Məhkəmə qərarları › İş №2-1(112)-3188/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3188/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3188/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi-X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X2 uğrunda gedən döyüşlərdə xx xxx 1994-cü il tarixdə döyüş zamanı həlak olmuş və ona şəhid statusu verilmişdir. O, atasının vəfatından bir ay sonra -xx xxxx 1994-cü il tarixdə doğulmuşdur. Ailədə ikinci uşaq olmuş, ondan daha əvvəl xx xxxx 1992-ci il tarixdə bacısı X5 doğulmuşdur. Anası X1 yeni nikaha daxil olmuş, yeni nkahdan bir qız övladı doğulmuşdur. Anasının yeni nikaha girdiyi əri tərəfindən nə o, nə də ki, bacısı Türkan İsmayılova övladlığa götürülməmişlər. Hazırda Bakı şəhərində yaşayırlar. Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək, onu mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin cavabdeh İcra hakimiyyəti 1-3-068 №li xx xxxxxx 2020-ci il tarixli məktubu ilə müvafiq müraciətinə imtina cavabı vermişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X14 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının atası X10 xx.xx.1994-cü ildə şəhid olduqdan sonra X3 təkrar nikaha daxil olmuşdur və 1996-cı ildən etibarən 5 nəfər ailə tərkibi ilə (iddiaçı, bacısı, anası, ögey bacısı və atası) daimi qeydiyyatla 4 otaqlı (58,0 kv.m.) mənzildə yaşayırlar. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər ailə üzvünə 6 kv. metr və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. Daimi qeydiyyatla yaşadıqları mənzilin yaşayış sahəsi (58,0 kv. metr) müəyyən edilmiş uçot normasından artıq olduğundan iddiaçının mənzil növbəsinə qəbul edilməsi üçün hüquqi əsas yoxdur. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Şəmkir rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 817018 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş və AA******* №li şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, xx.xx.1994-cü ildə Şəmkir rayonunda doğulmuş İddiaçı atası X10, anası isə X7r. Şəmkir rayon VVAQ şöbəsi tərəfindən xx xxxx 1994-cü ildə verilmiş İİ JQ seriyalı 431955 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 xx xxx 1994-cü ildə Gədəbəy rayonu, İvanovka kəndində vətənin müdafiəsi zamanı həlak olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 190 №li arayışdan müəyyən olunur ki, 1961-ci il təvəllüdlü X8 xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli SB/430 №li arayışda göstərilmişdir ki, “Verilir xx.xx.1994-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, onun mərhum atası 1967-ci il təvəllüdlü X10 xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonunun Yeni İvanovka kəndinin sərhəd zonasında xidməti vəzifəsini yerinə yetirərkən döyüş mövqeyini silahla tərk etmiş, ərazinin relyefini tam bilməməsi ucbatından qaranlıqda yolu itirmiş və qayadan yıxılaraq həlak olmuşdur. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli iş № 2(007)-286/2008 və Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli iş № 2(013)-1735/2007 saylı qətnaməsinə əsasən Şəhid hesab edilmişdir. Əsas: Şəhidlər kitabı sıra №125”. “Asan 5” xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan müəyyən olunur ki, İddiaçı xx xxxx 2010-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır və onunla yanaşı həmin mənzildə X11, X5, X12, X17 da qeydiyyatdadırlar. xx.xx.2016-cı il tarixdə verilmiş A 086465 №li Bakalavr diplomunun surətindən müəyyən olunur ki, Dövlət Attestasiya Komissiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı “Dinşünaslıq” bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyeystri Xidmətinin xx.xx.2020-ci il tarixli 05/2-2295/13 məktubundan müəyyən olunur ki, X12 xx.xx.1996-cı ildə Nizami rayon Qeydiyyat şöbəsində Qurbanova (Cəfərova) Rəna Misir qızı ilə nikaha daxil olmuş və bu nikahdan doğulmuş xx.xx.1997-ci il təvəllüdlü Lalə Qurbanovanın doğumu xx.xx.1997-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********37 №li xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 17, 61 saylı mənzil Bakı şəhəri 15 saylı DNK-nın dövlət notariusu Məmmədov A.K. tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il 2 “V” 206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməsinə əsasən X4 adına xx.xx.2010cu il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhər Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış İ-19 №li xx.xx.2015-ci il tarixli məktubda sonuncuya bildirilmişdir ki, 5 nəfər ailə tərkibi ilə (özü, anası, 2 bacısı, ögey atası) 1996-cı ildən daimi qeydiyyatla yaşadıqları 4 otaqlı mənzilin yaşayış sahəsi (58,0 kv metr) müəyyən edilmiş uçot normasından artıq olduğundan xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən mənzil növbəsinə dayanması üçün hüquqi əsas olmayıb. Həmin tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 №li Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası və müvafiq uçot normaları müəyyən edildikdən sonra hüququ yaranarsa mənzil növbəsinə qəbul edilməsi ilə bağlı məsələyə baxılacaqdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətlərinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş (sonuncu) 1-3-068 №li xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad; valideyn; 18 yaşına çatmamış uşaqlar; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar; qardaşlar və bacılar-uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı olan şəxs yoxdursa babalar və nənələr. Müraciətçinin atası X10 xx.xx.1994-cü ildə şəhid olduqdan sonra X3 təkrar nikaha daxil olmuşdur və 1996-cı ildən etibarən 5 nəfər ailə tərkibi ilə (iddiaçı, bacısı, anası, ögey bacısı və atası) daimi qeydiyyatla 4 otaqlı (58,0 kv.m.) mənzildə yaşayırlar. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər ailə üzvünə 6 kv. metr və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. Daimi qeydiyyatla yaşadıqları mənzilin yaşayış sahəsi (58,0 kv. metr) müəyyən edilmiş uçot normasından artıq olduğundan iddiaçının mənzil növbəsinə qəbul edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun: 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddəsinə görə, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və X9 Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. İşdən görünür ki, iddiaçı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvü kimi ögey atasına məxsus evdə qeydiyyatda olmaqla həmin mənzildə yaşayır və qeyd olunan mənzilin yaşayış sahəsi müəyyən edilmiş uçot normasından artıqdır. Məhkəmə cavabdehin imtinasını əsassız sayır. Belə ki, iddiaçının atası xx.xx.1994cü ildə şəhid olduğundan, bundan bir ay sonra, yəni xx.xx.1994-cü ildə doğulmuş iddiaçı da 23 yaşına çatana qədər (ali təhsil məktəblərində təhsil aldığı üçün) şəhid ailəsi statusuna malik olmuş, lakin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1993-cü ildə qəbul edilməsinə və həmin qanunla şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməli olmasına baxmayaraq, ötən müddət ərzində güzəştli mənzil növbəsinə götürülməmiş və mənzillə təmin edilməmiş, ondan asılı olmayan səbəbdən mənzillə təmin edilmədiyi üçün iddiaçının şəhid ailəsi kimi mənzillə təmin edilməsi hüququ pozulmuş, bu səbəbdən də hazırda mənzillə təmin edilməyə ehtiyacı olan şəxs olaraq qalmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hazırda yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi olan X4 ailə üzvü deyil və sonuncu tərəfindən övladlığa götürülməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır. Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilmişdir, edilir və ediləcəkdir. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarını ödəmək, şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Bu mənada məhkəmə qeyd edir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün müdafiəsinə qalxan şəxs Vətən uğrunda həlak olacağı halda Dövlətin və müvafiq qurumlarının onun ailəsinin yaşayış yeri və sair minimum ehtiyaclarını ödəyəcəyinə əmin olduğu üçün bu zirvəyə yüksəlir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyası da normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğunu tələb edir (149-cu maddənin İ hissəsi). Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərardakı hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar