikası vətəndaşı P37678946 nömrəli pasporta malik olan Behravesh Alirezanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı X12 22.07.1976-cı il tarixində İran İslam Respublikasının Təbriz şəhərində doğulmuşdur. İran İslam Respublikasının vətəndaşı Behravesh Alirza Ali oğlu ilə Azərbaycan Respublikasının vətəndaşı X2 arasında 13.08.2011-ci ildə nikah bağlanmışdır, birgə nikahdan uşaqları anadan olmuşdur. Xidmət tərəfindən iddiaçıya Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilsə də sonuncu dəfə Xidmət tərəfindən qəbul edilmiş 23 oktyabr 2020-ci il tarixli, ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün müraciəti şəxsə imtina verilməsi üçün əsas olan halın mövcudluğunun müəyyən edilməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. - 44.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. - 44.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. - 45.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda (45.1.1); ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda (45.1.2); Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda (45.1.3); Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda (45.1.3-1); iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda (45.1.4); bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda (45.1.4-1); Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda (45.1.5); xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda (45.1.6); Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda (45.1.6-1); Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda (45.1.7); bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda (45.1.7-1); Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda (45.1.8); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda (45.1.9); dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda (45.1.10); insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda (45.1.10- 1); cinayət təqibi orqanlarına yardım göstərdikdə (45.1.10-2); Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda (45.1.11). - 47.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. - 48.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. - 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, bu Məcəllənin 45.1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. - 49.2-ci maddəsinə əsasən bu Məcəllənin 45.1.2-ci maddəsində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər. - 49.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 45.1.5-ci maddəsində göstərilən əsasa görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müraciət etmiş şəxsə icazə vəsiqəsi verilərkən onun həmin müraciət üzrə əlaqəli olan ailə üzvünə verilmiş icazə vəsiqəsinin etibarlılıq müddəti nəzərə alınır. - 50.1-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda (50.1.1); Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə (50.1.2); şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (50.1.3); pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda (50.1.4); müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla) (50.1.5); əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda (50.1.6); Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda (50.1.7); bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə (50.1.7-1); 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda (50.1.8); xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə (50.1.9); Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə (50.1.10); barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə (50.1.11); Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda (50.1.12); əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə (50.1.13); - 50.2-ci maddəsinə əsasən bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Qanunvericiliyin tələblərindən göründüyü kimi Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən İran İslam Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciəti üzrə icraat zamanı şəxsə imtina verilməsi üçün halın mövcudluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müraciəti ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğundur, ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar