Məhkəmə qərarları › İş №2-1(112)-319/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-319/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-319/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Tağı-X7, Cavabdehin nümayəndəsi X2 Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 652 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qonşu 652a saylı bağ sahəsi ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemin təqdim edilməsi məqsədəuyğundur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki 652 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmaqla bu barədə çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Tağı-X16 ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivindəki 652 saylı bağ sahəsi 1945-ci ildən ailəsi tərəfindən kirayəyə götürülmüşdür. Əvvəlcə 652 saylı bağ sahəsinin sahəsi 1 hektardan çox idi. Torpaq sahələrinin faizi aşağı düşdüyündən bağ sahəsinin bir hissəsi digər kirayəçilər tərəfindən icarəyə götürüldü. 1950-ci illərin əvvəllərində 650 və 653 nömrəli bağ sahələri yarandı.1990-cı illərdə bağ sahəsi 0,25 hektardan 0,12 hektara endirildi. Nəticədə artıqlıq X13 veteranlarına verildi. Bağçasının ərazisində iki belə bağ sahəsi yarandı: Bu vaxta qədər göstərilən iki bağ sahəsinin, 652 və 652a əraziləri iki kirayəçiyə qeydiyyata alındı. Ümumi sahəsi 0,25 hektar olan, eni 25 m və uzunluğu 100 m olan hər iki bağ sahəsinin 1970-ci illərdə tikilmiş daş hasarı vardı və bağçanın ümumi ərazisi məftil hasarla hasarlanmışdır. Üstəlik, 652 saylı bağ sahəsi iddiaçıya, 652a saylı bağ sahəsi isə X3 adına qeydə alınmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, qonşu “652A” saylı bağ sahəsi ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-ci il tarixli, **********69 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -Bağ sahəsinin, tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 711 nömrəli, xx.xx.1989-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhər XDS İK-nin 1947-ci il tarixli protokoluna əsasən Şüvəlan qəsəbəsində 0,25 ha sahəsi olan 652 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmiş, müqavilənin xx.xx.1999-cu il tarixədək qüvvədə olması müəyyən edilmişdir. - İddiaçı Bağlar təsərrüfatının inkşafı və istismarı birliyinə ünvanlanmış xx.xx.1989-cu il tarixli ərizəsindən görünür ki, icarəsində olan bağ sahəsinin bir hissəsinin X5 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. - Bağ sahəsinin, tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 26036 nömrəli, xx.xx.1989-cu il tarixli müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində 0,12 ha sahəsi olan 652a saylı bağ sahəsi X4 istifadəsinə verilmiş, müqavilənin xx.xx.1999-cu il tarixədək qüvvədə olması müəyyən edilmişdir. - Bağ sahəsinin, tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 711 nömrəli, xx.xx.1989-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhər XDS İK-nin 1947-ci il tarixli protokoluna əsasən Şüvəlan qəsəbəsində 0,12 ha sahəsi olan 652 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmiş, müqavilənin xx.xx.1999-cu il tarixədək qüvvədə olması müəyyən edilmişdir. - İddiaçı Bağlar təsərrüfatının inkşafı və istismarı birliyinə ünvanlanmış xx.xx.1999-cu il tarixli ərizəsindən görünür ki, icarəsində olan 652 saylı bağ sahəsinə dair müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. - Bağın icarəyə verilməsi haqqında 711 nömrəli, xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində 0,12 ha sahəsi olan 652 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmiş, müqavilənin xx.xx.2009-cu il tarixədək qüvvədə olması müəyyən edilmişdir. İddiaçı hazırda həmin bağ sahəsinə hüququnun yarandığını iddia edərək mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq icarə müqaviləsini təqdim etmişdir. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, iddiaçının təqdim etdiyi müqavilə cavabdeh orqanda mövcud olmuş, İdarə iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı müqaviləni mübahisələndirməmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, 652a saylı bağ sahəsi ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemin təqdim edilməməsinə istinad etmişdir. Lakin işdə olan fotoşəkillərdən, 652a saylı bağ sahəsinin mülkiyyətçisi olan üçüncü şəxs Ç.Cəfərlinin izahatından görünür ki, 652 və 652a saylı bağ sahələrinin hər biri ayrılıqda hasarlanmışdır və müstəqil giriş-çıxışa malikdir. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 0.12 ha, faktiki torpaq sahəsi 0.1778 ha-dır və 578 kv.m artıqdır. Bağ sahəsinin sərhədləri şimal və qərb tərəfdən mişar daşı ilə hasarlanıb, cənub tərəfdən qonşu hasarla ayrılıb, şərq (dalan) tərəfin bir hissəsi 8 mişar daş ilə hasarlanıb, qalan hissəsi uçulub. Darvaza yoxdur, giriş sərbəstdir. Belə olan halda aydındır ki, iddiaçının cavabdehin tələbini təmin etməkdən imtina edərkən istinad etdiyi əsas mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən: - 3. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. - 4. Plan və ölçüdə aşağıdakılar göstərilir: - 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; - 5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən ümumi sahəsi 1200 kv.metr olan “652” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar