Məhkəmə qərarları › İş №2-1(112)-3187/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3187/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3187/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 3-cü şəxs Heydər Əliyev adına Bakı X13 işə cəlb edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 3-cü şəxs Heydər Əliyev adına Bakı X13 işə cəlb edilməklə cavabdeh orqanın **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasına, onun 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və 03.08.2015-ci ildən 01.02.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququ yarandığı gün, yəni 52 yaşının tamam olduğu 16.11.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb oa ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin edilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdehin **********7 nömrəli, 06 iyul 2020ci il tarixli məktubu ilə onlara təqdim etdiyi sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsi bildirilmişdir. Bundan sonra, o, tələb olunan sənədləri cavabdeh orqana təqdim etmişdir. Cavabdeh **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun güzəştli iş stajının 10 ildən az olması göstərilmişdir. Bu da, onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququmun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. İlk öncə qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- qadınların pensiya hüququ 52 yaşında yaranması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 52 yaşında pensiya təyin edilməlidir. İndi isə, onun tələb olunan həmin sığorta stajına nəzər salınsa, o, xx.xx.1965-ci ildə anadan olmuş, 1983 - 1984-cü illərdə əyani olaraq Bakı 88 №-li şəhər orta texniki peşə məktəbini bitirmiş (1 il), 1986-1989-cu illərdə əyani olaraq X7 X5 adına Bakı Neft Texnikumunda neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş (3 il), 02.06.1989-cu ildən 23.08.1990-cı ilədək əmtəə operatoru (1 il, 2 ay, 19 gün, -27.08.1990-cı ildən 28.12.1992-ci ilədək mühasib (2 il, 4 ay), 28.12.1992-ci ildən 03.12.1997-ci ilədək laborantı (4 il, 11 ay, 5 gün), - 03.12.1997-ci ildən 08.05.2015-cİ ilədək texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələrində işləmişdir. Bundan əlavə, 03.08.2015-ci ildən 01.02.2016-cı ilədək ay müddətinə işsizlik müavinəti alımışa, bu da sosial sığorta stajına daxil edilməlidir. 01.07.2017-ci il tarixinədək onun iş stajı 30 il, 04 ay, 29 gün təşkil edir. Həmin 30 il, 04 ay, 29 gün əmək stajının yarıdan çoxu, yəni 18 il, 07 ay, 24 günü ona 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun 02.06.1989-cu ildən 23.08.1990-cı ilədək işlədiyi əmtəə operatoru (1 il, 2 ay, 19 gün) və 03.12.1997-ci ildən 08.05.2015-ci ilədək işlədiyi texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000 Xİİ bölməsində Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında şirf 2130301a—16081 texnoloji qurğuların operatorları və şirf 2130301a—16085 əmtəə operatorları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, həmin vəzifələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə peşələrin Siyahısının 10.5-ci bölməsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələrinə də uyğundur. O, tələb olunan sığorta stajını qanuna edilmiş dəyişikliyədək qazandığına görə, mövcud iş üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, yəni ümumi 30 il, 04 ay, 29 gün, zərərli sahələrdə isə 18 il, 07 ay, 24 gün əmək stajı olduğuna görə ona 52 yaşından pensiya təyin edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Etiraza əsasən, İddiaçı 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və 03.08.2015-ci ildən 01.02.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 16.11.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hesab edirlər ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, İddiaçı 15.09.2020-ci il və 25.09.2020-ci il tarixli müraciətləri Mərkəzi Filial tərəfindən müvafiq olaraq **********6 və **********5 nömrələri ilə qeydə alınmışdır. Həmin müraciətlərlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan 8 iyun 1989-cu il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında 03.12.1997-17.01.2008-ci il tarixləri arasındakı dövr ərzində onun “Heydər Əliyev” adına Bakı X8 işlədiyi qazanxana əməliyyatçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun güzəştli iş stajı 10 ildən az (1 il 2 ay 21 gün) təşkil edir. Bununla əlaqədar olaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq yazılı izahat təqdim edilərək bildirilmişdir ki, 02.06.1989-cu il tarixindən 27.08.1990-cı il tarixinədək işlədiyi (1 il 2 ay 21 gün) əmtəə operatoru və 03.12.1997-ci il tarixindən 08.05.2015-ci il tarixinədək işlədiyi (17 il 5 ay 5 gün) qurğuların qazanxana əməliyyatçısı və texnoloji qurğuların operatoru vəzifələri (qurğuların qazanxana əməliyyatçısı və texnoloji qurğuların operatoru eyni vəzifələrdir və eyni işlər görülür) Azərbaycan Respublikası Nazirlər Kabintinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.5-ci bölməsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), köçürün və şistin emalında texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələrinə uyğundur. Bu zərərli sahələrdə işlədiyinə görə ona Zavod tərəfindən 05 may 2016-cı il tarixli Arxiv arayşı verilmişdir. Cavabdeh isə əsassız olaraq onun güzəştli iş stajını düzgün hesablanmamışdır. Halbuki, qurğunun qazanxana əməliyyatçısı və texnoloji qurğu operatoru eyni vəzifələrdir, eyni işlər görülür və hər ikisi zərərli sahə və pşeələrdir. Onunla bu vəzifələrdə işləyənlərin hamısı eyni əsaslarla 52 yaşında güzəştli şərtlərlə pensiyaya çıxırlar. Məlumat üçün o, aşağıda qanunvericiliyin normalarını və analoji işlərlə bağlı məhkəmə təcrübəsini də qeyd edir. Belə ki, DSMF sədrinin 2007-ci il 8 noyabr tarixli, XX/XX-3402 saylı məktubun 5-ci bəndində qeyd edilir ki, Siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. Məsələn: siyahının 10.4-cü bölməsinə daxil olan fəhlələr, rəhbərlər və mütəxəssislər tam iş günü texniki karbon istehsalatında məşğuldur. Bu halda, həmin istehsalatda məşğul olan bütün işçilər peşə və vəzifələrindən asılı olmayaraq güzəştli pensiya hüququ qazanırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi bir çox qərarlarında, eləcə də, 21(102)-974/2020 saylı, 23.06.2020-ci il tarixli qərarının 5-ci vərəqinin 7-ci abzasında DSMF sədrinin 2007-ci il 8 noyabr tarixli məktubuna istinad etmişdir. Ali Məhkəmə daha sonra öz qərarlarında qeyd edir: Beləliklə, məhkəmə ilk növbədə iddiaçının işlədiyi müəssisənin fəaliyyətinin məhz “neftin hasilatına” aid olub-olmadığını müəyyən etməli idi. Bundan başqa, iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi işin, peşənin və ya vəzifənin (hazırkı halda, adıçəkilən müəssisədə “neftin boşaldılması doldurulması üzrə əmtəə operatoru”nun) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda ( Siyahıda) bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Bundan əlavə, əvvəllər 701 saylı sex rəisi işləmiş, hazırda Heydər Əliyev adma X8 baş mühəndisin müavini vəzifəsində işləyən cənab Həsən Qafarov da ona öz imzası ilə təsdiq olunmuş aşağıdakı məzmunda xidməti yazı vermişdir. “Azərneftyag"a məxsus (İndiki H.Əliyev adina NEZ) 701 saylı ELOU ABT-6 qurgusu-atmosfer, vakuum, elektrodehidratorlar, benzinin stabilləşməsi, sobalar və buxar alınması üçün qazanxanalar bölmələrindən ibarətdir. 701 saylı qurğunun istənilən bölməsində işləyən operatorlar zərərli iş rejimində işləyənlər siyahısındadır. Qurğunun qazanxana əməliyyatçısı və texnoloji qurğunun operatoru eyni vəzifələrdir və eyni işlər görülür. İddiaçı da, 4-cü dərəcəli operator kimi 701 saylı qurğunun qazanxana bölməsində işləmişdir. Bölmənin işi soba qazlarının istiliyinin utilizəsi hesabına kimyəvi təmizlənmiş sudan buxar almaqdır (həmin xidməti yazını ərizəyə əlavə edir). Yuxarıda qeyd edilənləri nəzərə alıb, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu, 16.11.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində isə hər-hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 25.11.2020-ci il tarixli, **********9 nömrəli “güzətşli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) adınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış penisya kapitalı əmək pensiyasının minimum məbləğndən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi Filiala təqdim etdiyi 8 iyun 1989-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 03.12.1997-17.01.2008-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” adına Bakı X8 işlədiyi texnoloji qurğu operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmuşdur. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (6 il 9 ay 23 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan Azərbaycan SSR X10 Kolleci tərəfindən verilmiş Г seriyalı, 609467 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1983-cü ildə Bakı 88 nömrəli şəhər orta texniki peşə məktəbinə daxil olmuş, 30 iyul 1984-cü ildə həmin texniki məktəbi bitirmişdir. İşdə olan X7 X5 adına Bakı Neft Texnikumu tərəfindən verilmiş МТ-İ seriyalı, 275866 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 11 avqust 1986-ci il tarixdə Bakı Neft Texnikumuna əyani şöbəyə qəbul olmuş, 03 mart 1989-cu il tarixdə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi və МТ-İ seriyalı, 275866 nömrəli diplom verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət X14 Universitetinin nəzdində Bakı Neft – Energetika Kolleci tərəfindən verilmiş 504 nömrəli, 17.09.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı 11 avqust 1986-ci il tarixdə, 435 saylı əmrlə Bakı Neft Texnikumuna əyani şöbəyə qəbul olmuş, 03 mart 1989-cu il tarixdə, 121 saylı əmrlə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnikgeoloq” ixtisas dərəcəsi və МТ-İ seriyalı, 275866 nömrəli diplom verilmişdir. İşdə olan Heydər Əliyev adına X11 tərəfindən verilmiş 05 may 2016-cı il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı 27.08.1990-cı ildən (işə qəbul əmri 173/şh, 24.08.1990-cı il) “V.İliç” adına Yeni Bakı Neftayırma zavodundan köçürülmə yolu ilə “XXİİ qurultay” adına Bakı X13nun mühasibatlıq şöbəsində (Abbasovanın analıq məzuniyyəti dövründə) mühasib vəzifəsində işləmiş; 28.12.1992-ci ildən (işə qəbul əmri 270/k, 28.12.1992-ci il) 34 saylı sexdə (Mammedovanın analıq məzniyyəti dövründə) laborant peşəsində işləmiş, 24.10.1995-ci ildən (işə qəbul əmr 204/k, 24.10.1995-ci il) 34 saylı sexdə kimyəvi təhlil laborantı peşəsində işləmiş, 03.12.1997-ci ildən (işə qəbul əmri 266/şh, 02.12.1997-ci il) yanacaq istehsalı 2 saylı sahəsinin 701 saylı qurğusunda qazanxana əməliyyatçısı peşəsində işləmiş, 07.01.2008-ci ildən (işə qəbul əmri 98/k, 29.02.2008-ci il) 7saylı texnoloji sexdə 701 saylı qurğusunda (ELOU-AVT-6) qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləmiş, 15.07.2008-ci ildən (işə qəbul əmri 343/k, 15.07.2008-ci il) 7 saylı texnoloji sexdə 701 saylı qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmiş, 08.05.2015-ci ildən (işdən çıxma əmri SOCAR/15-1700/8-04-001082, 08.05.2015-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şsitin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli notarial qaydada tərcümə və təsdiq edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı İƏK qəbul edilənək texnikumda təhsil alıb, 10.03.2019-cu il tarixli, MT-İ seriyalı, 275866 saylı diplom; 02.06.1989-cu il tarixdən “Azneftkimya” İB-nin İstehsalat əmtəə kontoruna 3 saylı sexə 3-cü dərəcəli əmtəə operatoru qəbul edilmiş, 01.04.1990-cı il tarixdən 11.12.1989-cu il tarixli, 7 saylı protokola, 05.03.1990-cı il tarixli, 9 saylı əmrə və “Azneftkimya” İb üzrə 26.03.1990-cı il tarixli İstehsalat əmtəə kontorunun ləğv edilməsi barədə 12 saylı sərəncama əsasən Vladimir İliç adına YBNZ (yeni-Bakı neftayırma zavodu) adlandırılmış və həmin zavodun istehsalın 4 saylı neft məhsullarının hazırlanması, vurulması və daşınması üzrə 7 saylı sexinə 3-cü dərəcəli əmtəə operatoru vəzifəsinə qəbul edilmiş, 23.08.1990cı ildən 36-cı maddənin 5-ci bəndinə əsasən XXİİ qurultay adına BNZ köçürülmə qaydasında azad edilmiş, 27.08.1990-cı ildən Vladimir İliç adına YBNZ köçürülmə ilə Abbasovanın analıq məzuniyyəti dövründə mühasib vəzifəsinə qəbul edilmiş, 28.12.1992-ci ildən 34 saylı sexdə (Mammedovanın analıq məzniyyəti dövründə) laborant peşəsində işləmiş, 24.10.1995-ci ildən 34 saylı sexdə kimyəvi təhlil laborantı peşəsində işləmiş, 03.12.1997-ci ildən yanacaq istehsalı 2 saylı sahəsinin 701 saylı qurğusunda qazanxana əməliyyatçısı peşəsində işləmiş, 07.01.2008-ci ildən 7saylı texnoloji sexdə 701 saylı qurğusunda (ELOU-AVT-6) qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləmiş, 15.07.2008-ci ildən 7 saylı texnoloji sexdə 701 saylı qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmiş, 08.05.2015-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş, 03.08.2015-ci ildən işsiz statusu verilərə işsizlik müavinəti təyin edilmiş, 010.2.2016-cı il tarixdə işsizlik müavinətinin ödənilməsi başa çatmışdır. İşdə olan Heydər Əliyev adına X13 tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 27.08.1990-cı il tarixdən 08.05.2015-ci il tarixədək işlədiyi dövrlərdə zərərli peşə və vəzifələrdə çalışmışdır. İddiaçı 02.12.1997-ci il, 266/şh saylı əmrində peşəsi qazanxana əməliyyatçısı olaraq təsdiqlənib. 03.12.1997-07.01.2008-ci illər üzrə işlədiyi qazanxana əməliyyatçısı adında peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarında yoxdur. İşdə olan Heydər Əliyev adına X13 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 03.12.1997-ci il tarixindən 07.01.2008-ci il tarixinədək “Azərneftyağ” X1 istehsalı üzrə 2 №li sahəsinin 701 saylı texnoloji qurğusunda (atmosfer vakuum qurğusu) işlədiyi qazanxana əməliyyatçısı pteşəsinin texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edib-etməməsi ilə bağlı bildirmişlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 36-cı hissəsində qeyd olunduğu kimi texnoloji qurğuların operatoru aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: - Neftin, neft məhsullarının, qazın, şistin işçi qaydalara uyğun olaraq 3-cü dərəcəli qurğularda emalı üzrə texnoloji prosesin aparılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında 1 və 2 dərəcəli qurğularda texnoloji prosesin aparılması və ayrı-ayrı blokların işinə nəzarət edilməsi. Blokun, qurğunun və hissənin məhsuldarlığının tənzim edilməsi. Qoyulmuş rejimdən yayınmanın xəbərdarlıq edilməsi və aradan qaldırılması. Məhsulun çıxarına və keyfiyyətinə, reagent sərfinə enerji resursuna nəzarət edilməsi. Kamera və tunel peçlərinin isitmə sisteminin işə salınması və saxlanması və onların hidravlik rejiminin tənzimlənməsi. İş qaydalarına uyğun olaraq 2-ci dərəcəli neft, neft məhsulları, qaz, şist, kömür emalı qurğularında texnoloji prosesin aparılması və avadanlığın işinə nəzarət edilməsi. Gecikdirilən kokslaşma gedən qurğularda özündən yüksək ixtisaslı operatorun rəhbərliyi altında lentli konveyerlərə xidmət edilməsi, fraksiya tərkibinə görə neft koksunun qəlbirlənməsi və təsnifatı. Nəzarət və avtomatika cihazlarına xidmət edilməsi, kartoqramma hazırlanması, onların dəyişdirilməsi, qələmlərin çernillə doldurulması, cihazların "0"a oturdulması. Qızdırma sisteminin hörgüsünün vəziyyətinə nəzarət edilməsi. Qurğunun işə salınması, dayandırılması və rejimə sapınması. Ayrı-ayrı aparatların və qurğunun bütövlüklə təmirə hazırlanması. Texnoloji qurğuların təmirində iştirak edilməsi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün sahələr üçün ümumi olan fəhlə peşələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 1-ci hissəsində qeyd olunduğu kimi qazanxana operatoru aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: Ümumi istilik istehsalı saatda 12,6 QC-ə qədər (3 Qkal/saata qədər) olan (tarif dərəcələrinə uyğun olaraq göstəricilər dəyişir) suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada ümumi istilik istehsalı saatda 21 QC-ə qədər olan maye və qaz şəkilli yanacaqla və ya elektrik qızdırıcısı ilə işləyən ayrı-ayrı su qızdırıcı və ya buxar qazanlarına xidmət. Qazanların qızdırılması, işə salınması və dayandırılması və onların su ilə qidalandırılması. Qazanlarda suyun səviyyəsinə buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə. Ümumi istilik yükü 42 QC/saata qədər (10 Qkal/saat) olan əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. İstilik xətlərində xidmət olunan aqreqatların işə salınması; dayandırılması və istiqamətinin dəyişdirilməsi. Nasos, mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması. Buxar tələbatı qrafikinə əsasən qazanların işinin tənzimlənməsi. Armatura və qazan cihazlarının təmizlənməsi. Xidmət olunan avadanlığın təmirindən iştirak etmək. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. İşdə olan Heydər Əliyev adına X13 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2021-ci il tarixli məktubdan görünür ki, keçmiş “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 nömrəli ED-AVQ-6 atmosfer vakuum qurğusunun zərərli iş yeri olması ilə bağlı aşağıdakıları bildirirlər: 1. Keçmiş “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömərli sahəsinin xam neftin ilkin emalı üzrə 701 saylı, ED-AVQ-6 qurğusu 1981-ci ildən istismara verilmiş, 2008-ci ildən isə istismarı dayandırılmışdır. 2. 701 saylı, ED-AVQ-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirirlər ki, keçmiş “Azərneftyağ” X1 İstehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. Sorğuya əlavə olaraq, zərərli iş şəraitini təsdiq edən əlavə sənədlər təqdim edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ona 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. O, hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən onun 03.12.1997-17.01.2008-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” adına Bakı X8 işlədiyi qazanxana əməliyyatçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) nefin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə nəzərdə tutulmadığı əsas gətirilərək imtina edilmişdir. Bundan əlavə cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində də, imtina məktubunda göstərilənlərə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinasında və etiraz ərizəsində göstərilənlər dəlillər əsassızdır. Belə ki, hazırki mübahisədə mübahisə predmetini iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının güzəştli iş stajının olmaması təşkil edir. Belə ki, iddiaçının ümumi iş stajının olması inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində və inzibati məhkəmə icraatı zamanı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajının olmaması ilə bağlı hər hansı bir etiraz və yaxud mülahizə təqdim edilməmişdir. Məhkəmə iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı cavabdehin etirazında və imtinasında göstərilən dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara Heydər Əliyev adına X13 tərəfindən cavab olaraq verilmiş arayış və digər mötəbər sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. Lakin, ididaçının 03.12.1997-ci il tarixdən 17.01.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. 701 saylı, ED-AVQ-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Göründüyü kimi, iddiaçının mübahisəli dövrdə işlədiyi qazanxana operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmasa da, onun işlədiyi peşəsinin zərərli peşə olması işdə olan kifayət qədər sübutlarla öz təsdiqini tapır. Bundan əlavə məhkəmə iddiaçının tələb olunan sığorta stajını 01.07.2017-ci il tarixədək yığdığından, həmin dövrədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona 52 yaşından pensiya təyin edilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 03.12.1997-ci il tarixdən 17.01.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusunda qazanxana operatoru peşəsinin zərərli peşə olması və onun ümumi və zərərli iş stajını 01.07.2017-ci il tarixədək yığması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquna malikdir. Məhkəmə eləcə də, iddiaçının tələbinin təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi hissəsinin də, əsaslı olduğu nəticəsinə gələrək hesab edir ki, iddia həmin hissədə də, təmin edilməlidir. Belə ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə həmçinin iddiaçının onun işsizlik müavinəti aldığı müddətin də, sosial sığorta stajına əlavə edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.5-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət sığorta stajına daxil edilir. Həmçinin məhkəmə iddia tələbinin ötən illər üzrə pensiya məbləğinin hesablanaraq iddiaçıya hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissəsədə də, əsaslıdır. Belə ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və 03.08.2015-ci ildən 01.02.2016-cı ilədək işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 16.11.2017-ci il tarixdən təyin edilməsi və ötən illər üçün pensiya məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar