Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-319/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən, hal-hazırda faktiki olaraq sahibliyində olan 411/2 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 21.05.1991-ci il tarixli, 6/387 №-li qərarı ilə 1 saylı orderə əsasən ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəsi 0,12 ha olan, hazırda faktiki olaraq sahibliyində olan 411/2 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsi, bağlar sahəsində 411/2 nömrəli bağ sahəsi 1972-ci il tarixində onun istifadəsinə verilmiş və həmin bağ sahəsinin ona təhlil verilməsi üçün 1991-ci il tarixində 1 saylı order tərtib edilmişdir. Qeyd edilən bağ sahəsinə dair həmin order ona veriləndən sonra o, öz ailə üzvləri ilə birlikdə həmin bağ sahəsindən istifadə edir. Lakin həmin bağın özəlləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edən zaman Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində bağ sahəsinin ayrılmasına dair adına order idarənin arxivində aşkar olunması, lakin soyadını "Məsumov” əvəzinə “Masumov” kimi qeyd edilmişdir. Ona verilən orderin üzərində soyadının “Masumov” yazılması həmin sənədin ona məxsus olması barədə faktın müəyyən edilməsi zərurətini yaratmışdır. Ona görə də o hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 411/2 nömrəli bağ sahəsinin İddiaçı ayrılmasına dair 1 saylı orderin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 411/2 nömrəli bağ sahəsinin İddiaçı ayrılmasına dair 1 saylı orderin ərizəçi İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədən şikayət verilmədiyinə görə 30 iyul 2019-cu il tarixində qanuni qüvvəsini almışdır. İdarənin ona ünvanladığı 06.05.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 223 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 411/2 nömrəli bağ sahəsinin ayrılmasına dair X10 (sənəddə olduğu kimi) oğlunun adına verilmiş 1 nömrəli order idarənin arxivində mövcuddur. Bu zərurət aradan qalxdığından o, faktiki sahiblik etdiyi Bakı şəhəri, Zirə qəsəbəsi, bağlar sahəsində 411/2 nömrəli bağ sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun alınması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin yenə də cavabdeh tərəfindən 04 oktyabr 2019-cu il tarixli, **********77 saylı məktubla ona bildirilmişdir ki, sözügedən bağ sahəsi bağların sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritəyə əsasən 411/2 nömrəsinin bu yerə aidiyyəti yoxdur, həmçinin bağ sahəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3255/2019 saylı iş üzrə məhkəmə qətnaməsi idarəyə daxil olmuş, lakin qanuni qüvvəsini alıması barədə məlumat yoxdur. Hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, sözügedən torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 6/387 nömrəli, 21 may 1991-ci il tarixli qərarına əsasən ona ayrılmışdır. Cavabdeh əsassız olaraq müraciətindən imtina edərək süründürməçiliyə yol vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər XDS İK-nın arxiv fondu üzrə 21.05.1991-ci il tarixli, 6/387 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 №-li qərarına əsasən 3 №-li Əlavəyə görə İddiaçı Məsur oğluna 223 №-li Zirə bağ-tikinti kooperativi tərəfindən bağ sahəsi ayrılmışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Zirə bağ sahəsindəki 223 №-li kooperativi tərəfindən verilmiş 1 №-li Orderin surətindən görünür ki, X4 Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 №-li qərarına əsasən Zirə bağlar sahəsində 223 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 411/2 №-li bağ ayrılmışdır. - Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 27.06.2019-cu il tarixli, 2(010)- 3255/2019 №-li qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ərizəsi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 411/2 nömrəli bağ sahəsinin X4 ayrılmasına dair 1 saylı orderin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edillmişdir. - Cavabdeh tərəfidən iddiaçıya ünvanlanmış 04.10.2019-cu il tarixli, **********77 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 411/2 saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən 411/2 nömrəsinin bu yerə aidiyyatı yoxdur. Qeyd edilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən bağ sahələrinin bölgüsünə dair sxematik xəritənin surətindən görünür ki, xəritədə 411 və 412 saylı bağlar qeyd edlmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2021-ci il tarixli, **********13 №-li məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 223 nömrəli bağ tikinti kooperativi nəzdində Xəzər rayonu, Zirə bağ massivində 411 və 412 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Məlumat üçün bildirilir ki, paylı mülkiyyət hüququ ilə hər birinə 1/2 hissə olmaqla X8 və X3 adlarına 243 nömrəli bağ tikinti kooperativi nəzdində ünvan ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmuşdur. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 №-li qərarına əsasən X6 Zirə bağlar sahəsində 10 №-li orderlə 243 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 412/1 №-li bağ sahəsi ayrılmışdır. Həmin orderə əsasən bağ sahəsinin plan və ölçüsü tərtib edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Cavabdehin 22.04.2021-ci il tarixli, **********78 nömrəli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırılma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 411/2 bağ sahəsinin sərhədlərinin iki tərəfi hasar, bir tərəfi dəmir tordan çəpər, bir (yol) tərəfində dəmir borular basdırılmışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və vahid məlumat bazası “NECAS” sisteminə əsasən Zirə Südçülük-Tərəvəzçilik sovxozunun Abşeron rayonunun istifadəçiliyində qalan hissəsində yerləşir, Abşeron ərazisinə düşür. - Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********04 №-li, 02.06.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş arayışdan görünür ki, iddia edilən torpaq sahəsinə baxış kecirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Bakı və Bakı ətrafı bağ sahələri barədə elekrton kadastr bazasında İddiaçı adına torpaq sahəsinin ayrılması, ölçülmüş əraziyə hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə heç bir məlumat aşkar edilmədiyi, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X7nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X7 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edilənlər kimi cavab verilmişdir: -Tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Vətəndaş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki 411/2 kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi 2042,0 kvm. təşkil edir (sənəd üzrə 1200,0 kvm.), iki tərəfdən daş hasarla, iki tərəfdən şərti sərhədlənib, üzərində tikili yoxdur. Bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından 411/2 bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik sovxozunun Abşeron rayonu İcra Hakimiyyətinin istifadəçiliyində qalan ərazilərdə yerləşir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3331 №-li, 06.08.2021-ci il tarixli məktubuna əlavə edilmiş 06.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 iyun 2021-ci il tarixli, **********04 nömrəli mütəxəssis rəyin əsasən iddia edilən torpaq sahəsinə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından 411/2 bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 iyun 2021-ci il tarixli, **********04 nömrəli mütəxəssis rəyin əsasən, təqdim olunan torpaq sahəsinin Zirə Südçülük-Tərəvəzçilik sovxozunun Abşeron rayonu İcra Hakimiyyətinin istifadəçiliyində qalan ərazilərdə yerləşdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyində İddiaçı 1 nömrəli order ilə ayrılmış 223 nömrəli BTK nəzdində olan 411/2 nömrəli bağ sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə münasibət bildirilmədiyindən bu sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 iyun 2021 -ci il tarixli, **********04 nömrəli mütəxəssis rəyin əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki 411/2 kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi 2042,0 kv.m təşkil etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 №-li qərarına əsasən 3 №-li Əlavəyə görə 223 №-li Zirə bağ-tikinti kooperativi üzvü kimi İddiaçı Məsur oğluna bağ sahəsi ayrılmış, 1 №-li orderə əsasən 223 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 412/1 №-li bağ sahəsi İddiaçı istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onun qanuni istifadəsində olmuşdur. İddiaçının həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi, sxematik xəritəyə əsasən 411/2 nömrəsinin iddiaçının iddia etdiyi yerə aidiyyatı olmaması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X7 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X7nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X7 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı faktiki istifadəsində olan və iddia etdiyi bağ sahəsi ona Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 №-li qərarı və Zirə bağ sahəsindəki 223 №-li kooperativinin 1 №-li orderi əsasında verilmişdir. Qanunvericiliyə görə müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X7 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər bağ sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Bundan əlavə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 2.1-ci bəndinə görə mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişahlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrinə verilir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Məhkəmə həmçinin qeyd edir ki, təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsünün 1200 kv.m qeyd edildiyinə baxmayaraq, faktiki olaraq 2042,0 kv.m torpaq sahəsindən istifadə edilməsi iddianın rədd edilməsinə əsas vermir. Belə ki, iddiaçı sənəd üzrə qeyd edilən 1200 kv.m bağ sahəsinə dair tələb irəli sürmüşdür. Bundan əlavə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı digər hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi halları məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni daimi istifadəsinə verilmiş 411/2 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qeydiyyatdan imtina üçün hallarla bağlı heç bir tutarlı dəlil təqdim etməmişdir. İddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 21.05.1991-ci il tarixli, 6/387 №-li qərarı ilə 1 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəsi 0,12 ha olan, hazırda faktiki olaraq sahibliyində olan 411/2 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 21.05.1991-ci il tarixli, 6/387 №-li qərarı ilə 1 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəsi 0,12 ha olan, hazırda faktiki olaraq sahibliyində olan 411/2 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-319/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-319/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver