Məhkəmə qərarları › İş №2-1(112)-3187/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3187/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3187/2024 20.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin üzərinə AVANT Group Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında 11 avqust 2022-ci il tarixdə bağlanmış 0450 №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan AVANT X3 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə və 10 avqust 2022-ci il tarixdə bağlanmış 0447 №-li payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan AVANT X3 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) barədə məlumatın banka ötürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “cavabdehin üzərinə AVANT Group Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında 11 avqust 2022-ci il tarixdə bağlanmış 0450 №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan AVANT X3 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə və 10 avqust 2022-ci il tarixdə bağlanmış 0447 №-li payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan AVANT X3 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) barədə məlumatın banka ötürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Məhkəmənin 06 fevral 2024-cü il tarixli Qərardadı ilə, "xxxx" MTK məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 11 avqust 2022-cü il tarixdə AVANT Group Mənzil Tikinti Kooperativi ilə 0450 №-li Payçı müqaviləsi bağlayaraq ünvan 3 ünvanında tikilməkdə olan AVANT X3 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzili 74024 manata və 10 Avqust 2022-ci il tarixdə isə 0447 №-li Payçı müqaviləsi bağlayaraq ünvan 3 ünvanında tikilməkdə olan AVANT X3 10-cu binasında, 10cu blok, 4-cü mərtəbə, 4 nömrəli, iki otaqlı mənzili 105714 manata alınması barədə razılaşmışlar. 0450 №-li Payçı müqaviləsi üzrə ünvan 3 ünvanında tikilməkdə olan AVANT X3 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə görə 74024 manatı 11 və 12 Avqust 2022-ci il tarixlərində , 0447 №-li Payçı müqaviləsi üzrə ünvan 3 ünvanında tikilməkdə olan AVANT X3 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə 105714 manatı müqavilə bağlanan günü 10 Avqust 2022-ci il tarixdə ödəmişdir. ünvan 3 ünvanında tikilməkdə olan AVANT X3 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə və ünvan 3 ünvanında tikilməkdə olan AVANT X3 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə maliyyə arayışı tərtib edilərək iddiaçıya verilmişdir. 16 fevral 2023-cü il tarixdə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edib, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasımın tələblərinə uyğun olaraq iddiaçıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürürülməsini xahiş etmiş, işi ilə əlaqədar döyüş bölgələrinə ezam olunduğundan, telelfon və noutbukdan istifadə etməsi qadağan edildiyindən hesabına yaşayış sahələrini aldığına görə ödəniləcək pulu yoxlamaq imkanı olmamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında AVANT Group Mənzil Tikinti Kooperativi ilə əlaqə saxlayıb ƏDV qaytarılması ilə maraqlanmış, ordan telelfon vasitəsi ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfındən ƏDV-nin qaytarılmasından imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilmiş, 05 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati Şikayətlərə baxılması Baş İdarəsi tərəfindən iddiaçının etdiyi şikayətə baxılmasının baxılmamış saxlanması barədə məktub daxil olmuşdur. Eyni zamanda 2023-cü ilin sentyabr ayının 25-də AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********015400 nömrəli qərar qəbul edilmişdir. AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ƏDV-nin qaytarılmaması belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV- siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin iddiaçı yaşayış və sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməmişdir. Bu tamamilə əsasız bir bəhanədir. Hər bir halda iddiaçı ƏDV-ni dövlət büdcəsinə ödəmiş və bu əsasa görə istehlakçıya ƏDV-nin qaytarılmaması AR qanunvericiliyinə, AR prezidentinin fərmanına ziddir. Həmin müraciətdə cavabdeh orqan özü də təsdiq edir ki, iddiaçı tərəfindən ƏDV ödənilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası’" nın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. İddiaçı tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, onlarında ƏDV depozit hesabına və satıcının hesabına ödənilməsi məsələsi ilə satıcı tərəfindən ayrılmalı idi. Əgər satıcı bunları ayrı hesablar altında müəyyənləşdirməyibsə istehlakçını günahlandırmaq tamamilə qərəzli və qeyri-obyektiv bir yanaşmadır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən:

- 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 10 avqust 2022-ci il tarixli, 0447 nömrəli payçı müqaviləsinə əsasən, bir tərəfdən “MTK” adlandırılacaq "xxxx" MTK-nın nümayəndəsi, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı şəxsində olmaqla, “MTK” pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 11 avqust 2022-ci il tarixli, 0450 nömrəli payçı müqaviləsinə əsasən, bir tərəfdən “MTK” adlandırılacaq "xxxx" MTK-nın nümayəndəsi, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı şəxsində olmaqla, “MTK” pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. FJB**********170 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən AVNT-0408 saylı müqavilə üzrə ilkin 105714 AZN ödəniş edilmişdir. FJBFJB**********772 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən AVNT-0410 saylı müqavilə üzrə ilkin 25024 AZN ödəniş edilmişdir. "xxxx" MTK-nın 10 avqust 2022-ci il tarixli Maliyyə Arayışına əsasən bildirilmişdir ki, ünvan 5 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 saylı, 2 otaqlı, 75.51 kv.m mənzil "xxxx" MTK-ya məxsusdur. 10 avqust 2022 tarixli, 0447 saylı Payçı müqaviləsinə əsasən 10-cu bina, 10-cu blok, 4-cü mərtəbə, 4 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. ƏDV qaytarmaq ərizəsindən imtina barədə Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli **********694200 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin **********015400 nömrəli, 10 mart 2023-cü il tarixli Qərarına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. **********718400 nömrəli, 04 oktyabr 2023-cü il tarixli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” Qərara əsasən, vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayətinin baxılmamış saxlanılması qərara alınmışdır.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

8. Azərbaycan Respublikası Vergi Məcəlləsinin

- 153.1.-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

9. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanına əsasən:

- 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. - 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. - 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; - 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; - 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); - 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: - 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; - 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: - 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; - 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: - 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. - 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. - 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. - 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. - 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na əsasən:

- 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

11. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun

- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

12. Məhkəmənin müəyyən etdiyi hallardan göründüyü kimi, İddiaçı nağdsız qaydada "xxxx" MTK-dan mənzil almışdır. İşin mübahisələndirilməyən halı odur ki, "xxxx" MTK ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış müqavilələrə əsasən mənzillərin dəyərini tam ƏDV ilə birlikdə 105714 AZN və 25024 AZN məbləğlərini satıcıya, yəni "xxxx" MTK-nın (ƏDV-siz) nağdsız qaydada MTK-nın bank hesabına, ƏDV məbləğini isə MTK-nın ƏDV depozit hesabına tam şəkildə ödəmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənildikdən sonra, 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə müvafiq qaydada(əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək) cavabdeh inzibati orqana müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırki iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlandırma və çatışmazlıqların aradan qaldırılması hüququndan məhrum edilmişdir.

12.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin

- 53.3.-ci maddəəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

13.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz - 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində iddiaçının xeyrinə olan halları tam araşdırılmaması nəticəsində iddiaçı üçün əlverişsiz inzibati akt qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarın mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

15. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, AVANT Group Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 11 avqust 2022-ci il tarixdə bağlanmış 0450 №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan AVANT X3 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə və 10 avqust 2022-ci il tarixdə bağlanmış 0447 №-li payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan AVANT X3 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) barədə məlumatın banka ötürülməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır.

16. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. AVANT Group Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 11 avqust 2022-ci il tarixdə bağlanmış 0450 №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan AVANT X3 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə və 10 avqust 2022-ci il tarixdə bağlanmış 0447 №-li payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan AVANT X3 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) barədə məlumatın banka ötürülməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar