Məhkəmə qərarları › İş №2-1(112)-3188/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3188/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3188/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 548329.24 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 813760 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Firması (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsıılu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2021 tarixə yaranan 576659.47 manat borcuna görə 813760 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022 tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2021 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 548329.24 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar; məhkəmə baxışı gedişində əsaslar, əmələ gəlmiş olsun. Vergi orqanı bu məbləğdə borcun hansı hesablamalar ilə dövriyyədən əmələ gəlməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməyə borcludur. Lakin belə sənəd və əsaslar mövcud deyil. 2020-ci il boyu "xxxx" Firmasının direktorunun Firmada hər hansı işgüzar fəaliyyəti olmamışdır. İşgüzar fəaliyyətinə xitam vermək üçün işdən çıxmış və ondan sonra müəssisəyə bir-birini əvəz edən iki direktor təyin edilmiş və hər iki direktor iş yerinə bir saatlıq belə buraxılmamışdır. Belə olan halda "xxxx" Firmasına analogiya ilə vergi tutmanın tətbiq olunması barədə hər hansı sənədin olmaması və bunu dəqiqləşdirmək üçün 06 yanvar 2023-cü il tarixdə iddiaçıya müraciət etmişdir. 2020-ci il dövründə "xxxx" Firmasının 456 manat 80 qəpik dövriyyəsi olmuşdur. "xxxx" Firması bu qədər vergi borcunun 2019-2020-2023-cü illərə qədər yaranmasını absurd hesab edir. Firmanın fəaliyyəti məcburi dayandırılmış idi. Həmçinin pandemiya dövründə "xxxx" Firmasının gərək 20 milyon manat dövriyyəsi olardı ki, 500 min manat mənfəət vergisi hesablanardı. Bəyananmə və hesabat dövrü 2020-ci il tarixi ilə qeyd edilmişdir. Halbuki həmin 2020-ci il hesabat dövründən də əvvəl 2019-cu il və bu gün 2023-cü ilə qədər Baki İnzibati ilə Baki Kommersiya Məhkəmələrinin Qərardadlari ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna şikayətləri təsdiq edilmişdir. "xxxx" Firmasının qanuni nümayəndələri ilə işçiləri vergi ödəmələrinin mənbəyi və predmeti sayılmaqla fəaliyyəti olan ünvan 1 ünvanından zorakı yol ilə “Cesko Mühafizə Şirkəti”nin dəstələri tərəfindən qovulmuş və içəri buraxılmamışdır. 2019-2023 tarixinə qədər "xxxx" Firmasının qeyri-yaşayış sahələrində icarədarlardan icarə haqqı Xalq Bank tərəfindən adlarını bilmədiyi insanlar tərəfindən yığılmış və hara ödənildiyi məlum deyil. Beləliklə, "xxxx" Firması vergi ödəyicisi kimi iddia üzrə ödədiyi vergi məbləğini təkrar ödəməyə məcbur edilə bilməz. Odur ki, vergi borcunun tələb edilməsi ilə əlaqədar iddiaçının hərəkətləri qanunsuz hesab edilməklə **********231400 №-li 14 noyabr 2022-ci il tarixli qərar ləğv edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı vergi orqanı belə məbləğdə borcun hansı hesablamalarla dövriyyədən əmələ gəlməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməyə borcludur. Lakin belə sənəd və əsaslar mövcud deyil. Belə sənədin alinmasi üçün Cavabdeh Firması xx.xx.2023 -cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində olmuş və ərizə ilə müraciət etmişdir. Ərizədə bildirilmişdir: “Xahiş edirəm ki, Cavabdeh Firmasına 2019-cu il mənfəət vergisi bəyannaməsinin təsdiq olunmuş surəti əlavələrlə birlikdə onlayn kargüzarlığa göndərilsin. Qeyd: sənədin cavabı onlayn kargüzarlığa gəlsin.” Məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin olunsa da, ünvanına belə cavab daxil olmamışdır. Qeyd olunan cavab alınmadığı halda işə baxıla bilməz. Belə ki, bu qədər vergi borcunun 2019-2020-2023-cü ilə qədər yaranmasını absurd hesab edir. Firmanın fəaliyyəti məcburi dayandırılmış idi və həmçinin pandemiya dövründə Cavabdeh Firmasının gərək 20 milyon manat dövriyyəsi olaydı ki, 500 min manat mənfəət vergisi hesablansın. Qərarın surətindən görünür ki, bəyannamə və hesabat dövrü 2020-ci il tarixi ilə qeyd edilib. Halbuki həmin 2020-ci il hesabat dövründən də əvvəl 2019-cu il və bu gün 2023-cü il tarixə qədər Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsinin qərardadları ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğa eyni rayon 16-cı polis bölməsini şikayətlərə dair qərar və qətnamələri ilə təsdiq olunub. Cavabdeh Firmasının qanuni nümayəndələri ilə işçiləri vergi ödəmələrinin mənbəyi və predmeti sayılmaqla, ünvan 1 ünvanından zorakı yolla “Cesko Mühafizə Şirkəti”dən olan şəxslər tərəfindən qovulmuş və içəri buraxılmamışdır. Bu barədə ictimailəşmiş video görüntülər ölkə mətbuatında yayılmışdır. 2019-2023 ilə qədər Cavabdeh Firmasının qeyri-yaşayış sahələrində icarədarlardan icarə haqqı “Xalq Bank” tərəfindən naməlum insanlar tərəfindən yığılmış və verginin hara ödənilmiş olduğu məlum deyil. Cavabdeh Firması vergi ödəyicisi kimi iddia tələbi üzrə ödəmiş olduğu vergi məbləğini təkrar ödəməyə məcbur edilə bilməz. Odur ki, vergi borcunun tələb edilməsi ilə əlaqədar cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə, **********231400 saylı xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 82.1. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. 82.3. Verginin məbləği bu Məcəllədə və ya ona müvafiq olaraq qəbul edilmiş qanunvericilik aktında müvafiq vergi üçün müəyyən edilmiş qaydada hesablanır. 82.4. Müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür). 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Qarşılıqlı iddiaçı Cavabdeh vergi ödəyicisi fəaliyyəti dövründə (2015-ci il daxil olmaqla) müvafiq əməliyyatlar üzrə bir dəfə hesablanmış və artıq ödədiyi vergi məbləğini təkrar ödəməyə məcbur edilə bilməz. Mövcud olmayan vergi borcunun tələb edilməsi ilə əlaqədar iddiaçı inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməklə **********231400 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən cavabdehə hüquqi yardım edilərək qarşılıqlı iddia ərizəsini qaldırmaq üçün subyektiv hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdehə ünvanlanmış vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə **********552300 saylı xx.xx.2022-ci il tarixli xəbərdarlıqda bildirilmişdir ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx/xx/2021 tarixli **********6 nömrəli Qərarına əsasən xx/xx/2022 tarixində 813760 manat dəyərində əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən siyahıya alınmış əmlaklar barəsində sərəncam vermək hüququna malik olmadığı üçün həmin əmlaklara sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Bununla əlaqədar olaraq siyahıya alınmış bu əmlaklara dair bağladığı əqdlər etibarsız hesab edilməklə həmin əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən məsuliyyətə cəlb ediləcəyi barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu və Cinayət Məcəlləsinin 303-cü maddələrinə əsasən xəbərdarliq edilmişdir. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. **********3 saylı xx.xx.2021-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh Firmasının xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 576659,47 manat, o cümlədən: vergilər üzrə 484134,90 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə ******* manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat borcu vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********6 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh Firmasının əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********477900 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********477900 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh Firmasının borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə 591360 manat dəyərində 4928 kv.m qeyri-yaşayış binası və 222400 manat dəyərində 0,278839 ha torpaq sahəsi siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün X3 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" firmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülki dövriyyə iştirakçılarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasına nail olma, qanunsuz sahibkarlıqla məşğul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli e-2- 2(113)-653/2020 saylı qətnaməsindən "xxxx" firmasının verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Cavabdeh Firmasının “özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülkü dövriyyə iştirakçılarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasına nail olma, qanunsuz sahibkarlıqla məşqul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********978900 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda Cavabdeh Firmasının (VÖEN: **********) xx.xx.2019-cu il taixli **********98 saylı icraat vərəqəsi üzrə xx.xx.2023-cü il tarixə 3097,37 manat ödənilməli olan borcu var. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********082100 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.2019cü il tarixli **********98 saylı icraat vərəqəsi üzrə 3097,37 manat ödənilməli olan borcu var. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasında tərəflər iştirak etməmişlər. İddiaçı ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə 591360 manat dəyərində 4928 kv.m qeyri-yaşayış binası və 222400 manat dəyərində 0,278839 ha torpaq sahəsinin siyahıya alınmış daşınmaz əmlakların cavabdehə məxsus olub-olmaması müəyyən edilmir, həmçinin əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraat aparılmamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında siyahıya alınmış daşınmaz əmlakların ümumi qiyməti 813.760 (səkkiz yüz on üç min yeddi yüz altmış) manat müəyyən edilsə də, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə cavabdehin qeyd olunan inzibati iş üzrə dövlət büdcəsinə yalnız 3097,37 (üç min doxsan yeddi manat otuz yeddi qəpik) manat ödənilməli borcunun qaldığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin cari borc məbləği siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar