Məhkəmə qərarları › İş №2-1(112)-319/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-319/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-319/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarların ləğvi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarların ləğvi və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmələr barədə ərizələr təqdim etmişdir. Sonuncu məhkəmə iclasında məhkəmənin iddia tələbinin dəqiqləşdirilməsi barədə təklifindən sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinə dəqiqləşmə edilərək cavabdehin 05 may 2021-ci il tarixli, 07 may 2021-ci il tarixli, 12 oktyabr 2022-ci il tarixli qərarlarının ləğv edilməsi, 02 aprel 2021-ci il tarixli yaşa görə pensiya təyin edilmə barədə qərarının məbləğinin 3474,55 manat kimi dəyişiklik edilməsi, iddiaçının 1-ci ixtisas dərəcəsinə görə ödənilmiş hər ay əmək haqqının 5 misli məbləğində öənişin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq artırılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsi və artıq pensiya ödənişi adı ilə tutulmuş pul məbləğinin iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Digər ərizələrin icraata qəbul edilməməsi, son iddia tələbinə dəqiqləşmə ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1992-2000-ci illər ərzində Azərbaycan Respublikası İqtisad Məhkəməsini sədr müavini vəzifəsində işləmiş, 2008-ci ilin mart ayından 2-ci qrup əlilliyi müəyyən edilmiş şəxs kim pensiya almışdır. Hal-hazırda sədr müavini pensiyasına uyğun olaraq pensiya alır. Ona təyin edilmiş pensiya növünün dəyişdirilərək yaşa görə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən pensiya məbləğinin azaldılması baş vermişdir. Belə ki, ixtisas dərəcəli hakim kimi minimum əmək haqqının 5 misli əlavə edilməklə pensiya məbləğinin hesablanması xahiş edilsə də, pensiya düzgün hesablanmamışdır. Hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqı həcmində pul məbləği fərqinin birdəfəlik ödənilməsi də xahiş edilsə də, cavabdeh tərəfindən 05 may 2021-ci il tarixli qanunsuz və əsassız qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin qərar ləğv edilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 25 fevral 2008-ci il tarixdən ikinci qurp əlilliyə görə sabiq hakim kimi pensiya təyin edilmiş, həmin pensiya məbləğlərinin bir-neçə dəfə yenidən hesablanması həyata keçirilmiş, 1 sentyabr 2019-cu il tarixindən vəzifə maaşı, staja görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı əlavə, yüksək hüquqi ixtisasa görə əlavə nəzərə alınmaqla 2762,11 manat pensiya məbləği müəyyən edilmişdir. Ona 01 sentyabr 2008-31 dekabr 2020-ci il tarixləri ərzində 319797,18 manat pensiya ödənilməli olduğu halda 422835,36 manat ödənildiyi aşkar edildiyindən artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin pul vəsaitinin geri qaytarılması barədə qanuni qərar qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 fevral 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı əlilliyə görə təyin edilmiş pensiyanın yaşa görə pensiya ilə əvəz edilməsi barədə müraciət etmişdir. 05 may 2021-ci il tarixli qərardan görünür ki, cavabdeh 01 sentyabr 2008-xx.xx.2020ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 103038,18 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb edilməsi zərurəti olduğunu qeyd edərək həmin məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. 16 may 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçının əvvəlki ərizəsi nəticəsində onun pensiya məbləğinin azaldılması ilə bağlı onun pensiyasının yenidən hesablanması barədə iddiaçı müraciət etmişdir. Cavabdehin 04 fevral 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ona 01 sentyabr 2008-31 dekabr 2020-ci il tarixləri ərzində 319797,18 manat pensiya ödənilməli olduğu halda 422835,36 manat ödənildiyi aşkar edildiyindən artıq ödənilmiş vəsaitin geri ödənilməsi barədə tədbir görüləcəkdir. Eyni zamanda, qeyd edilmişdir ki, Filial tərəfindən iddiaçının pensiyası 2762,11 manat müəyyən edilmişdir. Cavabdeh qeyd etmişdir ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində müavinət ödənilir. Həmin Qanunun 109-cu maddəsinə görə isə hakimlərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Göründüyü kimi qeyd edilən əlavələr sabiq hakimlərə yox, hazırda hakim işləyən şəxslər üçün nəzərdə tutulub. 07 yanvar 2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, iddiaçının pensiyası vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, qulluq stajına görə əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə nəzərə alınmaqla yenidən hesablanmaqla 2762,11 manat müəyyən edilmişdir. İddiaçının yaşa görə 02 aprel 2021-ci il tarixli pensiya təyini qərarından görünür ki, onun əmək pensiyasının məbləği 2762,11 manat olaraq müəyyən edilmişdir. 04 avqust 2021-ci il tarixli cavabdehin məktubunda qeyd edilmişdir ki, ixtisas dərəcəsinə görə əlavə haqqın əmək pensiyasında nəzərə alınması məsələsinə pensiyanın yenidən hesablanması zamanı əsas götürülmüş dövr ərzində həmin əlavənin ona ödənildiyinə dair müvafiq arayış təqdim edildikdən sonra baxılacaqdır. Bundan əlavə, iddiaçının işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrə edilən artımlar nəzərə alına bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarından görünür ki, iddiaçının pensiyasının miqdarı Qanunun xx.xx.2010-cu il tarixli dəyişikliyinə əsasən 01 oktyabr 2010-cu il tarixdən və xx.xx.2010-cu il tarixli Sərəncama əsasən 01 noyabr 2010-cu il tarixdən dəyişdirilərək yenidən hesablanılıb məbləğinin müəyyən edilməsi və ödənilməmiş fərqin ödənilməsi vəzifəsini pensiya orqanına həvalə etmişdir. Qərarın məzmunundan görünür ki, iddia yüksək hüquqi ixtisasına görə vəzifə maaşına görə 15 faiz əlavənin, səlahiyyətlərin yerinə yetirilməsinə görə 25 faiz əlavənin pensiyanın yenidən hesablanmasında nəzərə alınması ilə bağlıdır. Əmək pensiyasının yenidən hesablanması barədə 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, vəzifə maaşının artımı ilə əlaqədar iddiaçının əmək pensiyası vəzifə maaşı, yüksək hüquqi ixtisasa görə əlavə, qulluq stajına görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə nəzərə alınmaqla 3961,80 manat məbləğində müəyyən edilmişdir. Pensiya işində olan pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamdan görünür ki, iddiaçıya 01 sentyabr 2008-ci il tarixdə hesablanan pensiyasında 5 misli miqdarında ödəniş (375 manat) nəzərə alınmışdır. Eləcə də pensiya işində olan pensiyanın hesablanma cədvəlindən görünür ki, 5 misli miqdarında əlavə haqq nəzərə alınmaqla hesablama aparılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, ixtisas dərəcəli hakimlərə əlavə haqqın verilməsi barədə qərara əsasən əlavə haqqın verilməsinin təmin edilməsi barədə Ali Arbitraj Məhkəməsi sədri tərəfindən əmr verilmişdir. Əmrdən görünür ki, iddiaçıya birinci ixtisas dərəcəsi verilmişdir. 27 oktyabr 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, 01 yanvar 1994-31 dekabr 1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək haqqı ******* AZM təşkil etmişdir. 15 dekabr 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçıya ixtisas dərəcəsinə görə 01 yanvar 1994-01 iyul 2000-ci il tarixlərdə hər ay minimum əmək haqqının beş misli miqdarında əlavə haqq ödənilmişdir. Arayış Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. Cavabdehin 29 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, işlədiyi dövrdə şəxsin almadığı və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrə edilən artımlar pensiya məbləğinin hesablanmasında nəzərə alına bilməz. Bundan əlavə, iddiaçıya ixtisas dərəcəsinə görə əlavənin hansı tarixlər arasındakı dövr ərzində ödənilməsinə dair hər hansı qeyd yoxdur. Həmin əlavənin hansı tarixləri arasındakı dövr ərzində ödənilməsinə dair arayış pensiya orqanına təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddia 05 may 2021-ci il tarixli cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi hissəsində qanuni və əsaslıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki “Əmək pensiyaları haqqında” Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarının:

9. İnzibati orqanlar suverenlik daşıyıcıları olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirdikləri üçün əksər hallarda funksional vəzifələrinin icrası ilə bağlı konkret məsələni nizama salmaq məqsədilə müstəqil qaydada inzibati akt qəbul etmək və həmin aktları bir qayda olaraq qanunvericilikdə təsbit edilmiş məcburetmə vasitələri ilə özləri icra etmək imkanlarına malikdirlər. Belə inzibati aktlar iki kateqoriyaya aid edilirlər - pul tələblərinin ödənilməsinə dair və ya borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktlar.

10. Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Qanunvericiliyin, eləcə də Plenum Qərarının tələbindən də göründüyü kimi ayrı-ayrı müstəsna hallarda publik sferada yaranmış münasibətin tənzimlənməsi üçün inzibati orqan özü qərar qəbul etmək əvəzinə məhkəməyə müraciət etməklə həmin məsələnin həllinə nail ola bilər. Eləcə də 39.1-ci maddə ilə nəzərdə tutulmuş artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulması üçün də inzibati orqan yalnız o halda özü qərar qəbul edə bilər ki, həmin pul məbləğinin tutulması üçün pensiya təyin edilmiş şəxs yazılı razılıq vermiş olsun. Pensiya işindən isə görünür ki, iddiaçının bu formada razılığı mövcud deyildir. Odur ki, iddiaçıya artıq ödənilmiş pensiya məbləği mövcuddursa inzibati orqan bununla bağlı məhkəməyə müraciət etməli idi ki, iş materiallarından görünür ki, qanunvericiliyin, eləcə də inzibati məhkəmə praktikasının tələblərinə uyğun olmadan cavabdeh bu barədə 05 may 2021-ci il tarixli qərar qəbul etməklə, həmin vəsaitin ödənilməsinə nail olmağa çalışmaqla, məhkəmənin səlahiyyətində olan məsələyə müdaxilə etmişdir. Odur ki, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərar qanuni və əsaslı olmadığından ləğv edilməli, cavabdehə artıq ödənilmiş pensiya məbləğinin mövcudluğun istinad etdiyi hal hal-hazırda da mövcuddursa bununla bağlı Qanunun 39.1ci maddəsinə əsasən yazılı razılığın da olmadığı hal üçün məhkəməyə müraciət etməli olduğu diqqətinə çatdırılmalıdır. Cavabdehin 07 may 2021-ci il tarixli, 12 oktyabr 2022-ci il tarixli qərarlarının ləğv edilməsi, 02 aprel 2021-ci il tarixli yaşa görə pensiya təyin edilmə barədə qərarının məbləğinin 3474,55 manat kimi dəyişiklik edilməsi, iddiaçının 1-ci ixtisas dərəcəsinə görə ödənilmiş hər ay əmək haqqının 5 misli məbləğində öənişin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq artırılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsi və artıq pensiya ödənişi adı ilə tutulmuş pul məbləğinin iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsi hissəsində isə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi həmin qərarların qəbul edilməsi və qeyd olunan qərarların hüquqi nəticəsini ehtiva edən həmin tələbin verilməsi ilə nəticələnmiş inzibati mübahisə iddiaçıya verilmiş birinci ixtisas dərəcəsinə görə əlavə haqqın ödənilibödənilməməsi, əmək pensiyasının məbləği nəzərə alınarkən həmin məbləğin nəzərə alınıb-alınmaması ilə bağlıdır. Belə ki, cavabdeh əlilliyə görə əmək pensiyasının məbləği müəyyən edilərkən həmin ixtisas dərəcəsinə görə 5 misli miqdarında əmək haqqına əlavəni nəzərə almasına baxmayaraq iddiaçının mübahisələndirdiyi qərarlardan görünür ki, həmin məbləğ nəzərə alınmamış, vəzifə maaşı, qulluq stajına görə əlavə ixtisas dərəcəsinə görə əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə (son ikisi məhkəmə qərarı əsasında) nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği 2762,11 manat miqdarında müəyyən edilmiş, daha sonra da həmin məbləğlərə uyğun olaraq əmək pensiyasının sonradan hesablanması həyata keçirilmişdir. Pensiya işində olan qərarlardan görünür ki, iddiaçının 2762,11 manata endirilənə qədər olan 3474,55 manat olmuş, bu zaman pensiya işində olan miqdarın dəyişdirilməsi barədə sərəncam və pensiya hesablama cədvəlindən görünür ki, 5 misli miqdarında əlavə nəzərə alınmışdır. Lakin, pensiya işində olan sonrakı qərarlardan, eləcə də iddiaçıya ünvanlanmış məktublardan görünür ki, iddiaçı tərəfindən birinci ixtisas dərəcəsinə görə əlavə haqqın ödənilməsi barədə arayış cavabdehə təqdim edilmədiyindən növbəti hesablamar da həmin arayışların olmamasına istinad edilərək aparılmışdır. İş materiallarından da göründüyü kimi iddiaçıya adıçəkilən arayışlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin qərarların qəbul edilməsindən sonra təqdim edilmişdir. Yəni, adıçəkilən qərarlar inzibati orqan tərəfindən ləğv edilməsi tələb edilən qərarlar qəbul edilərkən cavabdehdə mövcud olmamış, cavabdeh də qanuni və əsaslı olaraq arayışın təqdim edilməməsi səbəbindən, yəni iddiaçının birinci ixtisas dərəcəsinə 5 misli miqdarında əmək haqqına əlavə almasını müəyyən etmədiyindən mübahisələndirilən digər qərarları qəbul etmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin 29 noyabr 2023-cü il tarixli məktubundan da göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən sənədlərdə, o cümlədən əmək haqqı barədə arayışda ixtisas dərəcəsinə görə hansı tarixlər arasındakı dövr ərzində ödənilməsinə dair əmək haqqına əlavənin ödənilməsini göstərən qeyd mövcud deyil. Yəni, arayış ümumi ödənişlərlə bağlı olmaqla, 5 misli miqdarında əlavəni müəyyən etmir. 15 dekabr 2023-cü il tarixli arayışda isə 5 misli məbləğində əlavənin ödənildiyi göstərilməsinə baxmayaraq adıçəkilən arayış göstərilən qərarla qəbul edilərkən cavabdehdə mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Eyni zamanda, inzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Göründüyü kimi inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın əvəz edilməsini həyata keçirməməlidir. Hal-hazırda göstərilən arayış və sənədlər məhkəməyə təqdim edilsə belə, inzibati orqan tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən həmin sənədlər cavabdehdə mövcud olmamış, cavabdehdə buna uyğun olaraq həmin qərarların qəbulu ilə nəticələnən inzibati icraat aparmışdır. Hazırkı mərhələdə göstərilən sənədlər təqdim edilsə belə, qeyd olunan hal cavabdehin qərarlar və hərəkətlərinin hər bir halda qanunsuzluğu ilə nəticələnməməlidir. Odur ki, iddiaçı həmin arayışlar və aidiyyəti digər sənədlər təqdim edilməklə 5 misli miqdarında ixtisas dərəcəsinə görə əmək haqqına əlavənin pensiyanın yenidən hesablanmasında nail olmaq niyyətindədirsə, bununla bağlı inzibati orqana müraciət etmək və buna dair imtina aldıqda məhkəməyə müraciət etmək hüququna malikdir ki, hazırkı halda bütün zəruri sənədlər təqdim edilmədən məhkəmə icraatı çərçivəsində aparılmış araşdırma inzibati orqana qarşı yönəlmiş geri qaytarma barədə qərar istisna olmaqla digər qərarların ləğv edilməsi və hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlmiş inzibati icraatın qanunsuzluğunun tanınması üçün yetərli deyildir. Odur ki, 07 may 2021-ci il tarixli, 12 oktyabr 2022-ci il tarixli qərarlarının ləğv edilməsi, 02 aprel 2021-ci il tarixli yaşa görə pensiya təyin edilmə barədə qərarının məbləğinin 3474,55 manat kimi dəyişiklik edilməsi barədə, iddiaçının 1-ci ixtisas dərəcəsinə görə ödənilmiş hər ay əmək haqqının 5 misli məbləğində öənişin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq artırılması, eləcə də həmin tələblərinin təmin edildiyi halda hüquqi nəticəsi kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi və artıq pensiya ödənişi adı ilə tutulmuş pul məbləğinin iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbləri rədd edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, pensiya məbləği yenidən hesablanarkən cavabdeh məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləğinin nəzərə alınıb-alınmaması barədə mübahisələndirilən qərarlar qəbul edilərkən düzgün olaraq qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarının göstərişləri nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Lakin, iddiaçı tərəfindən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği işlədiyi dövrdə alınmadığından və ondan sığorta haqqları tutulmadığından məhkəmə hesab edir ki, əmək pensiyasının məbləğinin hesablanması barədə cavabdeh tərəfindən qərar qəbul edilərkən həmin ödənişlərin nəzərə alınmaması qanuni və əsaslı olmuşdur. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Cavabdehin İddiaçı barəsində qəbul etdiyi 05 may 2021-ci il tarixli artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar